Sessiyada qəbul edəcək qərarlar islam ümmətinin sıralarını sıxlaşdıracaq

 

Oman Sultanlığı ilə Azərbaycan Respublikası arasında mövcud olan əlaqələr inkişaf edir. Bu əlaqələrin inkişaf etməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Oman Sultanı Qabus bin Səidin böyük rolu var.

Bu fikri Oman Sultanlığının nümayəndə heyətinin rəhbəri, Təhsil Nazirliyinin müşaviri Məhəmməd Həmdan Süleyman əl-Tubi müsahibəsində bildirib.

O, İSESCO-nun Baş Konfransının XII sessiyasının əhəmiyyətindən danışaraq deyib: “İslam ümməti son zamanlar böyük proseslərin şahididir. İslam xalqlarını təmsil edənlərin burada bir yerdə toplanması və bu məsələləri müzakirə etməsi mühümdür. Düşünürəm ki, bu tədbirdə qəbul ediləcək qərarlar islam ümmətinin sıralarını daha da sıxlaşdıracaq”.

Məhəmməd Həmdan Süleyman əl-Tubi islamla terrorun eyniləşdirilməsinə aydınlıq gətirərək bildirib ki, bu, islama qarşı nifrəti olan tərəflərin uydurmasıdır. Lakin İslam ümməti 1400 ildən çoxdur ki, əsas kitabı “Qurani-Kərim”ə istinad edərək islam xalqlarının sülh ümməti olduğunu bir daha bildirir və göstərir.

 

Mədəniyyət.- 2015.- 27 noyabr.- S. 4.