Gənc musiqiçilərimizin daha bir uğuru

 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yetirmələri daha bir uğura imza atıblar. Bu dəfə məktəbin nailiyyət sorağı Litvadan gəlib.

 

Məktəbin alt sinfi üzrə 11-ci sinif şagirdi Elnarə Tağızadə və bu il məktəbin vokal sinfi üzrə məzunu olmuş, hazırda Bakı Musiqi Akademiyasının 1-ci kursunda oxuyan Mahir Tağızadə Kaunas şəhərində keçirilən gənc musiqiçilərin III beynəlxalq müsabiqəsində ölkəmizi layiqincə təmsil ediblər.

12 ölkədən 170-dən çox iştirakçının qatıldığı müsabiqədə hər iki təmsilçimiz 3-cü yerə layiq görülüb. Güclü bir rəqabətin olduğu müsabiqədə bu nəticə təqdirəlayiqdir.

Elnarə Tağızadə müsabiqənin simli alətlər üzrə D kateqoriyasında (16-18 yaş) çıxış edirdi. Onun proqramına K.Stamitsin alt üçün konserti və R.Şumanın "Fantastik pyesləri" daxil idi. Vokal bölməsində C kateqoriyasında (17-20 yaş) çıxış edən Mahir Tağızadə isə F.Şubert və G.Hendelin əsərlərindən parçalar və Q.Qarayevin 3№-li noktürnü olan "Mulad"ı bacarıqla ifa edib.

Hər iki təmsilçimizin mükəmməl ifası, yüksək səhnə mədəniyyəti, səs effekti münsiflər heyətinin və tamaşaçıların böyük rəğbətini qazanıb. Onlara müsabiqənin fəxri diplomu və medalı təqdim olunub.

Sözsüz ki, bu uğurda Elnarə və Mahir Tağızadənin müəllimləri Vaxtanq İmanov və Svetlana Mirzəyevanın əməyi əvəzsizdir.

Onu da qeyd edək ki, təmsilçilərimiz nümayiş etdirdikləri mükəmməl ifalardan sonra yay aylarında keçiriləcək növbəti beynəlxalq müsabiqəyə də dəvət alıblar. Onlara yeni uğurlar arzulayırıq.

 

Nərgiz Kərimova,

Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi, musiqişünas