Ölkəmiz
İCCROM-un iclasında təmsil olunub
Qlobal iqlim dəyişikliyinin mədəni irs obyektlərinə təsiri müzakirə edilib
Noyabrın 18-dən
20-dək İtaliyanın paytaxtı Romada Mədəni
Mülkiyyətin Mühafizəsi və Bərpasının
Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin
(İCCROM) Baş Assambleyasının 29-cu sessiyası
keçirilib.
Sessiyada Mədəniyyət və Turizm Nazirliyi Tarixi-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin əməkdaşı Qasım Şirinli iştirak edib.
130-dan çox ölkənin nümayəndə heyətinin qatıldığı və 28 beynəlxalq institutun müşahidəçi qismində iştirak etdiyi tədbir Birləşmiş Millətlərin Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının mənzil-qərargahında gerçəkləşib.
Tədbirin açılışında Baş Assambleyanın müvəqqəti prezidenti Anna Skobel, BM Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini Daniel Qustafson, İtaliyanın mədəni irsin qorunması üzrə naziri Dario Francesçini və İCCROM-un baş direktoru Stefano de Karo çıxış ediblər.
Sonra Baş Assambleyaya yeni qəbul edilmiş dövlət - Rusiya Federasiyasının təqdimatı keçirilib, eləcə də təşkilatın hər iki ildə bir elan edilən “İCCROM Award” mükafatının təqdimatı olub.
Sessiyada digər mövzularla yanaşı qlobal
iqlim dəyişikliyinin dünyada qorunan mədəni irs
obyektlərinə təsiri barədə də geniş
müzakirələr aparılıb.
Mədəniyyət.- 2015.- 25
noyabr.- S. 6.