Ən
yaxşı turizm istiqamətlərində “İlin kəşfi”
Ölkəmiz “National Geographic Traveler” müsabiqəsinin qalibləri sırasında
Azərbaycan “National Geographic Traveler” jurnalının “Ən yaxşı turizm istiqamətləri-2015” müsabiqəsində “İlin kəşfi” nominasiyasının qalibi olub.
Noyabrın 18-də Moskvada keçirilən təntənəli mükafatlandırma mərasimində qalib diplomu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya təqdim edilib.
"National Geographic" jurnalı ən məşhur istirahət növləri üzrə ilin ən yaxşı turist marşrutlarının müəyyən olunması məqsədilə "National Geographic Traveler Awards 2015" adlı müsabiqə - onlayn sorğu keçirib. Sorğu 29 iyun-10 noyabr tarixləri arasında "Çimərlik səyahəti", "Ailəvi səyahət", "Dağ-xizək səyahəti", "Ekskursiya səyahəti", "Kənd turizmi səyahəti", "Sağlamlıq səyahəti", "Eko-səyahət", "Macəra səyahəti", "“İlin kəşfi”, "Mətbəx turizmi səyahəti" və "Ekzotik turizm səyahəti" - ümumilikdə 18 nominasiya üzrə keçirilib.
Müsabiqədə 7 nominasiya üzrə (çimərlik, ekskursiya, dağ-xizək, macəra, sağlamlıq, ilin kəşfi və mətbəx turizmi) iştirak edən Azərbaycan "İlin kəşfi" nominasiyası üzrə birinci yeri tutub.
Səfir Polad Bülbüloğlu “National Geographic Traveler” jurnalının oxucularına təşəkkür edərək vurğulayıb ki, Azərbaycan turistlər üçün cəlbedici ölkədir. O deyib: “Gözəl mənzərələr, qonaqpərvər insanlar, dadlı mətbəx, Abşeronun mirvari çimərlikləri Azərbaycanı həm turistlər, həm də ölkəmizin qonaqları üçün cəlbedici edir”.
Diplomat Azərbaycanda həm qışda, həm də yayda gözəl istirahət üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb: “Azərbaycanda yeni dağ-xizək kurortları açılıb. Onlardan biri - “Şahdağ” Rusiya sərhədinin yaxınlığında yerləşir. Qəbələdə “Tufandağ” dağ-xizək kurortu, çox gözəl hotellər var. Bu şəhərdən Moskvaya birbaşa reyslər həyata keçirilir”.
Qeyd edək ki, sorğunun yekununa əsasən Azərbaycan həmçinin “Mətbəx turizmi” nominasiyasında ilk üçlüyə daxil olub.
Hər il keçirilən “Ən yaxşı turizm istiqamətləri” müsabiqəsi səyahətçilər üçün ən yaxşı istirahət yerlərini müəyyən edir, habelə yeni turizm marşrutlarının açılmasını stimullaşdırır. Azərbaycanla yanaşı, Tailand “Çimərlik istirahəti”, Xorvatiya “Ailəvi istirahət”, İsveçrə “Dağ-xizək istirahəti”, Çin “Ekskursiya”, İtaliya “Kənd turizmi”, Cənubi Koreya “Sağlamlıq istirahəti”, Malayziya “Ekoistirahət”, Yeni Zelandiya “Macəralı istirahət”, Yamal-Nenets Muxtar Dairəsi “Rusiya turizmi”, Fransa “Mətbəx turizmi”, Efiopiya “Ekzotik istirahət” nominasiyalarının qalibi olub. Bundan başqa, səsvermə çərçivəsində “Ən yaxşı aviaşirkət” - “Turkish Airlines”, “Ən yaxşı Rusiya aviaşirkəti” - “S7 Airlines”, “Ən yaxşı hotel şəbəkəsi” - “Anantara”, “Ən yaxşı çimərlik hoteli” - Seyşel adalarındakı “Maia Luxury Resort & Spa”, “Ən yaxşı internet-servis” - “Kayak.ru”, “Səyahətlər haqqında ən yaxşı veriliş” - “Pyatnitsa” telekanalının “Mir naiznanku” verilişi olub.
Aşağıdakı link vasitəsilə səsvermənin nəticələri ilə tanış ola bilərsiniz:
http://www.nat-geo.ru/ngt-awards-2015/nomination/
Mədəniyyət.- 2015.- 20
noyabr.- S. 9.