Muzey işinin təşkili və idarəedilməsində innovasiyalar

 

ABŞ mütəxəssislərinin iştirakı ilə seminar keçirilib

 

ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə məşhur Smitson (Smithonian) Muzey və Tədqiqat İnstitutunun mütəxəssisləri ölkəmizdə “Muzeylər, tarixi yerlər və mədəni mərkəzlərdə XXI əsr kuratorluğu üzrə müşahidələr” adı altında seminarlar keçiriblər. Smitson İnstitutu ABŞ-ın elmi-tədqiqat və maarifləndirici institutu və dünyanın ən böyük eksponatlar, muzey sərvətləri və artefaktlar saxlandığı muzeylər kompleksidir.

 

Noyabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən seminar “Muzey işinin təşkili və idarəedilməsində innovasiyalar” mövzusuna həsr olunmuşdu. Tədbirdə Smitson İnstitutunun aparıcı tədqiqatçı antropoloqu, institut muzeyinin Asiyanın mədəniyyəti tarixi proqramının direktoru, Asiya, Avropa və Orta Şərq etnologiyası üzrə kuratoru Pol Teylor, muzeyin Asiya mədəniyyəti tarixi proqramının tədqiqatçıları Cered Koller və Trevor Lumis Merrion, eləcə də azərbaycanlı alim və muzey mütəxəssisləri iştirak edirdilər.

ABŞ-ın ölkəmizdəki səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Stephen Quice seminarın keçirilməsi üçün yaratdığı şəraitə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi. İki ölkə arasında mədəni əməkdaşlıq, o cümlədən muzey işi sahəsində əlaqələrdən danışan S.Quice bu istiqamətdə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd etdi.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizin Amerika Birləşmiş Ştatları ilə mədəni əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini, mütəmadi olaraq müxtəlif mədəni tədbirlərin, o cümlədən muzey işi sahəsində əhəmiyyətli layihələrin həyata keçirildiyini vurğuladı: “Bu sırada ABŞ-ın Dövlət Departamenti tərəfindən Vaşinqton şəhərində keçirilən “Muzey inkişafı və idarəçiliyi üzrə beynəlxalq liderlik proqramı”nda iştirakı və Smitson İnstitutu ilə əməkdaşlığı xüsusilə qeyd etmək istəyirəm. ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə 2012-ci ildə Smitson muzeylər assosiasiyasının nümayəndə heyəti ölkəmizə səfər etmiş, Bakı və Naxçıvanda muzey işçiləri üçün seminar-treninqlər keçirmişlər. Bugünkü seminar muzeylərin fəaliyyəti ilə bağlı aktual mövzuya həsr olunub”.

Nazir müavini Azərbaycanda muzey işi sahəsində görülən işlər barədə məlumat verdi. Bildirdi ki, ölkəmizdə yeni muzeylər yaradılır, mövcud muzeylər bərpa edilir, ekspozisiyaları zənginləşdirilir, muzeylərin beynəlxalq əlaqələri genişlənir. Son altı ildə ölkə başçısı tərəfindən muzey sahəsi üzrə 15-dən çox sərəncam imzalanıb: “Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəni irsimizin qorunması və təbliği istiqamətində çoxşaxəli, yorulmaz fəaliyyəti xüsusilə qeyd olunmalıdır. 2007-ci ildə Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində muzey işinin təşkili baxımından digər muzeylərə nümunə ola biləcək Müasir İncəsənət Muzeyi, Qala qoruğunda Arxeologiya və Etnoqrafiya, Əntiq Əşyalar və digər muzeylər açılmış, mövcud ekspozisiyalar yenilənmişdir. Azərbaycan Xalça Muzeyi üçün yeni möhtəşəm bina inşa edilmişdir. Azərbaycan Milli İncəsənət Muzeyinin bir binasında əsaslı təmir və yenidənqurma işləri aparılmış, muzeyin binaları arasında müasir üslubda keçid bina tikilmişdir. Respublikamızın bir sıra şəhər və rayonlarında da müasir standartlara uyğun muzey binaları tikilmiş, yeni muzeylər yaradılmışdır. Bütün bunlar ölkə rəhbərliyinin mədəni irsimizin qorunmasına, muzey işinin inkişafına göstərdiyi diqqətin təzahürüdür”.

Sevda Məmmədəliyeva bildirdi ki, son illər Azərbaycan muzeyləri dünyanın aparıcı muzeyləri ilə əlaqələr qurub, beynəlxalq muzey əməkdaşlığı inkişaf etdirilir. Norveçin Stavanger Arxeologiya, Berlinin Etnologiya Muzeyi, Böyük Britaniyanın Viktoriya və Albert Muzeyi, Fransanın Milli Muzeylər İctimai Birliyi-Böyük Sarayı arasında əməkdaşlıq çərçivəsində bir sıra maraqlı tədbirlər həyata keçirilib.

Nazir müavini bu işlərin davamı olaraq Smitson İnstitutunun əməkdaşlarının iştirakı ilə keçirilən seminarların əhəmiyyətini vurğuladı.

Smitson İnstitutunun proqram direktoru Pol Maykl Teylor Azərbaycana növbəti səfərini yüksək dəyərləndirdi. O, 2007-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi, AMEA ilə birlikdə arxeoloji layihə həyata keçirdiklərini xatırlatdı. Bildirdi ki, layihə materiallarının toplandığı kitab yüksək qarşılanıb və dünyanın bir sıra tanınmış kitabxanalarına göndərilib.

Qonaq seminarda müasir muzeylərin fəaliyyətinin nəzərdən keçirilməsi, muzeylərdə informasiya texnologiyalarından istifadə, onlayn və adi sərgilərin hazırlanması barədə təqdimatlar olacağını diqqətə çatdırdı.

Tədbir zamanı muzeylərdə informasiya kommunikasiya texnologiyalarının tətbiqindən danışan amerikalı mütəxəssislər Azərbaycanın muzey idarəetməsi sahəsində dünya səviyyəsinə uyğunlaşdığını qeyd etdilər. Muzeylərə əlavə vəsaitlərin cəlb edilməsinin vacibliyi vurğulandı. Bildirildi ki, bunun üçün hər bir muzey diqqətçəkən layihələr həyata keçirməlidir.

Seminarda dünyada muzey olmayan, ancaq muzey xüsusiyyətləri daşıyan qurumlardan da söz açıldı. Bunlara örnək olaraq “Exson Mobil” şirkətinin incəsənət əsərlərindən ibarət kolleksiyasını, Dünya Bankının və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ofislərində qorunan incəsənət əsərləri haqqında bilgi verildi.

Xatırladaq ki, amerikalı mütəxəssislərin seminarları noyabrın 19-da Quba Tarix-Diyarşünaslıq Muzeyində, habelə “YARAT” təşkilatında, AMEA-da və Bakı Amerika Mərkəzində keçirilib.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 20 noyabr.- S. 5.