“Günahsız Abdulla”

 

Bir tamaşanın tarixi

 

...1984-cü il. Mart ayının sonuncu səhəri... Ucqar dağ kəndində çiskinli havadır. Adamların ovqatı onsuz da dünəndən korlanıb, “Günhasız Abdulla”ya baxandan sonra...

Uzaq Borçalı mahalının Sarvan qəzasında iynənin ucu boyda günahı olmayan Abdullaya haqsızlıq olunub. Adam gözgörəti şərə düşüb. Bütün kənd Abdullanın müsibətindən danışır...

 

İllər sonra bu tamaşaya təkrar-təkrar baxıb məğzini anladıqca, onun uğurunun səbəbini, köklərini aradıqca tanınmış teatrşünas Aydın Talıbzadənin “Ustad və ayna” kitabından “Günhasız Abdulla”nın qapalı orbiti”ni xatırlayıram. Mənə elə gəlir ki, heç kim bu tamaşanı Aydın Talıbzadə qədər uğurlu təhlil etməyib, qaranlıqdakı detalların üstünə belə gur işıq salmayıb, günah və günahsızlığı sənətşünaslıq süzgəcindən belə məharətlə keçirməyib. Nəhayətdə, bu tamaşanın tərifini verib: “Azərbaycan teleteatrı üçün 62 dəqiqəlik ŞEDEVR”.

Şedevr hələm-hələm yaranmır. Onun təməlini gürcü yazıçısı Mixail Cavaxaşvili qoyub. Görkəmli rejissor Ramiz Həsənoğlu əsəri oxuyandan sonra istedadlı insanları ətrafına toplayaraq kefi istəyən bir teletamaşa hazırlayıb. Nəticədə bu tamaşa illərdir insanları gizli və aşkarda göz yaşında boğur...

 

31 ildən sonra şair, tərcüməçi, dramaturq Dilsuz Mustafayev “Günahsız Abdulla”nı belə xatırlayır:

- Bu əsərin müəllifi gürcü ədəbiyyatının klassiki Mixail Cavaxaşvilidir. Onun demək olar ki, bütün əsərlərində azərbaycanlı obrazı var. Mən televiziyada işləyən vaxtlarda Ramiz Həsənoğlu təklif elədi ki, “Günahsız Abdulla” povesti əsasında ssenari yazım. Bu teletamaşa Ramiz Həsənoğlu ilə bizim ilk işimiz idi. Tamaşanın musiqisini bəstəkar Cavanşir Quliyev yazdı. Abdulla rolunu Mikayıl Mirzə oynayırdı və mənə elə gəlir ki, onun heç bir oyunu “Günahsız Abdulla”dakı qədər uğurlu alınmayıb. Çünki Mikayıl Mirzənin xarakteri ilə o obrazın xarakterində üstü-üstə düşən məqamlar vardı.

“Günahsız Abdulla”da Mikayıl Mirzədən daha çox, Ramizin hərəkətləri yadımda qalıb. O, necə həyəcan keçirirdi, necə aşağı-yuxarı gedib-gəlirdi, necə əli ilə üzünü tuturdu. Mən Ramizi sakit adam kimi tanıyırdım. İş prosesində gördüm ki, o öz hisslərinə hakim ola bilmir. Kaş o məqamları gizli kamera ilə çəkib saxlamaq mümkün olaydı.

 

Bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev:

- Əslində o zaman biz böyük bir iş görəcəyimizi düşünmürdük. Ramiz televiziyanın rejissoru idi, bu tamaşa da onun planlı işlərindən biri idi. Ondan əvvəl “Topal Teymur” teletamaşasında birlikdə işləmişdik, ikinci işimiz “Günahsız Abdulla” oldu. O illərdə mənim teatr aləmində çoxlu rejissor, aktyor dostlarım vardı. Hərdən qədimi meydan teatrı barədə danışırdılar. “Günahsız Abdulla”nın meydan teatrı üslubunda tamaşaya qoyulması mənə daha maraqlı göründü.

İllər ötür, xatirimdə qalan odur ki, bu teletamaşada çox həvəslə işlədik. Nəticədə çox duyğulu tamaşa alındı. Düşünürəm ki, nə yaxşı o vaxt Ramiz bu tamaşanı hazırladı. Yoxsa Mikayıl Mirzədən nə qalacaqdı?

Teletamaşanın baş qəhrəmanı Mikayıl idi. Abdulla rolunu çox gözəl oynayırdı, sanki bu rol ona biçilmişdi.

Dediyim kimi, teletamaşada meydan teatrının ünsürləri vardı, hər şey tamaşaçının gözünün qabağında baş verirdi. Səhnə dəyişəndə belə, gözünün qabağında dəyişirdi. Onun televiziyada tətbiqini ilk dəfə Ramiz həyata keçirdi. Və o zamankı mütəxəssislərin dediklərinə görə teletamaşa uğurlu alınmışdı. Alınmasaydı bunca illərdən sonra biz o tamaşa barədə danışmazdıq ki.

O ki qaldı musiqiyə, tamaşaçılar yəqin ki, diqqət ediblər, tamaşanın musiqisində bir dənə də olsun musiqi aləti səslənmir. Hamısı insan səsləridir. Rejissorla belə qərara gəldik ki, tamaşanın musiqisini yalnız insan səsləri ilə həll edək. Əslində dünyanın ən gözəl musiqisi elə insan səsidir. Çünki insan səsinin rəngləri çoxdur. Bu hikmətin bir daha şahidi olduq və əmin olduq ki, insan səsiylə hətta tamaşanın da musiqisini qurmaq olar.

Tamaşada Abdullaya yerə-göyə sığmayan haqsızlıq edilir. Onu ifadə eləmək üçün çox duyğusal, emosional musiqi lazım idi. Tamaşada xor, duet, solo oxumalar var.

Musiqini çəkilişlərdən əvvəl yazdıq, çünki elə səhnələr var idi ki, musiqinin fonunda çəkilməli idi. Azərbaycan televiziyasının xorunu sərəncamımıza verdilər. Brilyant Dadaşova o zaman yeni-yeni oxumağa başlayırdı və onu hələ heç kim tanımırdı. Tamaşaya tanınmayan səs lazımdır, əgər belə olmasa, tamaşanın sirri itir, rejissorun məqsədi puç olur. Mahnılardan bir neçəsini Brilyant oxudu, kişi səsləri ilə olan mahnıları məcbur olub özüm oxudum. Çünki müğənni kimi məni kimsə tanımırdı. O üzdən musiqiləri çəkilişdən əvvəl bəstələdim, lentə alındı və ondan sonra çəkilişlər başladı.

Hər dəfə bu tamaşaya baxanda deyirəm, əcəba, bu bizim işimizdirmi? İnsan gənc olanda çox enerjili olur, çox müsbət hisslərlə irəli baxdığından əlindən çıxan işlər də elə işıqlı, həyatsevər, enerjili olur.

 

Rejissor, Xalq artisti Ramiz Həsənoğlu:

- Tamaşanın ideyası, deməzdim ki, birdən-birə yarandı. 1981-ci ildə Riqada teletamaşalar festivalı keçirilirdi. Mən də ora bir tamaşa aparmışdım. Festivalda Gürcüstandan gələn Tomaz Qodezişvili ilə tanış oldum. Onlar festivala Cavaxaşvilinin “Uçqun” romanı əsasında səhnələşdirilmiş gözəl bir tamaşa gətirmişdilər.

Festivalın bağlanışında Riqa televiziyasında çəkilişlər oldu, hərə bir fikir söylədi, mən də təklif elədim ki, qarşılıqlı təcrübə mübadiləsi olsun, məsələn, gürcü əsərini bizim rejissor tamaşaya qoysun, onlar da bizim əsəri tamaşaya qoysunlar. O görüşdən sonra Tomaz məsləhət gördü ki, Cavaxaşvilinin “Günhasız Abdulla” əsərini oxuyum.

Bakıya dönəndən sonra bu povesti tapıb oxudum. Məqsədimiz bu idi ki, mən bu əsəri Gürcüstan televiziyasında, gürcü aktyorları ilə hazırlayım, gürcü rejissoru da gəlib bizim televiziyada dramaturqlarımızdan birinin əsərini tamaşaya qoysun. Təəssüf ki, bu arzumuz həyata keçmədi, amma televiziyanın o vaxtkı rəhbəri Elşad Quliyev razılıq verdi ki, bu tamaşanın çəkilişlərinə başlayaq.

Dilsuza təklif elədim ki, əsəri tərcümə eləsin. Tərcümə elədi və finalı dəyişdi. Final belə idi ki, Abdulla məhbəsdən qaçıb Mustafanı öldürür. Bunu tuturlar, təzədən mühakimə eləyirlər və sonda bəraət qazanır.

Dilsuza dedim ki, gəl bunu öldürək. Belə də oldu, yadımdadır ki, tamaşa yaxşı mənada çox böyük səs-küyə səbəb oldu.

 

Haşiyə: İllər sonra teatrşünas Aydın Talıbzadə tamaşa barədə belə yazacaqdı: “Ramiz Həsənoğlu yaradıcılığında öz güclü energetikasına görə ikinci belə tamaşa yoxdur”.

 

- Mənim bioqrafiyamda o tamaşa çox möhkəm yer tutur. İllər keçir, o tamaşalar tarixə çevrilir, tamaşadakı insanların çoxu artıq həyatda yoxdu. Həyatda olanlara da Allah cansağlığı versin, yaşa dolublar. Mən o illəri nostalji hisslərlə xatırlayıram...

Tamaşanın musiqisi barədə isə onu deyə bilərəm ki, Cavanşirlə danışdıq ki, bu hadisə Azərbaycandan bir az kənarda, ancaq azərbaycanlıların məskunlaşdığı bölgədə baş verdiyindən bayatılardan, holavarlardan gələn bəzi xallarla yanaşı, gürcü elementlərindən də istifadə edək. O da bunları ustalıqla tamaşaya tətbiq elədi və çox gözəl nəticə alındı.

Dilsuz tamaşaya çox uğurlu bayatılar seçmişdi.

Aktyor seçmək də həmişə mənə çətin olub. Mən aktyor ailəsindənəm. Bilirəm, o aktyorlar nələr çəkir. O tamaşadan bir il əvvəl Mikayıla “Topal Teymur”da Şair Kirmani rolunu vermişdim. Heç bir tərəddüd eləmədən Abdulla rolunu da Mikayıla verdim.

Mənim iş prinsipim belədir ki, operatorla, aktyorla, rəssamla işimi çox dəqiq qururam. Və hamı bilir ki, mən nə istəyirəm. Xüsusi ilə aktyorlar. Mikayılda isə bir qədər fərqli idi. Mən onun fəhminə inanırdım. Üstəlik, bu tamaşanı meydan teatrı əsasında qururdum, meydan teatrının prinsiplərindən biri də odur ki, aktyora bir az sərbəstlik, meydan vermək lazımdır və Mikayıl bunu məndən xahiş elədi. Mən də ona meydan verdim...

 

“Günahsız Abdulla” - Mikayıl Mirzə

 

2004-cü ildə Xalq artisti Mikayıl Mirzə Aydın Talıbzadənin “Ustad və ayna” kitabının təqdimatında ona uğur gətirən bu teletamaşa, Ramiz Həsənoğlunun yaradıcılığı barədə çoxdan ürəyində gəzdirdiyi sözləri deməyə fürsət tapacaq və bu çıxışı lentin yaddaşına köçüb əbədiləşəcək. O çıxışdan bəzi məqamları xatırlamağa dəyər:

“...Tale elə gətirdi ki, Ramiz mənə Abdulla rolunu təklif elədi, gördüm ki, dəhşət bir roldur. Kiçik bir əsərdi, amma burda yerin-göyün günahları var. “Günahsız Abdulla” Azərbaycan televiziya teatrında yaranmış möcüzə tamaşalardan biri idi. Yaradıcısı Ramiz idi...

... Sonda mən özümü boğmurdum, Aydın çox gözəl deyib kitabda, əslində günahlarımı boğurdum. Mən Mustafanı boğduğum kəndiri əlimdə gətirmişdim. Və orda variantlar var idi, özümü nə cür boğum. Birinci dublda kəndir əlimdədir necə ki, şərf mənim əlimdə oyuncaq idi, indi əlimdə kəndir idi, bir də gördüm kəndir dolanıb ey mənim boynuma. Artıq mən boğulmuşam Ramiz sənətində, Ramiz kəndirində...

...Eşq olsun sənə, pultda qal, Ramiz!!!”

 

“Günhasız Abdulla”dan danışarkən teletamaşanın operatoru Eldar Məmmədovun, rəssam Rəfael Əlizadənin, eləcə də tamaşada iştirak edən Sofiya Bəsirzadə, Hamlet Qurbanov, Ramiz Məlikov, Səidə Quliyevanın adlarını çəkməli, hər bir aktyorun tamaşanın uğurunda payı olduğunu xatırlamalıyıq.

...Üstündən üç onillikdən çox ötsə də, “Günahsız Abdulla” unudulmadı və inanırıq ki, qarşıdakı onilliklərdə də unudulmayacaq. Haqsızlıq unudulmur ki...

 

Təranə Vahid

 

Mədəniyyət.- 2015.-20 noyabr.- S. 12.