Kitabxana işçilərinin Şirvan zonası üzrə müşavirəsi keçirildi

 

Noyabrın 18-də İsmayıllı rayon uşaq kitabxanasında mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə kitabxana işçilərinin Şirvan zonası üzrə müşavirəsi keçirildi. Müşavirədə Şirvan şəhəri, Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ, Qobustan, Kürdəmir, Göyçay, Hacıqabul və Oğuz rayonlarının kitabxanaçıları iştirak edirdi.

 

Müşavirə müasir dövrdə kitabxanaların rolu, Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sisteminin (ALİSA) tətbiqi və digər aktual məsələlərə həsr olunmuşdu.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev əvvəlcə uşaq kitabxanası ilə tanış oldu. Kitabxananın fəaliyyəti, kitab fondu və oxucular barədə ətraflı məlumat verildi. Vaqif Əliyev burada yaradılan şəraitdən razılığını bildirərək, ölkəmizin hər bir guşəsində uşaq kitabxanalarının belə tərtibatda olmasının vacibliyini diqqətə çatdırdı.

Müşavirədə çıxış edən Vaqif Əliyev ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasının bölgələrin mədəni həyatına da müsbət təsir göstərdiyini, yerlərdə yeni muzeylər, musiqi məktəbləri, mədəniyyət mərkəzləri və kitabxanaların istifadəyə verildiyini bildirdi.

Qeyd olundu ki, kitabxana sahəsinin inkişaf etdirilməsi dövlətimizin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biridir: “Ölkəmizdə kitabxana şəbəkəsinin genişləndirilməsi, inkişafı ilə bağlı müvafiq dövlət proqramı və layihələr həyata keçirilir. Həmin layihələrdən biri də Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sisteminin (ALİSA) yaradılmasıdır. Sistem vasitəsilə ölkə kitabxanaları vahid şəbəkədə birləşdirilib. Bu da yeni dövrdə kitabxana-informasiya sisteminin qarşısında duran vəzifələrin öhdəsindən gəlməyə yönəlmiş bir addımdır”.

Eyni zamanda yerlərdə kitabxanaların işinin müasir səviyyədə təşkili ilə bağlı çatışmazlıqlara toxunan Vaqif Əliyev bildirdi ki, elektron informasiya əsrində kitabxanalar öz fəaliyyətini dövrün tələblərinə uyğun qurmalıdır: “Kitabxanaların geniş ictimai maraq doğuran mədəniyyət ocaqları kimi əvvəlki imicinin bərpasına, onların yeni reallıqlara uyğun informasiya təminatını həyata keçirməsinə nail olmalıyıq. Bu bir reallıqdır ki, informasiya texnologiyalarının inkişafı ilə əlaqədar dünyada kitabxanalara maraq azalıb. Bu məsələ üzərində işləməliyik, necə edək ki, kitabxanalara maraq artsın? İndi insanlar informasiyanı rahat və tez bir zamanda, vaxt itirmədən əldə etmək istəyirlər. Müasir texnologiyalar bu istəkləri həyata keçirməyə imkan verir. Buna görə də kitabxanalarımızın kitab fondlarının tam olaraq elektronlaşdırılmasına, yeni kitablarla təmin olunmasına və bu sahədə daha bacarıqlı kadrların işə cəlb olunmasına ehtiyacı var”.

Vaqif Əliyev regionlardakı kitabxanalarda ixtisaslı və alitəhsilli kadrların çatışmazlığının da narahatedici məqamlardan olduğunu dedi. Bu problemin aradan qaldırılması üçün regionlarda olan alitəhsilli gənclərin işə cəlb olunmasının vacibliyini vurğuladı.

Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova Şirvan zonasındakı Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində olan kitab fondları, görülən işlər, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi. Slayd vasitəsilə mövcud vəziyyəti təqdim etdi, eyni zamanda problemlər barədə danışdı. Kitabxanalarda hərbi-vətənpərvərlik mövzusunda, Milli Qəhrəmanlar haqqında tədbirlərin, dövlət, mədəniyyət, ədəbiyyat, elm xadimlərinin yubileylərinin, mütaliə həftəsi, şair və yazıçılarla görüşlərin keçirildiyi diqqətə çatdırıldı. Sektor müdiri kitabxana işçilərini dövlətçilik ənənələrinin, azərbaycançılıq ideyalarının təbliğində, tarixi və əlamətdar günlərin, ədəbi-bədii gecələrin keçirilməsində daha fəal olmağa çağırdı. Belə tədbirlərdə gənclərin iştirakının təmin edilməsinin vacibliyi vurğulandı.

Müşavirə kitabxanaların işinin daha da təkmilləşdirilməsi üçün müzakirələr və fikir mübadiləsi ilə davam etdi.

Kürdəmir MKS-nin direktoru Şahalı Şıxəliyev, Ağsu MKS-nin direktoru Cəbrayıl Bəsəlov, Oğuz MKS-nin direktoru Səhər Mikayılova, Şamaxı MKS-nin kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Afaq Şəfiyeva, İsmayıllı MKS-nin uşaq şöbəsinin müdiri Rəna Əzimova, Göyçay MKS-nin oxuculara xidmət şöbəsinin bölmə müdiri Səlmi Şıxəliyeva və başqaları çıxış edərək görülən işlərdən və mövcud çatışmazlıqlardan danışdılar.

Kitabxana və onların filiallarında xidmətin yüksək səviyyəyə çatdırılması, kitabxanaların maddi-texniki bazasının gücləndirilməsi, uşaqlar üçün “nağıl otaqları”nın yaradılması, kitabxana xidmətində internet və elektron resursların rolu, kənd kitabxana filiallarında internetə çıxış imkanları və başqa mövzularda müzakirələr aparıldı. İnteraktiv formada keçirilən müşavirədə kitabxana işçilərini maraqlandıran suallara cavab verildi.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxışında ALİSA sisteminin tətbiqi, rayon və şəhər kitabxanalarının əməkdaşları üçün keçirilən silsilə treninqlər barədə danışdı. Direktor yerlərdə kitabxanalarda kitab fondlarının daha da zənginləşdirilməsi üçün Milli Kitabxananın imkanlarından istifadəyə şərait yaradılacağını da bildirdi. Qeyd etdi ki, bunun üçün rayon-şəhər MKS-lər ehtiyac duyulan kitablar barədə Milli Kitabxanaya sorğu göndərməlidirlər. Daha sonra sorğuya cavab verilərək, həmin kitabların elektron variantı kitabxanalara göndəriləcək.

Sonra Azərbaycan kitabxanalarını vahid şəbəkədə birləşdirən Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sisteminin (ALISA) təqdimatı oldu. “Ultra” şirkətinin əməkdaşı Sərxan Məmmədov sistem haqqında ətraflı məlumat verdi. Bildirdi ki, sistem komplektləşdirmə, kataloqlaşdırma, elektron kataloq, idarəetmə və təşkilati struktur modulları, ətraflı axtarış, onlayn əməliyyatlar, rezervasiya, kitab verilişi, hesabat, statistika və digər modullardan ibarətdir. Sistemdən istifadə zamanı mütəxəssislər tərəfindən müşahidə edilən problemlər və onların həlli məsələləri də nəzərdən keçirildi. Kitabxana işçilərinin qarşılaşdığı çətinliklərin doğurduğu suallara aydınlıq gətirildi.

Müşavirəyə yekun vuran Vaqif Əliyev qarşıda duran vəzifələr və mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 20 noyabr.- S. 4.