Filmlərimiz beynəlxalq
festivallarda
"Nabat" İstanbulda, “Axınla aşağı” filmi isə Romada festivala dəvət alıb
Elçin Musaoğlunun “Azərbaycanfilm” kinostudiyasında lentə aldığı “Nabat” bədii filmi noyabrın 20-dən 27-dək İstanbulda keçiriləcək III Boğaziçi beynəlxalq film festivalında nümayiş olunacaq. Kinostudiyadan verilən məlumata görə, film festivalın əsas müsabiqə proqramında yer alıb.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.
Rejissor Asif Rüstəmovun “Axınla aşağı” bədii filmi isə noyabrın 20-dən 28-dək Romada keçiriləcək 16-cı “Asiatica, Encounters with Asian Cinema” beynəlxalq film festivalının müsabiqə proqramında nümayiş olunacaq.
2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilən filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırıblar.
Xatırladaq ki, “Axınla aşağı” filmi
bu yaxınlarda Avstriyada keçirilən “LET’S CEE”
kinofestivalının “İddialı debüt” müsabiqə
proqramında mükafata layiq görülüb.
Mədəniyyət.- 2015.- 18
noyabr.- S. 3.