“Bizim kino günləri” davam edəcək

 

Yeni layihə Azərbaycan kinosunun təbliğinə, bu sahədə peşəkarlıq məsələlərinin müzakirəsinə həsr olunub

 

Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə “Bizim kino günləri - audiovizual məkanda peşəkarlıq” layihəsi həyata keçirilir.

 

Layihə son illər kinostudiyada istehsal olunan filmlərin nümayişi və milli kinomuzun inkişafı ilə bağlı müzakirələr formatında nəzərdə tutulub. Bu çərçivədə “Axınla aşağı”, “Nabat”, “Dərs” və “Yarımçıq xatirələr” filmləri Nizami Kino Mərkəzi, “Park Cinema” və “28 Cinema” kinoteatrlarında nümayiş etdirilir.

Noyabrın 20-də ilk tədbir Nizami Kino Mərkəzində gerçəkləşdi. Tədbirdə çıxış edən layihənin ideya müəllifi, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov əsas məramlarının media nümayəndələri ilə birlikdə Azərbaycan kinosunda gedən prosesləri müzakirə etmək, onları yeni layihələr haqqında məlumatlandırmaq olduğunu dedi. O, son dövrlər çəkilən filmlərin müzakirə, təhlil və tənqid edilməsi məqsədilə KİV nümayəndələri ilə bir yerdə kinoklub yaradılması ideyasını irəli sürdü. Layihə Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası və bu sahədə peşəkarlıq məsələlərinə həsr olunub.

Qeyd edildi ki, kino incəsənətin ən çox tamaşaçı yığan, texnoloji inkişafla uğurlar qazanan sahəsi olmaqla, eyni zamanda böyük kommersiya sahəsidir: “Biz çalışırıq ki, bu sahəni müasir dövrün tələblərinə uyğun quraq, peşəkarlara diqqət ayıraq. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə gənc peşəkar kino işçilərinin Azərbaycan kinosuna cəlb edilməsi yolunda layihələr həyata keçiririk. Bunun nəticəsində 2014-cü ildə filmlərimiz 52 beynəlxalq festivalda nümayiş olunub, mükafatlar qazanıb. Bu festivallar nəticəsində müştərək film çəkilişləri üçün təkliflər almışıq. Hazırda filmlərimizin prokatı Avropadan Cənub-Şərqi Asiyayadək bir çox ölkələri əhatə edir”.

M.Hətəmov kinonun təhlilində peşəkar jurnalistlərə ehtiyac olduğunu diqqətə çatdırdı: “İstərdik ki, bu yöndə kinoşünaslar və jurnalistlərlə birgə kinoklubumuz fəaliyyət göstərsin. Müasir dövrdə dünya kinosunda baş verən hadisələrin təhlili, təəssüflər olsun ki, mütəxəssislərimiz tərəfindən düzgün qiymətləndirmir. “Azərbaycanfilm” yaradıcı prosesin düzgün qurulması məsələsini qarşıya əsas məqsəd kimi qoyur. Bura işıqçıdan səs rejissoruna, rekvizitə qədər bütün sahələr daxildir. Dünyada bu sahələr inkişaf edir, biz isə geridə qalırıq. Hazırda bu sahədə xarici ölkələrdə təhsil alan heyətimiz var. Bu gün filmlərin istehsalında əsasən öz mütəxəssislərimiz yer alır. Kino bəstəkarlığı sahəsində də müəyyən işlər görürük. Bir sözlə, Azərbaycan kinosunu yenidən inkişaf etdirmək istəyirik. Kinodan yazan peşəkar jurnalistlər lazımdır ki, bizi qərəzsiz tənqid etsin və bunun sayəsində inkişaf edək, rəqabət apara bilək”.

Direktor kinostudiyada həyata keçirilən yeni layihələrdən də danışdı. “Nar”, “Köşk” filmləri, “Qarabağ” və “Qərbi Azərbaycan” layihələri haqqında məlumat verdi. Onun sözlərinə görə, xarici ölkələrdə yaşayıb təhsil alan azərbaycanlı rejissorların çəkdikləri “Motivlər” kinoalmanaxının növbəti filmləri gələn ilin fevralında təqdim olunacaq. Üçüncü kinoalmanax üçün müsabiqə elan ediləcək.

 

* * *

“Bizim kino günləri - audiovizual məkanda peşəkarlıq” layihəsinin ilk günü rejissor Asif Rüstəmovun “Axınla aşağı” bədii filmi nümayiş olundu.

Nümayişdən sonra layihənin müəllifləri, filmin yaradıcı heyəti və media nümayəndələri “Azərbaycan kinematoqrafiyasında ailə dəyərləri” mövzusunda müzakirələr apardılar.

Filmdə baş rolu oynayan Namiq Ağayev fikirlərini bölüşdü: “Rejissorumuz çox tələbkar idi. Rejissor dostlarımıza həmişə deyirəm ki, hissin estetikası olmur, amma rejissorluğun olur. Ona görə də çalışın öz rejissor estetikanıza uyğun olaraq obrazdakı hisslərimi tənzimləyəsiniz. Başqalaşma məktəbini nə qədər bacarsaq da, insan yenə də öz məğzində qalır və tamaşaçı da bunu hiss edir. Film haqqında jurnalistlərin və kinoşünasların fikirləri bizim üçün çox maraqlıdır”.

Tədbirdə yeni çəkilmiş Azərbaycan filmlərinin televiziyalarda, həmçinin paytaxtda və bölgələrdəki kinoteatrlarda nümayişi məsələsi də müzakirə olundu.

Dekabrın 8-dək davam edəcək layihənin növbəti mərhələlərində görüşlər və müvafiq mövzular ətrafında fikir mübadiləsi nəzərdə tutulur.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 25 noyabr.- S. 11.