ADMİU-nun
müəllimi İstanbulda ustad dərsləri keçib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimi və doktorantı, Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı, bəstəkar-pianoçu Pikə Axundova-Talıblı noyabrın 16-dan 18-dək İstanbuldakı Memar Sinan Gözəl Sənətlər Universitetinin Dövlət Konservatoriyasında bəstəkarlar forumunda iştirak edib. O, universitetin tələbə, magistr, doktorant və müəllim heyəti qarşısında seminar-dərslər keçib.
Birinci seminarı musiqişünaslıq kafedrasının rəhbərliyinin təklifi ilə P.Axundova-Talıblı öz müəllimi, Xalq artisti, akademik Arif Məlikovun həyat və yaradıcılığına həsr edib. İştirakçılar bəstəkarın yaradıcılığı haqqında ətraflı məlumat alıb, müxtəlif janrlarda əsərlərini dinləyiblər.
Növbəti gün forum iştirakçılarının istəyi ilə P.Axundova-Talıblı öz əsərlərini onlara ifa edib. Bəstəkarın fortepiano konserti, simfoniyası və kamera-instrumental əsərləri böyük maraqla qarşılanıb. O, həmçinin Azərbaycanda bəstəkarlıq məktəbi, gənc bəstəkarların təhsili, tədris proqramı və s. məsələlər ətrafında söhbətlər aparıb.
18 noyabr tarixində isə bəstəkarın apardığı seminar Azərbaycan musiqisinin tarixinə həsr olunub.
Qeyd edək ki, bu, Pikə
Axundova-Talıblının Memar Sinan Universiteti ilə ilk əməkdaşlığı
deyil, o, 2010-cu ildə universitetin konservatoriyasında solo konsert
proqramı ilə çıxış edib. Səfər Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşib.
Mədəniyyət.- 2015.- 25
noyabr.- S. 11.