“Söz” ədəbi
layihəsinin təqdimatı keçirildi
Noyabrın 14-də
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Nizami Kino Mərkəzində “Söz” ədəbi layihəsinin
təqdimat mərasimi keçirildi.
Ədəbi-bədii gecədə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Fikrət Qoca, Bakıdakı Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin, xarici ölkələrin ölkəmizdə akkreditasiya olunmuş səfirliklərinin təmsilçiləri, mədəniyyət və ədəbiyyat xadimləri iştirak edirdi.
Tədbiri layihənin rəhbəri Nigar Həsənzadə açaraq layihə haqqında məlumat verdi. Bildirdi ki, “Söz” ədəbi layihəsi Azərbaycanın yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın artırılması, yeni istedadlı yazarların yaradıcılığının təşviq olunması məqsədi daşıyır.
Vurğulandı ki, layihə ölkəmizdə ədəbi və mədəni inkişafa öz töhfəsini verəcək: “Biz ədəbi axşamlar ənənəsini bərpa etmək üçün hər ay iki dəfə belə tədbirlər keçirməyi nəzərdə tutmuşuq. Bu tədbirlərdə arzu edənlər ölkəmizin ədəbiyyat korifeyləri, gənc yazarlar, eləcə də dünya ədəbiyyatı nümayəndələri ilə tanış ola biləcəklər”.
Mərasimdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar sözün insan həyatında və ünsiyyətində xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı. Yazıçı ədəbiyyata və söz sənətinə xidmət edən layihənin müsbət nəticələri olacağına əminliyini ifadə etdi: “Bütün etiqadlara görə həyatı yaşadan amillərdən biri də sözdür. Bizim ədəbiyyatımızı yaradan böyük söz ustalarının təbliğ edilməsinə bu gün çox böyük ehtiyacımız var. Son dövrlər müxtəlif səbəbdən ədəbiyyata maraq azalıb. Düşünürəm ki, həyata keçirilən bu cür layihələr həm ədəbiyyata, həm də ədəbiyyat adamlarına marağın yenidən artmasına töhfə olacaq”.
Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin nümayəndəsi Əli İhsan Çevik, Argentina, İspaniya, Böyük Britaniya, Rusiya və Yunanıstanın ölkəmizdə akkreditasiya olunmuş diplomatları çıxış edərək tədbiri maraqla qarşıladıqlarını bildirdilər. Qeyd etdilər ki, belə tədbirlər Azərbaycan ədəbiyyatının tanıdılmasına, dünya ədəbiyyatı nümayəndələrinin təbliğinə, eyni zamanda ölkələr arasında mədəni əlaqələrin daha da gücləndirilməsinə xidmət edir.
Sonra Azərbaycan kinosunun dəyərli nümunələrindən olan “Dədə Qorqud” filmindən fraqmentlər nümayiş olundu.
Tədbirdə Xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Azad Şükürov, Mələk Abbaszadə, aktyor Hikmət Rəhimovun təqdimatında böyük söz ustadlarımız Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Məhəmməd Füzuli və başqa klassik şairlərin yaradıcılığından nümunələr səsləndirildi. Xalq şairi Fikrət Qoca və Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu öz şeirlərini oxudular. Tədbir konsert proqramı ilə davam etdi.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 18
noyabr.- S. 6.