Dövlət rəsm
qalereyalarının fəaliyyəti geniş müzakirə
olundu
Noyabrın 20-də
Azərbaycan Milli Kitabxanasında mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyevin
iştirakı ilə nazirliyin tabeliyində olan dövlət rəsm
qalereyalarının fəaliyyətinə həsr olunmuş
iclas keçirildi.
Toplantıda nazirliyin müvafiq şöbə və sektorlarının müdirləri, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin, rayon (şəhər) mədəniyyət və turizm şöbələri və dövlət rəsm qalereyalarının rəhbərləri iştirak edirdi. İclasda respublikanın rayon və şəhərlərində dövlət rəsm qalereyalarının fəaliyyəti, həyata keçirilən yaradıcı işlər, eləcə də bəzi struktur məsələləri ətrafında geniş söhbət açıldı.
İclasda çıxış edən nazir müavini Ədalət Vəliyev ölkəmizdə mədəniyyət siyasəti, dövlətin bu sahəyə diqqət və qayğısı barədə danışdı. Qeyd olundu ki, son illər ölkə başçısının müvafiq sərəncam və tapşırıqları ilə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bu sahədə çalışan insanların öz işlərinə daha da məsuliyyətlə yanaşmasına zəmin yaradır.
Regionlarda fəaliyyət göstərən dövlət rəsm qalereyalarının fəaliyyətindən bəhs edən nazir müavini bu müəssisələrdə çalışan əməkdaşların bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı test sınağının nəticələrinin qənaətbəxş olmadığını bildirdi.
Qeyd olundu ki, son illərdə ölkəmizin həyatındakı inkişaf və yeniliklər bütünlükdə mədəniyyət sahəsinə, o cümlədən qalereyaların fəaliyyətinə də təsirsiz ötüşməməlidir. Yerlərdə aparılan abadlıq və quruculuq işləri, ölkə başçısının bölgələrə mütəmadi səfərləri zamanı mədəniyyət ocaqlarının fəaliyyəti ilə də tanış olması, yeni obyektlərin açılışının keçirilməsi dövlətimizin bu sahəyə böyük diqqət ayırdığını bir daha göstərir.
Yeni teatr binaları, mədəniyyət mərkəzləri, daxili imkanlar hesabına təmir edilən mədəniyyət müəssisələri haqqında danışan Ədalət Vəliyev bildirdi ki, bu gün elə bir bölgə yoxdur ki, orada tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev Mərkəzi, rəsm qalereyası fəaliyyət göstərməsin. Son 10 ildə dövlət rəsm qalereyalarının sayı 21-dən 35-ə çatdırılıb, 14 rayonda dövlət rəsm qalereyası yaradılıb. Rəsm qalereyaları ilə bağlı 2012-ci ildən başlayaraq ardıcıl şəkildə maddi-texniki bazanın möhkəmləndirilməsi, kadr siyasətinin düzgün aparılması, maarifləndirilmə istiqamətində tədbirlər həyata keçirilir, bu məqsədlə ümumilikdə 10-dan artıq treninq təşkil olunub. Təkcə 2015-ci ildə bölgələrdə 5 treninq keçirilib. Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti, nazirliyin müvafiq struktur əməkdaşları bu treninqlərə cəlb edilib.
Nazir müavini rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin və rəsm qalereyalarının fəaliyyətini təhlil edərək mövcud nöqsanların aradan qaldırılması yollarından danışdı, konkret tövsiyə və tapşırıqları diqqətə çatdırdı.
İclasda qalereya rəhbərlərinin fikirləri də dinlənildi. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı ilə birgə layihələrin keçirilməsi, qarşılıqlı əməkdaşlığın daha da sıx şəkildə qurulması üçün müvafiq təkliflər irəli sürüldü. Fondlarda qorunan rəsm əsərlərinə diqqətlə yanaşılması, bölgələrdə çalışan rəssamların paytaxtda, paytaxtda yaşayan sənətkarların bölgələrdə sərgilərinin keçirilməsi, əhalinin maarifləndirilməsi, bu sahəyə marağın artırılması üçün mədəniyyət və turizm şöbələrinin müdirlərinə və rəsm qalereyalarının direktorlarına göstərişlər verildi. Dövlət rəsm qalereyalarında çalışan əməkdaşların bilik və bacarıq səviyyəsi, kadrların ixtisasartırma və işlərinin təkmilləşdirilməsi yönündə bir sıra addımların həyata keçiriləcəyi diqqətə çatdırıldı.
Lalə
Mədəniyyət.- 2015.- 25
noyabr.- S. 7.