“Vətənpərvərlik
kinosu günləri”ndə “Laçın qartalı”nın təqdimatı
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Vətənpərvərlik kinosu günləri” davam edir. 23-30 noyabr tarixini əhatə edən kino günlərinin proqramına nazirliyin sifarişi ilə “Yaddaş” studiyasında lentə alınmış “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən sənədli filmlər və “Azərbaycanfilm”in istehsalı olan “Yarımçıq xatirələr” bədii filmi daxildir.
Noyabrın 24-də Laçın rayonundan məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində Milli Qəhrəman Oqtay Güləliyevə həsr edilmiş “Laçın qartalı” sənədli filminin təqdimatı olub. Mərasimdə rayonun rəhbər işçiləri və ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, Milli Qəhrəmanın ailə üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən, laçınlı oğulların respublikamızın ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən, müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Almas Sultanzadə sənədli filmin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətini yüksək qiymətləndirərək, yaradıcı kollektivə minnətdarlığını bildirib.
Filmin ssenari müəllifi və rejissoru İltifat Hacıxanoğlu ekran əsərinin çəkilişində əməyi olan bütün insanlara təşəkkür edib.
Məlumat verilib ki, 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində anadan olan Oqtay Güləliyev erməni işğalçıları ilə müharibədə igidlik göstərib, 1992-ci il oktyabrın 11-də Hoçaz yüksəkliyində gedən döyüşdə həlak olub. Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib. Ölkə Prezidentinin 1993-cü il 11 may tarixli fərmanı ilə ölümündən sonra ona Milli Qəhrəman adı verilib.
Sonra iştirakçılar “Laçın
qartalı” sənədli filmini izləyiblər. Milli Qəhrəmanın
həyat yoldaşı Afət Novruzova tədbirin təşkilatçılarına
və iştirakçılara təşəkkürünü
bildirib.
Mədəniyyət.- 2015.- 27
noyabr.- S. 13.