Yaradıcı fəaliyyətə
verilən yüksək qiymət
Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim edildi
Noyabrın 16-da
Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin
müvafiq sərəncamları ilə təltif olunmuş mədəniyyət
və incəsənət xadimlərinə mükafatların təqdim
olunması mərasimi keçirildi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söhbət açdı, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini bildirdi. Vurğulandı ki, ulu öndər Heydər Əliyev tərəfindən mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğı bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən bəhs edən nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə xidmətlərini xüsusi qeyd etdi.
Bildirildi ki, ölkə rəhbərliyi bu ilin əvvəlindən müxtəlif sahələrdə çalışan insanların əməyini yüksək qiymətləndirərək onları mükafatlandırmışdır. Ölkə həyatının digər sahələrindən fərqli olaraq, mədəniyyət sahəsində təltif olunanların sayı daha çoxdur. Bu da özlüyündə mədəniyyət aləmində əldə olunan nailiyyətləri əks etdirir. Bu gün incəsənət ustalarımız müxtəlif ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Dünyanın dörd bir tərəfindən mədəniyyətimizin əks-sədası gəlir, Azərbaycan mədəniyyətinə dünya xalqlarının marağı günü-gündən artmaqdadır. Ölkəmiz dünya səviyyəsində daha geniş tanınır. Buna səbəb aparılan düzgün siyasət və ölkə rəhbərinin bu siyasətini dəstəkləyən insanlardır. Mədəniyyət və incəsənət ustalarının əldə etdikləri nailiyyətlər, onların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
Sonra ölkə Prezidentinin 14 sentyabr 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi”, "Əməkdar artist", “Əməkdar incəsənət xadimi”, “Əməkdar müəllim” fəxri adlarına layiq görülmüş şəxslərə fəxri adların vəsiqə və medalları təqdim olundu. Həmçinin ölkə başçısının 13 avqust 2015-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmuş Xalq artisti Afaq Bəşirqızına və 22 iyun 2015-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüş Rza Qoca oğlu Quliyevə və Cahangir Tokay oğlu Məmmədova mükafatlar təqdim edildi.
Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin 7 iyul 2015-ci il və 23 sentyabr 2015-ci il tarixli əmrlərinə əsasən "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunmuş şəxslər də mükafatlandırıldılar.
Əbülfəs Qarayev təltif olunan mədəniyyət və incəsənət xadimlərini təbrik edərək onlara gələcək işlərində, ölkəmizin, mədəniyyətimizin təbliğində yeni uğurlar arzuladı.
Xalq artisti Afaq Bəşirqızı, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə, Əməkdar artist Bəhram Bağırzadə və digərləri çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər.
L.Azəri
Mədəniyyət.- 2015.- 18
noyabr.- S. 3.