“Söz nəbzidir,
aynasıdır zəmanənin”
Bəxtiyar Vahabzadənin 90 illiyinə həsr olunmuş tədbir
Noyabrın 25-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş “Söz nəbzidir, aynasıdır zəmanənin” mövzusunda tədbir keçirildi. Muzeyin direktoru Sevinc Mikayılova tədbiri açaraq bildirdi ki, Prezident İlham Əliyevin 14 yanvar 2015-ci il tarixli sərəncamı ilə görkəmli ədibin 90 illiyi respublikanın bir çox mədəniyyət müəssisələrində qeyd olunur.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Əlizadə Əsgərli şairin yaradıcılığından söhbət açdı. Bildirdi ki, Bəxtiyar Vahabzadənin ədəbi irsi çox zəngindir. O yalnız poeziyası ilə deyil, xalqımızın tarixindən, mübarizəsindən bəhs edən dramaturgiyası ilə də ədəbiyyat tariximizə böyük töhfələr verib, eyni zamanda istedadlı ədəbiyyatşünas alim və publisist kimi tanınıb. Müəllifin “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Fəryad”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı”, “Rəqabət” kimi pyesləri tamaşaya qoyulub.
Filologiya üzrə fəlsəfə doktoru Səfurə Quliyeva qeyd etdi ki, Bəxtiyar Vahabzadə çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verib. Azərbaycan şeirinin son yarıməsirlik tarixini Bəxtiyar Vahabzadə yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil.
Şair yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı şeirlə başlayıb. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri öz əksini tapıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, əlvan bədii boyalarla əks olunub.
Tədbirin sonunda Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdindəki Musiqi Kolleci tələbələrinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar səsləndi. 46 saylı məktəbdənkənar tərbiyə mərkəzinin şagirdləri şairin şeirlərini söylədilər.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 27 noyabr.- S. 12.