80 yaşın təntənəsi
Görkəmli rejissor, Xalq artisti Ağakişi Kazımovun yubileyi qeyd olundu
Azərbaycan mədəniyyətinin, teatr sənətinin inkişafında xüsusi xidmətləri olan, ömrünün 40 ildən artıq dövrünü gənc rejissorların yetişməsinə sərf edən sənətkar, milli teatrımızın qocaman təəssübkeşi, səhnədən-səhnəyə boy alan saysız maraqlı əsərlərin quruluş müəllifi özünün ömür qatarının 80-ci dayanacağında həyat-səhnə quruluşlu bir tamaşa təşkil etdi. Bu mənalı ömrün anlara sığışdırılan, sadə mizanlarla dolğun ömrə səyahət tamaşasına təmtəraqsız ab-hava, səmimi münasibət, xoş rəftar və ən əsası sevgi nümayişi ayrı bir ovqat qatmışdı. Hər kəs Azərbaycan teatrının canlı ensiklopediya olan ağsaqqal rejissor, Xalq artisti Ağakişi Kazımovun 80 illik yubileyinə böyük şövqlə gəlmişdi.
Noyabrın 23-də Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində tanınmış teatr xadimləri və sənətşünaslar, rejissor və aktyorlar, muğam ifaçıları, sənətsevərlər bir araya toplanıb bu səmimi ortamda bir sənətkar ömrünə səyahət etdilər.
Yubilyara təbrik nitqi ilə ilk olaraq mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış etdi. Mənalı ömrünü Azərbaycan teatrının inkişafına həsr edən, onun bir sıra uğurlarına öz imzasını atmış sənətkarın yaradıcılığından söz açdı. O, Ağakişi Kazımovu gənc yaşlarından tanıdığını və onunla Akademik Milli Dram Teatrında uzun müddət çalışdıqlarını dedi, sənətkarın bu teatrın səhnəsində illərlə anşlaqla keçən tamaşalara quruluş verdiyini vurğuladı.
Qeyd olundu ki, Ağakişi Kazımovun tamaşaları 70-80-ci illər Azərbaycan teatrının afişası olub. O, ölkənin, demək olar ki, bütün teatrlarında tamaşalar qoyub və həmişə də maraqla qarşılanıb. Həmçinin uzun illər pedaqoji fəaliyyət göstərib.
Rejissoru yubileyi münasibətilə təbrik edən Ədalət Vəliyev bundan sonra da mədəniyyətimizin, teatrımızın ön sırasında olmasını arzuladı və Mədəniyyət və Turizm Nazirliyinin təbrik məktubunu yubilyara təqdim etdi.
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov rejissorun yaradıcılıq məziyyətlərindən söz açdı, vaxtilə onunla bir teatrda çalışmasından, rejissor kimi quruluş verdiyi tamaşalardakı üslubundan bəhs etdi. Bildirildi ki, klassik rejissor məktəbinin parlaq nümayəndəsi olan sənətkar gənc rejissor nəslinin yetişməsinə mühüm töhfələr verib.
Yubiley gecəsində xalq artistləri Cənnət Səlimova, Hacı İsmayılov, Amaliya Pənahova, Arif Babayev, İlham Namiq Kamal, Məleykə Əsədova çıxış edərək Ağakişi Kazımov haqqında ürək sözlərini söylədilər, onun yüksək insani keyfiyyətlərindən, sənətə sonsuz sevgisindən, aktyorlarla iş üslubundan söz açdılar.
Tədbirdə rejissorun vaxtilə bir sıra tamaşalara quruluş verdiyi Akademik Milli Dram, Gənc Tamaşaçılar, Musiqili, Opera və Balet və Sumqayıt Dövlət Dram teatrlarının təbrikləri də səsləndirildi.
Gecə boyunca aktyorun sənət tərcümeyi-halı, ayrı-ayrı illərdə quruluş verdiyi tamaşaları, eləcə də müəllifi olduğu və haqqında yazılan kitablar barədə videoçarxlar nümayiş olundu, yaddaqalan tamaşalardan fraqmentlər göstərildi, respublikanın tanınmış ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin sənətkar haqqında təbrikləri göstərildi.
Yubiley gecəsinin sonunda tədbir təşkilatçılarına, səmimiyyət və sevgi nümayişində olan sənət dostlarına təşəkkürünü bildirən rejissor insanların qəlbində qalıcı bir məhəbbət izi salmasını özü üçün ən böyük mükafat saydığını dilə gətirdi.
Həmidə
Mədəniyyət.- 2015.- 25
noyabr.- S. 10.