Xatirələrdə yaşayan sənətkar

 

Noyabrın 23-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli pianoçu, Əməkdar incəsənət xadimi Həsənağa Qurbanovun (1955-2007) 60 illiyinə həsr olunmuş xatirə tədbiri keçirildi.

 

Əvvəlcə qonaqlar Həsənağa Qurbanovun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular. Eyni zamanda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəşr etdirdiyi “Xatirələrdə yaşayan insan” və Meray Həsənağaqızının “Mən sənətkar qızıyam” kitablarının təqdimatı keçirildi. Tədbir iştirakçıları Həsənağa Qurbanovun yaratdığı rəsm əsərlərinə də baxdılar.

Tədbir Həsənağa Qurbanovun yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başlandı. Azərbaycan Televiziyasının arxiv materialları və sənətkara həsr olunmuş verilişdən fraqmentlər göstərildi.

Xatirə gecəsində çıxış edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili, akademik Rafael Hüseynov Həsənağa Qurbanovun həyat və yaradıcılığından söz açdı, onun Azərbaycan musiqi mədəniyyətinə xidmətlərindən danışdı. Bildirildi ki, Həsənağa Qurbanov gənc yaşlarından fitri istedada malik musiqiçi kimi tanınmaqla yanaşı, dirijor, təşkilatçı və tükənməz insani keyfiyyətləri ilə seçilib: “Həsənağa ilə ünsiyyətdə olan insanlar yalnız onun nəcibliyindən, sənətkarlığından söz aça bilərlər. Onun musiqi təşkilatçılığında, dirijorluğunda özünəməxsusluq vardı. Sənətkar üçün çox yaşamağın müsbət tərəfləri var. Əfsus ki, o, az ömür yaşadı. Bu gün aramızda olmasa da, yaradıcılığını bizə miras qoyub gedən sənətkarlar sırasındadır. O, sənətə öz qeyri-adi dəst-xəttini gətirmişdi və musiqidə yeniliyi sevirdi. Bu da tamaşaçının zövqünü oxşayırdı. Qısa müddət ərzində Gülarə Əliyevanın layiqli davamçısına çevrilməsi, “Dan ulduzu”na ikinci həyat verməsi də buna sübut idi”.

Qeyd olundu ki, Həsənağa Qurbanov 1955-ci ildə Naxçıvan şəhərində anadan olub. A.Zeynallı adına Musiqi Texnikumunu, indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1978-ci ildən Naxçıvan şəhər Mədəniyyət evində müəllim və C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında pianoçu kimi başlayıb. Sonralar Azərbaycan Dövlət Musiqili Teatrında aparıcı dirijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi, Azərbaycan Televiziyasının “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri vəzifələrində çalışıb. 2007-ci il noyabrın 6-da Bakıda vəfat edib.

Gecədə Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının ifasında Həsənağa Qurbanovun repertuarından seçilmiş mahnılardan ibarət konsert təqdim olundu. Əməkdar artistlər İlqar Muradov, Zakir Əliyev, Nuriyyə Hüseynova, Ruhəngiz Musəvi və digərlərinin ifası alqışlarla qarşılandı.

 

Lalə

 

Mədəniyyət.- 2015.- 25 noyabr.- S. 4.