Azərbaycan
UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzv
seçilib
Komitə “Ümumdünya irs siyahısı”na əlavələr edilən zaman həlledici səsə malikdir
Ölkəmiz
beynəlxalq miqyasda daha bir nailiyyətə imza atıb. Azərbaycan
Respublikası Birləşmiş Millətlərin elm, təhsil
və mədəniyyət təşkilatının - UNESCO-nun
ən mühüm orqanlarından olan Ümumdünya İrs
Komitəsinə üzv seçilib.
Qeyd edək ki, Parisdə UNESCO-nun 38-ci Baş Konfransı çərçivəsində noyabrın 18-də “Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiya”ya üzv dövlətlərin 20-ci Baş Assambleyasının iclası başlayıb. Noyabrın 20-dək davam edəcək toplantının əsas gündəm maddələrindən biri Ümumdünya İrs Komitəsinə seçkilərdir.
Baş Assambleyanın 18 noyabr iclasında Ümumdünya İrs Komitəsinə səsvermə keçirilib və Azərbaycan quruma üzv seçilib. Komitə “Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiya”ya uyğun olaraq fəaliyyət göstərir və “Ümumdünya irs siyahısı”na əlavələr ediləndə yekun və qərarverici səsə malikdir. Komitə həmçinin UNESCO-nun Ümumdünya İrs Fondunun istifadəsini müəyyənləşdirir, “Ümumdünya irs siyahısı”na artıq əlavə olunmuş irs nümunələrinin konservasiyasına nəzarət edir və “Təhlükə altında olan irs siyahısı”na əlavələr etməyə qərar verir.
Komitəyə üzv seçilməyimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi, eləcə də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, UNESCO yanında daimi nümayəndəliyinin və Xarici İşlər Nazirliyinin birgə səyi nəticəsində gerçəkləşib.
Ölkəmizin Ümumdünya İrs Komitəsinə seçki kampaniyası çərçivəsində oktyabrın 15-də Parisdə, UNESCO-nun mənzil-qərargahında Azərbaycan mədəni irsinin təqdimatı təşkil edilmişdi.
Xatırladaq ki, 2000-ci ildə Qız qalası və Şirvanşahlar sarayı ilə birgə İçərişəhər kompleksi, 2007-ci ildə isə Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Ümumdünya İrs Komitəsinə səsvermədə
uğur qazanmağımız ölkəmizin dünya irsinin
qorunmasında rolunu artırmaqla yanaşı, Azərbaycanın
milli-mədəni irsinin təşviqində və
qorunmasında böyük rol oynayacaq.
Mədəniyyət.- 2015.- 20
noyabr.- S. 3.