Şəki
2016-cı il üçün “Türk dünyasının mədəniyyət
paytaxtı” elan olunub
Qədim tarix və mədəniyyət mərkəzimiz estafeti Türkmənistanın Marı şəhərindən təhvil alır
Noyabrın 26-da
Türkmənistanın Marı şəhərində
TÜRKSOY mədəniyyət nazirləri Daimi
Şurasının 33-cü toplantısı keçirilib.
Toplantıda ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. İclasda ötən il həyata keçirilmiş layihələrə dair TÜRKSOY-un baş katibi Düsen Kaseinovun hesabatı dinlənilib, 2016-cı il üçün tədbirlər planı təsdiq edilib.
Toplantıda çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev TÜRKSOY təşkilatı tərəfindən həyata keçirilən "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsinin əhəmiyyətini vurğulayıb. O, ölkəmizin qədim tarixi və mədəni mərkəzlərindən biri olan Şəki şəhərinin 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması ilə bağlı Azərbaycan tərəfinin təklifinin TÜRKSOY təşkilatı tərəfindən nəzərdən keçirilməsini xahiş edib.
Vurğulanıb ki, füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, zəngin irsinin qorunması nəticəsində bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmiş Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması unikal mədəniyyətimizin təşviqində əhəmiyyətli rol oyanacaq.
Vaqif Əliyev TÜRKSOY təşkilatının 2015-ci il üçün iş planına Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlərin salındığını və bununla bağlı təşkilata üzv ölkələrdə müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, TÜRKSOY-un təşkilatçılığı ilə şairin yubileyi ilə əlaqədar "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri" kitabı nəşr olunaraq Bakıda, Almatıda və Bişkekdə təqdimatları keçirilib.
Mədəniyyət və turizm nazirinin birinci müavini TÜRKSOY-un Azərbaycan hökumətinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirakını qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası və İSESCO-nun tərəfdaşlığı ilə 2011-ci ildən etibarən hər iki ildən bir Bakı şəhərində təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda TÜRKSOY-un da yüksək səviyyədə təmsil olunduğunu bildirib.
TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü iclasının yekununda Azərbaycan tərəfinin təklifi üzv dövlətlər tərəfindən yekdilliklə müsbət qiymətləndirilib və Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Beləliklə, qədim tarix və mədəniyyət mərkəzimiz bu estafeti Türkmənistanın Marı şəhərindən təhvil alır.
Qeyd edək ki, nümayəndə heyətlərinin
27-28 noyabr tarixində 2015-ci il üçün “Türk
dünyasının mədəniyyət paytaxtı” olan
Türkmənistanın Marı şəhərində mədəniyyət
ilinin bağlanışı və Türkmənistanın
daimi bitərəflik statusunu əldə etməsinin 20 illiyi
münasibətilə keçiriləcək mərasimdə
iştirakı, eləcə də Türkmənistan Prezidenti tərəfindən
qəbul edilməsi də nəzərdə tutulur.
Mədəniyyət.- 2015.- 27
noyabr.- S. 9.