İSESCO-nun fəaliyyəti geniş müzakirə olundu

 

Noyabrın 26-sı, günün ikinci yarısında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə İSESCO Baş Konfransının 12-ci sessiyasının iclasları davam etdi.

İkinci iclasda öncə İSESCO İcraiyyə Şurasının sədri Bubəkr Dokurə gündəlikdə duran məsələlər barədə məlumat verdi. Bildirildi ki, iclasda baş direktorun hesabatı, tədbirlər planının təsdiqlənməsi və s. məsələlər müzakirə ediləcək.

Sonra baş direktor Əbdüləziz Osman əl-Tüveycrinin 2012-2014-cü illər üzrə təşkilatın fəaliyyəti ilə bağlı hesabatı dinlənildi. Baş direktor bildirdi ki, İSESCO-nun gördüyü işlər üzv ölkələrin fəaliyyətində özünü açıq şəkildə büruzə verir. O, Mərakeş Krallığına nümunəvi əməkdaşlıq və təşkilata göstərdiyi maliyyə yardımına görə təşəkkürünü bildirdi. Diqqətə çatdırıldı ki, təşkilat öz fəaliyyətini daha da genişləndirməyi qarşıya məqsəd qoyub. Bu fəaliyyət bəşəri dəyərlərin qorunması, biosferanın mühafizəsi, elmi tədqiqatların aparılması, sosial sahələrdə əməkdaşlığı əhatə edir.

Qeyd olundu ki, təşkilat hesabat dövrü ərzində mədəniyyət sahəsi üzrə 304, əməkdaşlıq, münasibətlərin qurulması üzrə 352, informasiya texnologiyaları üzrə 313 fəaliyyət həyata keçirib. Eyni zamanda, qurum digər sahələrdə də fəaliyyətini genişləndirib.

İSESCO digər beynəlxalq təşkilatlarla münasibətlərini inkişaf etdirir. Fəaliyyət dövründə xüsusi ixtisas qrupları yaradılıb, seminarlar, treninqlər keçirilib, müxtəlif sahələr üzrə mütəxəssislər tədqiqatlara cəlb edilib. Təşkilat üzv dövlətlərdə 200-dən artıq tədbir keçirib. Elmi ideyalar, mədəni müxtəliflik, sosial sahələri əhatə edən layihələr gerçəkləşib. Qurumun nəşrləri işıq üzü görüb, QHT sektoru və İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələr gücləndirilib.

Hesabat dinlənildikdən sonra üzv ölkələr tərəfindən təsdiqləndi.

Sədr Əbülfəs Qarayev hesabatda qeyd edilən fəaliyyətlərin üzv ölkələrin inkişafına müsbət təsirini qeyd etdi.

Sonra nümayəndə heyətlərinin çıxışları dinlənildi. Misir, Somali, Uqanda, Pakistan, Banqladeş, Nigeriya dövlətlərinin nümayəndələri müxtəlif mövzularda fikir və təkliflərini irəli sürdülər.

Bildirildi ki, elə islam dövlətləri var ki, təşkilatın onlara dəstəyi daha çox olmalıdır. Təşkilat çərçivəsində bu ölkələrə yardım artırılmalıdır. Mavritaniya nümayəndəsi ölkəsinin Azərbaycanla əlaqələrin qurulmasında maraqlı olduğunu diqqətə çatdırdı. Somali Federal Respublikası təhsil sektorunun dəstəklənməsi üzrə donor konfransı layihəsi barədə məruzə ilə çıxış etdi və layihə üzv ölkələr tərəfindən təsdiqləndi. Dinləmələrdə insan haqları, təhsil sistemi, elmi və mədəni əlaqələr mövzularında təkliflər də dinlənildi.

Pakistan nümayəndəsi çıxışı zamanı Dağlıq Qarabağ və digər müsəlman ölkələrində münaqişələrin nizamlanmasına diqqətin artırılmasını ön plana çəkdi. Qeyd edildi ki, İSESCO davamlı sülhün bərqərar olması üçün bütün imkanlardan istifadə etməli və bu yolda fəaliyyətini əsirgəməməlidir.

Günün sonunda İSESCO Baş Konfransının 12-ci sessiyasının üçüncü iclası keçirildi. Noyabrın 27-də sessiya işini başa vuracaq.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.-27 noyabr.- S. 5.