Avstriya ilə teatr əlaqələri müzakirə olunub

 

Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov Avstriyanın Azərbaycandakı səfiri Aksel Vexlə görüşüb. Görüşdə iki ölkənin teatrları arasında əlaqələr müzakirə olunub, gələcək əməkdaşlıqla bağlı söhbət aparılıb.

Milli Dram Teatrının Avropada qastrol səfərində olduğunu diqqətə çatdıran direktor Avropa dramaturqlarının əsərlərinə Azərbaycanda hər zaman böyük maraq olduğunu, teatrın səhnəsində Şekspirin, Şillerin, digər klassik müəlliflərin pyeslərinin tamaşaya qoyulduğunu vurğulayıb.

Direktor Avstriya teatrları ilə sıx əlaqələrin qurulmasında da maraqlı olduqlarını deyib: “İstəyirik ki, dünya teatr mühitində öz sözünü demiş Avstriya rejissorları ilə ünsiyyət quraq, bizim teatrda tamaşa hazırlamaq üçün həmin rejissorları dəvət edək. Eyni zamanda Avstriya dramaturqlarının əsərlərini teatrımızda səhnəyə hazırlamaq arzusundayıq”.

Səfir Aksel Vex Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə teatr sahəsindəki əlaqələrin genişlənməyində maraqlı olduğunu diqqətə çatdırıb. Diplomat bu sahədə əlaqələrin qurulması üçün Avstriya rejissorları ilə danışıq aparacağını bildirib: “Həmçinin Azərbaycandan teatrşünaslar Avstriyaya səfər edib oradakı teatr mühitini öyrənə, gələcək əməkdaşlıqla bağlı danışıqlar apara bilərlər. Avstriya Xarici İşlər Nazirliyi ilə də bu məsələni müzakirə edəcəyəm. Teatr sahəsində əməkdaşlıqla bağlı bütün təklifləri yüksək qiymətləndirirəm”.

 

Mədəniyyət.- 2015.- 18 noyabr.- S. 4.