Elmi əməkdaşlıq
əlaqələri genişlənir
Noyabrın 19-da Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi ilə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Mərasimdə Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, institutun şöbə müdiri, professor Asif Rüstəmli, Elmi-Metodik Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, mərkəzin elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev iştirak ediblər.
Memorandumda UNESCO-nun maddi və qeyri-maddi irs
üzrə reprezentativ siyahısına daxil edilmiş Azərbaycan
mədəni irs nümunələrinin qorunması, tədqiqi
və təbliği, respublikamızın uğurlu mədəni
inkişafı və xalqımızın tarixi ənənəsinin
dünyaya daha da yaxından tanıdılması istiqamətində
aparılan davamlı dövlət siyasətinə birgə təşəbbüslərlə
dəstək verilməsi, milli mətbuatımızın nadir
nümunələrinin xarici ölkə arxivlərindən
aşkar edilməsi və elektron variantının gətirilməsi,
“Azərbaycan milli mətbuatının salnaməsi”
ensiklopediyasının hazırlanması və elektron
versiyasının yaradılması və digər istiqamətlər
nəzərdə tutulub. Memorandumun icrası üzrə
ekspertlərdən ibarət işçi qrupunun
yaradılması planlaşdırılır.
Mədəniyyət.- 2015.- 20
noyabr.- S. 6.