Lahıc misgərlik sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına təklif edilib

 

Noyabrın 23-də Parisdə UNESCO-nun mənzil-qərargahında təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasına həsr edilmiş mətbuat konfransı keçirilib.

 

Məlumat verilib ki, komitənin noyabrın 30-dan dekabrın 4-dək Namibiyada keçiriləcək 9-cu sessiyasının gündəliyinə üzv dövlətlər tərəfindən “Ümumdünya irs siyahısı”na daxil olunması məqsədilə təqdim edilən yeni abidələrin nəzərdən keçirilməsi və artıq bu siyahıda olan abidələrin qorunma səviyyəsinin yoxlanılması, eləcə də hazırda münaqişə zonalarında məhv edilən abidələrin qorunması istiqamətində atıla biləcək mümkün addımlar və digər məsələlər daxildir.

2015-ci ildə UNESCO-nun “Qeyri-maddi mədəni irs siyahısı”na 45 nominasiya təqdim edilib. Bunlardan 8 nominasiya “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na, 35 nominasiya isə “Qeyri-maddi mədəni irsin reprezentativ siyahısı”na təqdim olunub. Azərbaycan reprezentativ siyahıya Lahıc misgərlik sənətinin daxil olunmasını təklif edib.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsi təşkilatın ən nüfuzlu komitələrindən hesab olunur. Üzv dövlətlər bu komitəyə müvafiq nominasiyalar təqdim edərək öz ölkələrinin mədəniyyətini, adət-ənənəsini dünyaya tanıtmaq və onun mühafizəsini təşkil etmək imkanı qazanırlar.

Xatırladaq ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 2013-cü ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın çövkən oyunu təşkilatın “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na, ötən ilin noyabrında Parisdə keçirilən 9-cu sessiyada isə Azərbaycan kəlağayı sənəti qurumun “Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilib. Öncəki illərdə Azərbaycanın muğam sənəti, aşıq sənəti, xalçaçılıq, tar ifaçılığı sənətləri, Novruz bayramı bu siyahıya salınıb.

 

Mədəniyyət.- 2015.- 25 noyabr.- S. 2.