Dövlət Teatr Muzeyində Yaşar Nurinin xatirəsi yad edildi

 

Noyabrın 20-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xalq artisti, unudulmaz aktyor Yaşar Nurinin xatirəsinə həsr olunmuş tədbir keçirildi.

 

Muzeyin direktor müavini Sevinc Mikayılova tədbiri açaraq qeyd etdi ki, bugünlərdə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Yaşar Nurinin şəxsi arxivi ailəsi tərəfindən bu sənət ocağına təhvil verilib. Bu arxiv əsasında muzeyin ekspozisiyasında aktyora həsr olunmuş guşə yaradılıb. Ekspozisiyada Yaşar Nurinin uşaqlıq, gənclik illəri, teatr və kino fəaliyyəti ilə bağlı fotolar yer alıb.

Sonra Xalq artistinin yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədbirdə çıxış edərək Yaşar Nurinin yaradıcılığından söz açdı, bir-birindən maraqlı obrazlar yaradan aktyorun teatr və kino sənətimizdə böyük xidmətləri olduğunu vurğuladı.

Qeyd olundu ki, Yaşar Nuri bacarıqlı aktyor kimi çətin rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, karnaval estetikasına uyğun obrazların gözəl ifaçısı olub. Teatr və televiziya tamaşalarında oynadığı rollarla, kino fəaliyyəti ilə dəyərli nailiyyətlər qazanıb, sənəti, zəhməti həmişə dövlət tərəfindən yüksək qiymətləndirilib.

O, əsl sənətkar kimi xalqın yaddaşında əbədi yaşayacaq.

Xalq artisti, rejissor Ramiz Həsənoğlu çıxışında Yaşar Nurinin kinoda və televiziya tamaşalarında yaratdığı bənzərsiz obrazlardan bəhs etdi. Bildirdi ki, sənətkar 50-dək bədii filmdə, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış 100-dən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda ən dəyərli sənət nümunələri kimi qorunur. Bu sırada Ruhəngiz Qasımovanın “Yollar görüşəndə”, “Ömrün yolları”, İsi Məlikzadənin “Qatarda”, Anarın “Evləri köndələn yar”, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”, Hüseyn Cavidin “Topal Teymur”, Aslan Qəhrəmanlının əsərləri əsasında lentə alınan “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, İslam Səfərlinin “Göz həkimi”, Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında “Ac həriflər” və s. televiziya tamaşalarını misal göstərmək olar.

Tədbirdə xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Rafael Dadaşov, Hacı İsmayılov, teatrşünas Aydın Talıbzadə, görkəmli sənətkarın tələbələrindən aktyor Elməddin Cəfərov çıxış edərək Yaşar Nuri ilə bağlı xatirələrini bölüşdülər.

Xalq artistinin qızı Ülkər, həyat yoldaşı Rəhimə xanım tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildirdilər.

Sonda iştirakçılar Dövlət Teatr Muzeyinin fond nümunələri və Yaşar Nurinin şəxsi arxivi əsasında yaradılmış guşə ilə tanış oldular.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 25 noyabr.- S. 5.