Bir sənətkar vardı...

 

Xalq artisti Siyavuş Aslanın 80 illiyi qeyd olundu

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında daha bir yubiley gecəsi, daha bir xatirə işıqlı mərasim keçirildi. Noyabrın 25-də mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər Azərbaycan teatr və kino sənətinin əvəzsiz siması, təkcə adının çəkilməsi ilə dodaqlarda təbəssümə, ürəklərdə böyük sənət eşqinə səbəb olan Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli Siyavuş Aslanın 80 illik yubiley gecəsinə toplaşmışdılar.

 

Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə reallaşan tədbirin iştirakçıları ilk olaraq Azərbaycan Dövlət Teatr Muzeyinin teatrın foyesində təqdim etdiyi sərgi ilə tanış oldular. Aktyorun vaxtilə müxtəlif tamaşalarda geyindiyi əlbəsələr, eləcə də məşhur obrazlarından iri çərçivələrdə asılmış fotoşəkilləri insanı bir sənətkar yoxluğuna üsyana, bir növ cismani itkiyə etiraza səsləyirdi. Bəlkə elə buna görədir ki, zala toplaşanlar sanki nəyisə axtarır, hansısa səsə qəribsəyirmiş kimi boylanırdılar.

Bu yubiley digərlərindən bir az fərqli ovqatda, bir ayrı nisgildə idi. Təbii ki, komik, hətta dramatik obrazlarında belə tamaşaçıya bir təbəssüm payı ayıran və həyatın bütün ağır zərbələrinə rəğmən incə yumor və həyat, sənət eşqini itirməyən aktyora ehtiram, ayrı münasibət bu gecədən də yan keçmədi. Onun yaratdığı obrazlar qalereyası çoxsaylı tamaşaçılara sonsuz sevinc və sənət səadəti bəxş edib. O, sözün əsl mənasında, korifey sənətkar idi. Elə buna görə də haqqında səslənən fikirlərdə də sadəcə xatırlatma, sadəcə söz xatirinə danışıqlar yox, əsl tamaşaçı, dost, tərəf-müqabilin sənətkara sevgisinin nümayişi vardı...

S.Aslanla bağlı xatirələrini bölüşən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan mədəniyyətinin, teatr və kino sənətinin inkişafında, tanıdılmasında mühüm rol oynamış sənətkarın yerinin daim göründüyünü dedi. Aktyorun unikal insan olduğunu və daim ətrafına münasibətdəki obyektivlik və səmimiyyətini xüsusi vurğuladı. Sənətkarla tanışlığından və sonradan böyük dostluğa çevrilən uzun illərin münasibətlərindən müəyyən məqamları yada saldı: "Siyavuş Aslan Milli Dram Teatrına gələndən sonra teatrın repertuarından tutmuş tamaşaçı axınına qədər hər məsələ köklü surətdə dəyişib. Mərhum sənətkar hər kəslə dil tapmağı bacaran adam idi. Hər kəsə xeyirxahlıq edirdi. Siyavuş Aslan Azərbaycan teatrının sonuncu nəhəng sənətkarlarından idi. Onun haqqında çox danışmaq olar. Ona dünya standartlarına cavab verən aktyor deyiblər. Bu həqiqətdir".

Qeyd olundu ki, S.Aslan milli və dünya dramaturqlarının akademik teatrın səhnəsində qoyulan müxtəlif əsərlərində əsas rolları canlandırıb. Daim rejissorların rol vermək istədiyi və elə tamaşaçıların da daim səhnədə arzuladığı aktyor olub: “O, son dərəcə diqqətli və alicənab, hər şeyin yerini bilən insan idi. Hər bir tamaşada özünə qarşı daim tələbkar idi. Oynadığı obrazlara qısqanc münasibət bəsləmirdi və aktyor həmkarlarına qarşı daim səmimi idi. Bildiklərini bölüşməyi bacaran böyük ürəkli sənətkar idi. Görkəmli aktyor Azərbaycan kinosunda və televiziyasında da silinməz izlər qoyub. Buna görə də böyük sənətkar kimi daim sevgi ilə anılacaq. Düşünürəm ki, bir sənətkarın cismani yoxluğundan sonrakı ikinci ömürlüyünün əbədiyyət səadəti də məhz bundadır”.

Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru, Xalq artisti Azərpaşa Nemət sənətkarı bitkin şəxsiyyət kimi xarakterizə edərək, onun oynadığı bütün obrazlarda ürəyini qoyduğunu, hər bir rejissor üçün tapıntılarla zəngin oyun üslublu aktyor olduğunu dedi: "Siyavuş Aslan mənim bütün tamaşalarımda baş rolları ifa edib. Sonuncu dəfə mənim quruluşumda "Hamlet" əsərində Poloni obrazını ifa etdi. Mən dostuma Allahdan rəhmət diləyirəm. Onu 80 yaşında təbəssümlə xatırlayaq".

Bildirildi ki, Siyavuş Aslan istər Musiqili Teatrda istərsə də Milli Dram Teatrında yaratdığı fərqli obrazlar sayəsində bir aktyoru ampluaya sığdırmağın mümkünsüzlüyünü ortaya qoydu.

Tədbirdə həmçinin aktyorun sənət dostları, səhnə və həyat sirdaşları olmuş xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov kövrək xatirələrini bölüşdülər. Onun aktyor dostlarına, tərəf-müqabillərinə olan diqqətindən danışdılar.

Siyavuş Aslanın rol aldığı bir neçə televiziya tamaşası və proqramının quruluş müəllifi Məhərrəm Bədirzadə, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə aktyorun televiziya və kinoda yaratdığı bənzərsiz obrazlardan söz açdılar. Çəkildiyi rollara rəğmən, kəşf olunmayan aktyor potensialını qeyd etdilər.

Sənətkarın teatr səhnəsində, eləcə də televiziya və kinofilmlərdə yaratdığı unudulmaz obrazlarından örnəklər təqdim olundu. Xatirələr işığında tamaşaçılar bir neçə anlıq o illərə qayıdıb bir sənətkar ömrünün incəsənətdə keçən illərinə sürəkli alqış və sevgi nümayişi ilə cavab verdilər.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2015.- 27 noyabr.- S. 6.