Hədəfimiz türk dünyasının mədəni irsini ona qaytarmaqdır

 

“Bundan yalnız türk dünyası deyil, bütün bəşəriyyət xeyir götürəcək”

 

Xəbər verdiyimiz kimi, türkdilli xalqların mədəni irsinin qorunması, bərpası, təşviqi, türkdilli ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə yeni təşkilat - Türk Mədəniyyəti və İrsi Fondu yaradılıb. Bu barədə qərar 2009-cu ildə türkdilli ölkə rəhbərlərinin Naxçıvanda keçirilmiş zirvə toplantısında qəbul olunub.

 

2012-ci ildə Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə hökumətləri tərəfindən imzalanmış nizamnaməyə əsasən yerləşmə yeri Bakı şəhəri olmaqla Türk Mədəniyyəti və İrsi Fondu təsis edilib. Bu il 10-11 sentyabr tarixində Qazaxıstanın paytaxtı Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V sammitində Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, qurumun rəhbəri vəzifəsinə Günay Əfəndiyevanın namizədliyi təklif edilib və o, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin edilib. AZƏRTAC Günay Əfəndiyevanın bu vəzifədə ilk müsahibəsini yayıb.

Müsahibədə Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradıldığını diqqətə çatdıran Günay Əfəndiyeva göstərilən yüksək etimada, bu məsuliyyətli işi ona həvalə etdiyinə görə dövlət başçısına minnətdarlığını bildirib.

Türk Mədəniyyəti və İrsi Fondunun qurulması zərurətindən danışan G.Əfəndiyeva deyib: “Türkdilli ölkələr arasında son onilliklərdə yaranan və inkişaf edən strateji münasibətlər qardaş ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün münbit zəmin yaradır. Belə ki, TDƏŞ, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Akademiyası, Türkdilli Dövlətlərin Ağsaqqallar Şurası kimi beynəlxalq təşkilat və birliklər yaradılıb. Eyni zamanda yeni yaradılan Türk Mədəniyyəti və İrsi Fondu mənəvi türk birliyinin formalaşmasına xidmət edir. Bu gün türkdilli ölkələr bütün sahələrdə geniş əməkdaşlıq edir, beynəlxalq təşkilatlar ətrafında birləşirlər. Bu, hər şeydən əvvəl ondan irəli gəlir ki, bizim zəngin ortaq tariximiz, dinimiz, dilimiz, adət-ənənələrimiz və mənəvi dəyərlərimiz var. Bu amillərin hər biri bir bütövün parçalarıdır. Yəni, belə demək olarsa, türkdilli ölkələr eyni kökdən su içmiş bir ağacın budaqlarıdır. Bu kökə nə qədər bağlı olsaq, zamanın sınaqlarından keçə bilərik. Türk xalqlarının qədim və zəngin keçmişi var. Əsas məsələ, bu keçmişə, bu zənginliyə sahib çıxmaq, onu qoruyub gələcək nəsillərə ötürməkdir. Bizim məqsədimiz də budur”.

Fondun prezidenti əsas fəaliyyət prioritetlərindən də söz açıb: “Əlbəttə, beynəlxalq aləmdə ikili standartların hökm sürdüyü bir zamanda əsas prioritetlər türk xalqlarının mədəniyyəti və irsinin təbliğ edilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsi, bu irsin öyrənilməsi, araşdırılması, türk dünyasında və bütün dünyada tanıdılması olacaq. İlk növbədə, üzv ölkələrin sahələr üzrə müvafiq nazirlikləri, mədəni və elmi mərkəzləri ilə sıx əlaqələr qurulacaq. Ölkələr üzrə Fondun fəaliyyət sahələrinə görə ayrı-ayrılıqda prioritet istiqamətlər tərtib ediləcək. Məsələn, dağılmış, təhlükə altında qalan, unudulmaqda olan maddi və qeyri-maddi mədəni irs nümunələri ölkələr üzrə sistemləşdirilməlidir. Həlli daha vacib olan problemlər ortaya qoyulmalı, müvafiq tədbirlər görülməlidir”.

G.Əfəndiyeva bildirib ki, bu gün bütün beynəlxalq təşkilatlarda əsas diqqətçəkən problemlərdən biri irs nümunələrinin məhv olma təhlükəsi ilə üz-üzə qalmasıdır: “Dünyada son illərdə lokal müharibələr və xüsusən də, terror hadisələri artmaqdadır: insanlar öldürülür, qaçqın və köçkün vəziyyətinə salınır, miqrasiya problemləri artır, mədəni irs nümunələri dağıdılır... O cümlədən, Ermənistanın təcavüzü nəticəsində Qarabağda və ətraf ərazilərimizdə minlərlə mədəni irs nümunəsi məhv edilir, baxımsız halda qalaraq dağılmağa məhkum olunur. Bu hadisələrin ümumi mahiyyəti eynidir, lakin hadisələrə yanaşma tərzində çox vaxt ikili standartların şahidi oluruq. Bu yaxınlarda Parisdə dəhşətli terror hadisəsi baş verdi və günahsız insanlar bu terrorun qurbanı oldu. Şübhəsiz ki, Parisdəki terror böyük faciədir. Bütün Qərb dərhal hərəkətə gələrək, necə deyərlər, yumruğunu mizə çırpdı və düz də etdi, belə də lazımdır. Ancaq erməni terroru və təcavüzü nəticəsində həlak olan yüzlərlə, hətta minlərlə Azərbaycan vətəndaşı nə üçün elə həmin yumruq sahibləri tərəfindən faktiki olaraq biganəliklə qarşılanır? Həmin təcavüz nəticəsində məhv olmaqda olan Azərbaycan mədəni irs nümunələri nə üçün onların diqqətindən kənarda qalır?”

Fond rəhbəri onu da qeyd edib ki, əgər qeyri-maddi mədəni irs nümunələri də yaşadılmırsa yavaş-yavaş unudula bilər: “Sevindirici haldır ki, türkdilli ölkələrin birgə sahib çıxdığı və artıq unudulması mümkün olmayan irs nümunələrimiz də var. Məsələn, götürək Novruz bayramını. Novruz artıq bütün dünyada qəbul edilən, böyük şənliklərlə qeyd olunan bir bayram kimi, eyni zamanda türk xalqlarını birləşdirən, eyni hissləri keçirməyi, eyni duyğuları yaşamağı təşviq edən bir mərasimə çevrilib. “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Manas”, “Alpamış” və başqa dastanlar da türk xalqlarının yaratdığı və yaşatdığı böyük mənəvi abidələrdir. Bu əsərlər bizim milli mənəvi dəyərlərimizi əks etdirir, eyni zamanda bizi birliyə, əbədi dostluğa və həmrəyliyə səsləyir.

Türk Mədəniyyəti və İrsi Fondu yeni təşəbbüs və layihələrə açıq olacaq. Türk mədəniyyətini və irsini yaşatmaq istəyən, onu araşdıran, öyrənən insanlarla əməkdaşlıq, əminəm ki, Fondun fəaliyyətini daha da səmərəli edəcək. İnanıram ki, neçə-neçə araşdırılmamış, tədqiq edilməmiş mədəni irs nümunələrimiz üzə çıxacaq, neçə-neçə türkoloq alimlər yetişəcək. Bundan isə yalnız türk dünyası deyil, əslində bütün bəşəriyyət xeyir götürəcək. Biz türk dünyasının sahib olduğu mədəni irsi qoruyaraq, araşdıraraq, dünyada tanıdaraq və gələcək nəsillərə miras qoyaraq “özümüzə” qaytarmalıyıq. Yəni türk xalqlarının sahib olduğu mədəni irsi yenidən ona qaytarmaq bizim böyük hədəfimizdir”.

 

Mədəniyyət.- 2015.- 27 noyabr.- S. 7.