Avropada mədəniyyət siyasəti və təmayülləri

 

12-13 noyabr tarixlərində Polşanın Vroslav şəhərində Avropa Şurası, Polşa hökuməti və Avropa Müqayisəli Mədəni Tədqiqatlar İnstitutu (“ERİK-arts”) tərəfindən “Avropada mədəniyyət siyasəti və təmayülləri kompendiumu” adlı beynəlxalq layihənin milli müəlliflərinin 14-cü assambleyası keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin sektor müdiri, layihə üzrə Azərbaycanın milli müəllifi Yaşar Hüseynli iştirak edib.

Assambleyada “Mədəniyyətin istehlakı və mədəniyyətdə iştirak”, “Leqal məsələlər və mədəni insan hüquqları”, “Mədəni çeşidlilik və mədəniyyətlərarası dialoq”, “Mədəniyyətin maliyyələşdirilməsi - yaradıcılığın dəstəklənməsi” və s. mövzular müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Avropa Şurasının ən uğurlu layihələrindən hesab olunan, o cümlədən UNESCO-nun müvafiq konvensiyalarının monitorinqini aparan bu layihədə fəal iştirak edir. Hər il hazırlanan “Azərbaycanın mədəniyyət siyasəti” üzrə geniş milli məruzə müvafiq veb-portalda () yerləşdirilir.

“Avropada mədəniyyət siyasəti və təmayülləri kompendiumu” adlı beynəlxalq layihədə iştirak mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən bəhrələnmək, ən uğurlu nəticələri Azərbaycanda tətbiq etmək, digər tərəfdən ölkəmizin nailiyyətlərini Avropada və dünyanın digər dövlətlərində diqqətə çatdırmaq üçün əlavə imkanlar yaradır.

 

Mədəniyyət.- 2015.- 18 noyabr.- S. 4.