Ölkəmiz Şanxayda mədəniyyət festivalında və Bratislavada Milad bazarında təmsil olunub

 

Şanxayda təhsil alan azərbaycanlı tələbələr Şərqi Çin Pedaqoji Universitetində təşkil olunan ənənəvi beynəlxalq mədəniyyət festivalında ölkəmizi uğurla təmsil ediblər. Festival müxtəlif ölkələrdən olan tələbələrin öz xalqlarının mədəniyyətini nümayiş etdirmək və mədəniyyət mübadiləsini təşviq etmək məqsədi daşıyır.

Şanxaydakı müxtəlif universitetlərdə təhsil alan tələbələrimiz Azərbaycanın zəngin mədəniyyətinə, tarixinə, hazırkı inkişafına və turizm potensialına dair materiallar - kitablar, broşürlər, şəkillər, suvenirlər nümayiş etdiriblər. Faiq Hacıyev, Rəna Abdullayeva və Zamir Qurbanovun təşkil etdiyi Azərbaycan pavilyonunda milli rəqslərimiz ifa olunub, qonaqlara mətbəximizin ləziz nümunələri təklif edilib.

 

* * *

Slovakiyanın paytaxtı Bratislavada 24-cü Milad xeyriyyə bazarı keçirilib. Tədbirdə ilk dəfə ölkəmiz də təmsil olunub. Azərbaycan səfirliyinin Slovakiyadakı ofisi tərəfindən milli mətbəximizin çeşidli və ləziz nümunələri tədbir iştirakçılarına təqdim edilib.

Tədbirin açılışında Slovakiya Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Miroslav Layçak diplomatik nümayəndəliklərə və digər iştirakçılara təşəkkürünü bildirib.

Ölkəmizin masasında təqdim edilən milli xörəklərimiz və məhsullarımız qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir zamanı milli yeməklərin və məhsulların satışından əldə edilmiş gəlir Bratislava Beynəlxalq Qadınlar Klubu tərəfindən xeyriyyəçilik layihələrinə sərf ediləcək.

 

Mədəniyyət.- 2015.- 25 noyabr.- S. 16.