Mədəni əməkdaşlıqda medianın mühüm rolu var

 

Mətbuat Şurasında Türkiyə səfirliyinin müşaviri ilə görüş keçirilib

 

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni təyin edilən mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta noyabrın 17-də Azərbaycan Mətbuat Şurasında olub.

Şura sədri Əflatun Amaşov qonağa Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Türkiyənin Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlığın mövcudluğunu bildirən Ə.Amaşov birgə reallaşdırılmış layihələr barədə söz açıb.

M.Qaraçanta dost və qardaş Azərbaycanda məsul vəzifəyə təyinatından məmnunluq hissi keçirdiyini bildirib. Müşavirliyin Azərbaycan-Türkiyə mədəni əməkdaşlığının dərinləşməsinə gələcəkdə də ciddi önəm verəcəyini diqqətə çatdıran M.Qaraçanta bu baxımdan kütləvi informasiya vasitələri sahəsində işbirliyinin əhəmiyyətini önə çəkib.

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadenizin də qatıldığı görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Murat Qaraçanta 1959-ci ildə Türkiyənin Qars şəhərində anadan olub. Əslən azərbaycanlıdır. Uzun müddət İzmirdə mədəniyyət və turizm sektorunda rəhbər vəzifələrdə işləyib. Azərbaycan onun diplomatik fəaliyyətə başladığı ilk ölkədir.

 

Mədəniyyət.- 2015.- 20 noyabr.- S. 15.