“İslam sivilizasiyası uşaqların gözü ilə”

 

Noyabrın 25-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “İslam sivilizasiyası uşaqların gözü ilə” mövzusunda respublika rəsm müsabiqəsinin sərgisi açıldı və qaliblərin mükafatlandırma mərasimi oldu. Mərasimə Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) İcraiyyə Şurasının 36-cı iclasının və 12-ci Baş Konfransının iştirakçıları da qatılmışdı.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq İSESCO-nun Bakı toplantılarının əhəmiyyətindən söz açdı. Qeyd etdi ki, belə mötəbər beynəlxalq tədbirlərin paytaxtımızda keçirilməsi müxtəlif ölkələrdən gəlmiş qonaqların Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olması üçün mühüm imkandır: “Əlamətdar haldır ki, bugünkü sərgi İSESCO İcraiyyə Şurasının 36-cı iclası və 12-ci Baş Konfransı ilə eyni vaxta təsadüf edir. Burada nümayiş olunan əsərlər islam dünyasının bir hissəsi olan Azərbaycanın kiçikyaşlı vətəndaşlarının bəşəriyyətə baxışının təcəssümüdür. Müsabiqənin keçirilməsi gənc istedadların üzə çıxarılması, onların yaradıcılıqlarının inkişafına dövlət qayğısının göstərilməsi, uşaq, yeniyetmə və gənclər arasında rəsm və dekorativ sənətin təbliği məqsədi daşıyır. Bu mövzu böyük maraq doğurub və müsabiqəyə 400-dən artıq əl işi təqdim olunub. Sərgidə nümayiş olunan rəsmlərdə islam sivilizasiya və dəyərləri balaca rəssamlarımız tərəfindən zövqlə işlənib”.

Əbülfəs Qarayev dünyada sülhün və stabilliyin qorunması, əməkdaşlığın inkişafı üçün mədəniyyət, elm və təhsil sahəsində əlaqələrin vacibliyini vurğuladı.

Sonra tanınmış rəssamlardan ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilmiş qaliblər mükafatlandırıldı. İki yaş qrupu (7-13, 14-17) üzrə 22 müəllifə birinci, ikinci və üçüncü dərəcəli diplomlar, fəxri fərman və pul mükafatları təqdim olundu.

Qaliblərə diplomları və hədiyyələri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İSESCO İcraiyyə Şurasının 36-cı iclası və 12-ci Baş Konfransının iştirakçıları təqdim etdilər.

Tədbir çərçivəsində həmçinin Bakı şəhəri Cövdət Hacıyev adına 3 saylı musiqi məktəbinin xor qrupu, Georgi Şaroyev adına 35 saylı musiqi məktəbinin muğam üçlüyü və Bakı Xoreoqrafiya Akademiyasının uşaq rəqs kollektivinin çıxışları oldu. Azərbaycan musiqisi, muğamı və milli rəqslərimiz qonaqlarda xoş təəssürat yaratdı.

Sonra qonaqlar rəssamlıq məktəblərinin, rəsm studiyalarının şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış oldular.

 

Fariz

 

Mədəniyyət.- 2015.- 27 noyabr.- S. 8.