“Fransa televiziyasında Azərbaycan himnini canlı yayımda ifa etdim”

 

Fransada yaşayan soydaşımız, müğənni Təranə Paris Bakı yurdumuzdan uzaqda xalqımızı, mədəniyyətimizi təmsil edir, tanıdır. “Paris” və “Bakı” adlarını da özünə təxəllüs olaraq götürüb.

 

- Təranə xanım, bildiyim qədər qarabağlısınız, yəqin müğənniliyiniz buradan qaynaqlanır?

- Mən Laçında anadan olmuşam, Şuşada böyümüşəm. Müğənniyəm, yaradıcı adım Təranə Paris Bakıdır, artıq 15 ildir Fransada yaşayıram. Bir çox şuşalı uşaqlar kimi kiçik yaşlarımdan musiqi məktəbinə getmişəm, piano üzrə təhsil almışam, eləcə də uşaq xorunda oxumuşam. Sonra müharibə üzündən doğma Şuşanı tərk edib Bakıda yerləşdik. Burada musiqi məktəbini və Xarici Dillər Universitetinin tərcümə fakültəsini bitirmişəm. Musiqiylə bərabər uşaqlıqdan xarici dillərə ailəmizdə böyük maraq olub. Anam Şuşada və Bakıda fransız dili müəlliməsi işləyib. Musiqiyə gəldikdə, babamın çox gözəl səsi vardı. Laçına babamgilə gedəndə, onun oxuduğu muğamlara qulaq asardım. Sonra bir yerdə oxuyardıq. Həmin anlar yadıma düşəndə çox darıxıram, həm də xoşbəxtəm ki, o günləri yaşamışam.

- Necə oldu ki, Fransaya getdiniz?

- Ali təhsilimi Amerika, ya da Fransada davam etdirmək istəyirdim. Məşhur Sorbon Universitetinə olan marağım məni Fransaya gətirdi. Universitetə daxil oldum. Xarici dillər, media və kommunikasiya üzrə magistr diplomu aldım. Bu, mənim üçün böyük fəxr və uğurdur. Təhsillə yanaşı, musiqiyə olan istəyimi də yaşatmışam. İlk olaraq Fransa Milli Konservatoriyasının qızlar xorunda, sonra isə Paris “Manufacture Chanson” məktəbində oxumuşam.

- Fransa həyatı sizə nə verdi?

- Yəqin ki, Azərbaycandan başqa hər şey. Azərbaycan, Qarabağ uşaqlığım, köküm, damarımda axan qanımdır. İllərdir Fransada yaşayıram. Burada təhsil almışam, dostlar qazanmışam. Peşəkar müğənni kimi də burada çalışmağa başlamışam. Mən ziyalı ailədə böyümüşəm, anam müəllim, atam həkim olub. Bu mühitdə müğənniliyə daha çox hobbi kimi yanaşılıb. Yalnız təhsil aldıqdan sonra, sevdiyim sənətlə peşəkar şəkildə məşğul olmağa başladım.

- Cazı kimdən öyrənmisiniz? Başqa janrlarda da oxuyursunuzmu?

- Həm Parisdə, həm Bakıda sənət yolunda rast gəldiyim, bir çox peşəkar insanlarla ünsiyyətdən sonra caza marağım artdı, sevgim yarandı. Caz ifa etdiyim əsas janr olsa da, başqa janrlarda da oxuyuram. Beynəlxalq estradadan tutmuş, bəzi klassik əsərləri də ifa edirəm. Bossa, soul, rok janrlarında da oxuyuram və Azərbaycan xalq musiqisini çox sevirəm. Hazırda Fransada orijinal yaradıcılıq layihəsi olan “Azərbaycan ruhu” adlı musiqili tamaşa təqdim edirik və 15 musiqi parçasının 9-u Azərbaycan musiqisidir. Bu mənim çoxdankı arzum idi və bu il həyata keçirdik. Fransız dinləyicilər başqa mədəniyyətə qarşı çox həssasdırlar, ona görə bu tamaşanı böyük maraqla qarşılayırlar. Musiqimiz o qədər gözəldir ki, dilindən asılı olmayaraq ürəklərə yol tapır.

- CD-ləriniz çıxıbmı?

- Bir il öncə “Esquisse” adlı albomum işıq üzü görüb. Fransanın peşəkar musiqi dünyasının öncül şirkəti olan SACEM tərəfindən dəstəklənən ilk franko-azəri albomdur. Albomda tanınmış fransız musiqi parçalarının yarısını Azərbaycan dilinə uyğunlaşdırmışam. “Azərbaycan ruhu” musiqili tamaşada ilk albomum tam şəkildə təqdim olunur. Hazırda iki ayrı konsert proqramı ilə Fransanın şəhərlərində çıxış edirik. Bunlardan biri “Azərbaycan ruhu”, o birisi isə “Şəhrizadə” adlı musiqili tamaşadır.

- Bakıda konsert vermək haqqında düşünürsünüzmü?

-2013-cü ildə Bakıda çox sevdiyim Caz Mərkəzində ilk konsertim oldu. İşlə əlaqədar Bakıya hər il dəvət olunuram, sevə-sevə gəlirəm, çıxış edirəm. Yaradıcı adımdan göründüyü kimi fəaliyyətimin böyük bir hissəsi iki ölkə arasında mədəni körpü yaratmaq və inkişaf etdirməyə yönəlib. Bakıda çox istedadlı bəstəkarla çalışıram, ilk mahnımızı bir yerdə yaratmışıq. Əla bir parçadır, çox açıqlamaq istəmirəm, tezliklə Bakıda təqdim edəcəyik.

- Ailəniz haqqında nə deyə bilərsiniz?

- 12 ildir ailəliyəm, həyat yoldaşım fransızdır, Ulduza və Leyli adlı iki qızımız var.

- Fransa televiziyasında I Avropa Oyunlarını şərh etmisiniz. Bu haqda danışardınız.

- Bakıda keçirilən ilk Avropa Oyunlarının Fransa televiziyasında açılış və bağlanış mərasimlərinin şərhçisi oldum. Azərbaycan tarixi, mədəniyyəti, gerçəkləri haqqında fransız tamaşaçılarına geniş bilgi verdim. İlk dəfə olaraq Fransa milli televiziyasında Azərbaycan himnini canlı yayımda ifa etdim. Hər zaman Azərbaycanı belə tanıtmaq istəyirəm. Bu mənim üçün bir missiyadır.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 27 noyabr.- S. 10.