Qubada muzey işinə dair ABŞ mütəxəssislərinin mühazirələri

 

“Muzeylərdə, tarixi obyektlərdə və mədəniyyət mərkəzlərində XXI əsrin kuratorluğu” mövzusunun müzakirəsinə həsr edilmiş növbəti seminar noyabrın 19-da Quba Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunub. ABŞ-ın Azərbaycandakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi və AMEA tərəfindən birgə əməkdaşlıq əsasında reallaşdırılan seminara şimal bölgəsində fəaliyyət göstərən muzey və mərkəzlərin işçiləri qatılıb.

ABŞ-ın Smitson İnstitutunun aparıcı tədqiqatçı antropoloqu, “Asiyanın mədəniyyəti” tarixi proqramının direktoru Pol Teylor, proqramın tədqiqatçıları Cered Koller və Trevor Lumis Merrion seminarda çıxış ediblər.

Seminarda müasir muzeylərin fəaliyyətinin nəzərdən keçirilməsi, muzeylərdə informasiya texnologiyalarından istifadə, onlayn və adi sərgilərin hazırlanması ilə bağlı təqdimatlar da olub.

Sertifikatlar təqdim olunduqdan sonra seminar iştirakçıları Qubadakı “Günbəzli hamam” tarixi abidəsinə baş çəkiblər.

 

Mədəniyyət.- 2015.- 20 noyabr.- S. 5.