“Şekspir kosmosda”

Xalq yazıçısı Elçinin əsəri Nyu-Yorkda tamaşaya qoyulub

 

Nyu-Yorkun dünya şöhrətli “Brodvey” teatr məhəlləsində yerləşən Mint teatrında Azərbaycanın Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında hazırlanmış “Şekspir kosmosda” adlı ekssentrik komediya nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru “The Complete Theatre Company” teatr truppasının bədii rəhbəri Enni Uarddır.

Pyesin qayəsi insanların hər gün qarşılaşdığı vacib problemlərə baxmayaraq sevgi və sədaqət hisslərini uca tutmağı təbliğ etməkdir. Qəhrəmanlar bu aktual problemlərin müasir cəmiyyətdə vəziyyətini təcəssüm etdirirlər. Başqa planetdən gəlmə bir varlıq hər kəsin şüuraltı dünyasında sevginin qüdrətini həm özü üçün, həm də tamaşanın qəhrəmanları üçün kəşf edir.

Tamaşanın bədii rəhbəri Enni Uard “Şekspir” əsərinin Nyu-Yorkda tamaşaya qoyulması imkanına görə yazıçıya minnətdarlığını bildirərək qeyd edib ki, tamaşada çıxış edən 8 aktyorun hamısı öz rollarının öhdəsindən gəlib.

O deyib: “Biz Azərbaycan pyesini Nyu-York tamaşaçısı üçün uyğunlaşdırmaq məqsədilə ona yaradıcılıq baxımından müəyyən dəyişikliklər etdik və yumoru “amerikanlaşdırdıq”. Tamaşada hadisələr sürətlə cərəyan edir, çoxlu musiqi və səs effekti var. Hər şey o qədər dinamikdir ki, hər pərdədən sonra aktyor sanki indicə marafon yürüşü qaçmış kimi, sözün yaxşı mənasında, əldən düşür. Hərəkətlər çox enerjilidir. Biz “Şekspir” əsərinin adını dəyişdirərək tamaşanı “Şekspir kosmosda” adlandırdıq. Tezliklə “Ulduz müharibələri” adlı növbəti film ekranlara çıxacaq, hazırda kinoteatrlarda “Marslı” filmi nümayiş etdirilir. Biz də tamaşanın adını dəyişməklə, onu kosmos haqqında göstərilən filmlər məcrasına daxil etməyə çalışmışıq”.

Nyu-Yorkun teatr cəmiyyətində məşhurlaşmış bu tamaşa noyabrın 18-dən 22-dək 6 dəfə göstərilib.

Qeyd edək ki, Xalq yazıçısı Elçin Azərbaycan ədəbiyyatının və teatr sənətinin dünyada populyarlaşmasına böyük töhfələr verib. Ədibin “Şekspir” pyesi Rusiya, Türkiyə, Böyük Britaniya və ABŞ-ın teatrlarında tamaşaya qoyulub.

 

Mədəniyyət.- 2015.- 25 moyabr.- S. 9.