Turizm imkanlarımız Yunanıstanda nümayiş olunub

 

Yunanıstanın Saloniki şəhərində keçirilən 31-ci “Philoxenia” beynəlxalq turizm sərgisində Azərbaycanın turizm potensialı nümayiş olunub.

 

Yunanıstandakı səfirliyimiz tərəfindən təşkil olunmuş Azərbaycan guşəsinə dünyanın bir sıra turizm agentlikləri, eləcə də yerli əhali və jurnalistlər böyük maraq göstəriblər. Saloniki şəhər meriyasının yüksək vəzifəli şəxsləri, “Helexpo” şirkətinin rəhbəri və digər rəsmilər milli stendimizlə tanış olub, belə sərgilərin Azərbaycanı daha yaxından tanımaq üçün fürsət olduğunu vurğulayıblar.

Dörd gün davam edən sərgi çərçivəsində Azərbaycanın turizm potensialını əks etdirən promovideolar, habelə Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən təqdim olunmuş xeyli sayda jurnal və broşürlər, kitablar və milli musiqimizdən ibarət disklər nümayiş olunub. Azərbaycana səyahət üçün bələdçi nəşrləri, müxtəlif turpaketlər və turizm məkanları bilavasitə ziyarətçilərin diqqətinə çatdırılıb.

Yerli və xarici turoperatorlar Azərbaycanı turizm bazarında yeni məkan kimi dəyərləndirdiklərini, ölkəmizə təşkil olunan infoturlara qatılmaq niyyətlərini bildiriblər. Yunanıstan, Rusiya, Estoniya, Almaniya, Rumıniya, Bolqarıstan, ABŞ, Fransa və digər ölkələrdən olan turizm agentliklərinin ölkəmizdəki turizm imkanları ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Guşəni ziyarət edən qonaqlara Azərbaycanın nadir gözəllikləri, yaradılmış yeni turizm obyektləri və infrastruktur layihələri haqqında ətraflı məlumat verilib. Həmçinin www.azerbaijan.travel internet səhifəsinin Azərbaycanda turizmin inkişafı və turizm agentlikləri ilə əlaqələrin yaradılması üçün vasitə olduğu bildirilib. Bununla yanaşı, qonaqlar Azərbaycana viza alınması prosedurları ilə bağlı məlumatlandırılıb.

 

Mədəniyyət.- 2015.- 20 noyabr.- S. 9.