Mədəniyyət və turizm naziri Londonda bir sıra görüşlər keçirib

Nazir “Bakı prosesi” üzrə işçi qrupun iclasında və BMT Sivilizasiyalar Alyansının

paytaxtımızda gerçəkləşəcək 7-ci Qlobal Forumuna dair təqdimatda iştirak edib

 

Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 18-20 noyabr tarixində Londona səfəri çərçivəsində bir sıra görüş və tədbirlərdə iştirak edib. Nazirin Britaniya paytaxtındakı Viktoriya və Albert Muzeyinin direktoru Martin Rotla görüşü barədə ötən sayımızda məlumat vermişdik.

 

Noyabrın 19-da Əbülfəs Qarayev Böyük Britaniyanın Koventri Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi” üzrə işçi qrupun iclasında və BMT Sivilizasiyalar Alyansının gələn ilin aprelində Bakıda gerçəkləşəcək 7-ci Qlobal Forumu barədə təqdimatda iştirak edib.

İşçi qrupun görüşündə 2017-ci ildə Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı müzakirə edilib. Qeyd edək ki, Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutu 2013-cü ildən “Bakı prosesi”nin beynəlxalq səviyyədə həyata keçirilməsi üzrə məsləhətçi funksiyasını yerinə yetirir. Koventri Universiteti mədəniyyətlərarası dialoq üzrə “Bakı prosesi” çərçivəsində həyata keçirilən layihə və qlobal forumların əhəmiyyətini yüksək qiymətləndirərək, bu sahədə fəaliyyətinə görə Azərbaycanı xüsusi diploma layiq görüb.

Koventri Universiteti Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun direktoru Mayk Hardi universitetin tələbələri qarşısında çıxışı zamanı “Bakı prosesi”nin Azərbaycanın dövlət başçısı tərəfindən irəli sürülən və qlobal mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı nəzərdə tutan təşəbbüs olduğunu diqqətə çatdırıb.

Səfər çərçivəsində nazir Əbülfəs Qarayev Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunda mədəniyyətlərarası dialoqun tədrisi ilə tanış olub və fikir mübadiləsi aparıb. BMT Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək 7-ci Qlobal Forumu barədə görüş iştirakçılarına məlumat verilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli sərəncamı ilə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ilin 25-27 aprel tarixində Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsi tərəfindən bu mötəbər tədbirə hazırlıqla əlaqədar beynəlxalq qurumlarda və xarici ölkələrdə müvafiq təbliğat və təşviqat tədbirləri həyata keçirilir.

* * *

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səfər zamanı Azərbaycanla sıx əməkdaşlıq edən nüfuzlu CNN telekanalının Londonda yerləşən ofisini ziyarət edib və televiziyanın kommersiya üzrə baş direktoru Rani Raat ilə görüşüb.

Görüş zamanı nazir CNN-in efirində Azərbaycanın turizm imkanları və mədəni həyatı haqqında qısa reklam çarxlarının mütəmadi yayımı və əlavə proqramların nümayişi ilə bağlı məmnunluğunu ifadə edib.

Söhbət əsnasında növbəti illərdə yayımın coğrafiyasının genişləndirilməsi, yeni strategiyanın müəyyənləşdirilməsi, müasir elektron texnologiyalarla bağlı yeni layihələrin hazırlanması üzrə fikir mübadiləsi aparılıb. Rani Raat mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə telekanalın ofisini ziyarət etdiyinə görə minnətdarlığını bildirib və gələcəkdə Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsinə ümidvar olduğunu deyib.

Xatırladırıq ki, Azərbaycan bir neçə illərdir CNN, “Euronews”, “Travel Channel”, “National Geographic”, “TV5 Monde” və s. dünyanın nüfuzlu televiziya kanalları ilə sıx əməkdaşlıq edir.

 

Mədəniyyət.- 2015.- 25 noyabr.- S. 6.