Nəğməyə dönən sənətkar ömrü

 

Xalq artisti Gülağa Məmmədovun 90 illik yubileyi qeyd olundu

 

Noyabrın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli müğənni, Xalq artisti Gülağa Məmmədovun 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.

 

Əvvəlcə tədbir iştirakçıları filarmoniyanın foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular. Sərgi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materialları əsasında tərtib edilmişdi.

Bəstəkar, SSRİ Xalq artisti Arif Məlikov sənətkarla bağlı xatirələrini jurnalistlərlə bölüşdü. Bildirdi ki, hər dəfə Gülağa Məmmədovu dinləyəndə insan keçmişə qayıdır və bəzən həmin gözəl günlərdən geri dönmək istəmir. Bu da ifaçının məlahətli və şirin, təmiz ifasının dinləyiciyə təsirindən irəli gəlir.

Yubiley tədbirində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Gülağa Məmmədovun Azərbaycan musiqi mədəniyyəti və ifaçılıq sənəti tarixində xidmətlərindən söz açdı.

Bildirildi ki, Gülağa Məmmədovun böyük məharətlə ifa etdiyi mahnılar Azərbaycan radiosu və televiziyasının “qızıl fond”unda qorunub saxlanılır. O, şirin, lakonik səsi ilə 600-dən artıq xalq və bəstəkar mahnısını ifa edib və bir çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri səsləndirib. Respublikada fəaliyyət göstərən əksər xalq çalğı alətləri ansamblları ilə yanaşı, bir sıra simfonik orkestrlərlə də birlikdə çıxışlar edib. Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının, Dövlət Musiqili Teatrının və 1952-ci ildən ömrünün sonunadək Azərbaycan Televiziyasının Səid Rüstəmov adına xalq çalğı alətləri ansamblının solisti olub. Xalq artistinin repertuarında yer alan xalq, bəstəkar mahnıları, təsniflərlə bərabər, muğam ifaçılıq məharəti də dinləyicilər tərəfindən hər zaman sevilirdi.

Ədalət Vəliyev qeyd etdi ki, milli ifaçılıq məktəbinin ənənələrini ləyaqətlə qoruyub yaşadan Gülağa Məmmədov eyni zamanda özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi zənginləşdirib. Sənətkarın uzunillik yaradıcılıq fəaliyyəti Azərbaycan musiqisinin unudulmaz səhifələrini təşkil edir. Onun ifasında “Oxu, gözəl”, “Həkim qız”, “Şeir deyilmi”, “Ana Kür” və s. mahnılar böyük populyarlıq qazanıb.

Nazir müavini Gülağa Məmmədovun sənətə gəlişinin tarixçəsini xatırladaraq onun əsl sənətkar ömrü yaşadığını vurğuladı. Diqqətə çatdırıldı ki, Gülağa 12 yaşında olarkən Üzeyir Hacıbəyli Moskvada keçiriləcək Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyünə “Koroğlunun ariyası”nı ifa etmək üçün elə bu yaşda istedadlı uşaq axtarırmış. Bəstəkar balaca istedadla tanış olur və onu Opera Teatrında keçiriləcək müsabiqəyə dəvət edir. Gülağa Ü.Hacıbəyli, Bülbül, S.Rüstəmov kimi görkəmli sənətkarların qarşısında çıxış edir və səsi bəyənilir. Beləliklə, 1938-ci ildə Moskvada Azərbaycan mədəniyyəti ongünlüyünün iştirakçısı olur. Böyük Teatrın səhnəsində maestro Niyazinin müşayiəti ilə “Koroğlu” operasından ifa etdiyi “Səni gördüm, aşiq oldum” ariyası böyük alqışlarla qarşılanır.

Sənətkarın nəvəsi Ramiz Təhmili çıxış edərək yubiley gecəsinin təşkilatçılarına ailələri adından dərin təşəkkürünü bildirdi.

Gecədə Gülağa Məmmədovun repertuarından “Vətənimdir”, “Ana Kür”, “Bakı gecələri”, “Gəlmədin”, “Şeir deyilmi”, “Gülərəm gülsən”, “Hardasan”, “Oxu, tar”, “Gecələr”, “Kor ərəbin mahnısı”, “Ayrılıq”, “Oxu, gözəl”, “Haralısan”, “İntizar”, “Qurban verərdim” və s. mahnılar ifa olundu. İfaçıları Azərbaycan Televiziya və Radiosunun S.Rüstəmov adına xalq çalğı alətləri orkestri və Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı müşayiət edirdi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 20 noyabr.- S. 6.