“Milan Expo”dakı
pavilyonumuz Bakıya köçürüləcək
Altı ay ərzində milli pavilyonumuzu 3 milyondan çox insan ziyarət edib
“Milan Expo 2015”
ümumdünya sərgisində Azərbaycanın
iştirakının yekunları ilə əlaqədar
noyabrın 19-da Heydər Əliyev Mərkəzində mətbuat
konfransı keçirilib.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, “Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” devizi altında keçirilən sərgiyə maraq həddindən artıq böyük olub.
Qeyd edilib ki, “Milan Expo 2015”də dünyanın 145 ölkəsindən yalnız 54-ü, o cümlədən Azərbaycan öz milli pavilyonunu təqdim edib. “Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” adlandırılan dördmərtəbəli, təxminən 2 min kvadratmetr ərazidə təşkil olunan milli pavilyonumuzun təməli 2014-cü ilin iyulunda qoyulub. İyirmi beş ay ərzində 300 nəfərdən ibarət işçi qrupu ümumdünya sərgisində Azərbaycan pavilyonu layihəsinin hazırlanmasında iştirak edib. “Milan Expo 2015” sərgisində Azərbaycan milli pavilyonu Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil olunub. Bu il mayın 1-də pavilyonun açılışı keçirilib.
Mərkəzin direktoru bildirib ki, ümumilikdə altı ay ərzində 23 milyondan çox insan “Milan Expo 2015” sərgisini ziyarət edib. Bu müddət ərzində Azərbaycan milli pavilyonunda 3 milyon 250 mindən çox ziyarətçi olub. Anar Ələkbərov pavilyonun ərazisində, həmçinin “IDEA Biomüxtəliflik Parkı”nın olduğunu qeyd edib. Ərazisi 400 kvadratmetr olan parkda Azərbaycanda IDEA tərəfindən həyata keçirilən ekoloji layihələr, flora və faunanın, nəsli kəsilməkdə olan heyvanların qorunması üzrə tədbirlər barədə məlumat verib. Parkda quraşdırılmış böyük monitorlar vasitəsilə Bakıda keçirilən birinci Avropa Oyunları nümayiş etdirilib.
Mərkəzin direktoru “Milan Expo 2015” sərgisinin başa çatmasından sonra Azərbaycan milli pavilyonunun ölkəmizə köçürüləcəyini deyib: “Biz istərdik ki, pavilyonu Azərbaycanın ən gözəl guşələrindən birində quraşdıraq. Pavilyonun Bakıda, dənizkənarı bulvarında quraşdırılması məsələsinə baxılır”.
Pavilyonun memarı Rikardo Ciqolotti Azərbaycanın
ecazkar təbiətə, zəngin mədəniyyətə
malik olduğunu qeyd edib, layihəni hazırlayarkən bu
elementlərə xüsusi fikir verdiyini söyləyib.
Mədəniyyət.- 2015.- 20
noyabr.- S. 3.