Azərbaycan
dünyada sülh və anlaşmaya öz töhfəsini verir
Xəbər
verdiyimiz kimi, Azərbaycan paytaxtı İslam Təhsil, Elm və
Mədəniyyət Təşkilatının (İSESCO)
mötəbər tədbirlərinə - İcraiyyə
Şurasının 36-cı iclasına və Baş
Konfransının 12-ci sessiyasına ev sahibliyi edir. Tədbirlərə
50-dən çox müsəlman ölkəsindən nümayəndə
heyətləri qatılıb.
Noyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycrini qəbul edib.
Baş direktor təşkilatın ali toplantılarının Bakıda keçirilməsinə göstərdiyi dəstəyə və yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, bu əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.
* * *
Noyabrın 26-da İSESCO Baş Konfransının 12-ci sessiyasının açılışı olub. Prezident İlham Əliyev və xanımı, İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Təşkilatın ali qərarverici orqanı olan Baş Konfrans hər üç ildən bir toplanır. İSESCO-nun ümumi fəaliyyət strategiyasını müəyyən edən Baş Konfrans zamanı təşkilatın fəaliyyət sahələrinə aid olan məsələlərlə bağlı əlaqələndirmə və qiymətləndirmə həyata keçirilir, qurumun növbəti üç il üçün fəaliyyət planı və büdcəsi təsdiqlənir.
İSESCO-nun Baş Konfransının 12-ci sessiyası “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.
İslam sülh və əmin-amanlıq dinidir
Tədbirdə çıxış edən Prezident İlham Əliyev İSESCO-nun Baş Konfransının XII sessiyasının Bakıda keçirilməsini ölkəmiz üçün əlamətdar hadisə adlandırıb. Prezident İSESCO-nun dünya miqyasında önəmli beynəlxalq təşkilata çevrildiyini, son illərdə islam aləmində elm, təhsil və mədəniyyət sahələrinin inkişafında böyük uğurlara nail olduğunu bildirib.
Ölkəmizin İSESCO-nun fəal üzvlərindən birinə çevrildiyini deyən Prezident qeyd edib ki, indiyədək təşkilatın xətti ilə Bakıda bir çox mötəbər tədbirlər keçirilib. “İSESCO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin haqlı mövqeyini daim dəstəkləyib”, - deyən dövlət başçısı bu mövqeyinə görə baş direktor Əbdüləziz Osman əl-Tüveycriyə minnətdarlığını bildirib. Prezident vurğulayıb ki, münaqişə uzun illərdir davam edir, ərazimizin 20 faizi işğal olunub, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Ermənistanın beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymadığını vurğulayan dövlət başçısı Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bildirib və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini diqqətə çatdırıb.
Prezident deyib ki, ATƏT-in işğal olunmuş ərazilərə göndərdiyi missiyaları orada hər şeyin, həmçinin 10 məscidin dağıdıldığını müəyyən ediblər. “Bu vəhşilikdir, bu, islam mədəniyyətinə qarşı terrordur”, - deyən İlham Əliyev son vaxtlar bəzi Qərb dairələrində islamın terrorla əlaqələndirilməsinin düzgün olmadığını, islamın sülh dini olduğunu vurğulayıb.
Azərbaycanın islamofobiyaya qarşı mübarizə apardığını diqqətə çatdıran dövlət başçısı ölkəmizin xaricdə islam mədəniyyətinin təbliğinə böyük önəm verdiyini, Azərbaycanın dinlərarası və millətlərarası əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi, islam dəyərlərinin təbliği istiqamətində dünyada fəal iş aparır: “Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir”. Prezident İSESCO-nun məşğul olduğu sahələrin ölkəmizdə inkişaf etdiyini, elm, təhsil və mədəniyyət sahəsində iri layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, bu il tarixdə ilk dəfə Bakıda birinci Avropa Oyunları keçirilib. 2017-ci ildə isə Bakı İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bu təkcə idman hadisəsi deyil, həm də sivilizasiyalararası əməkdaşlığın göstəricisidir. Ölkəmiz dünyada anlaşmaya, insanların sülh və əmin-amanlıq şəraitində yaşamasına daim öz töhfəsini verir.
Çıxışının sonunda İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycrinin xidmətlərini vurğulayan Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsində və ikitərəfli əlaqələrin inkişafında onun böyük rol oynadığını deyib və ölkəmizin yüksək dövlət mükafatlarından olan “Dostluq” ordenini ona təqdim edib.
Azərbaycanın nail olduğu inkişaf müsəlman aləminə nümunədir
Əbdüləziz Osman əl-Tüveycri bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə, həmçinin yüksək ordenə layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Təşkilatın fəaliyyət proqramı və gələcək planlar barədə danışan Əbdüləziz Osman əl-Tüveycri növbəti üç il ərzində Baş Konfransın əsas fəaliyyət proqramını açıqlayarkən bildirib ki, başlıca diqqət gənclərin islam dəyərlərinin gücləndirilməsi işinə səfərbər olunmasına, üzv dövlətlərin təhsil, elm və mədəniyyət sahələrində keyfiyyətli idarəçiliyin təşkilinə yönəldiləcək.
Baş direktor bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan inkişaf bütün islam aləmində müasir dövlətin nümunəsidir. Qazanılan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik edən İSESCO-nun baş direktoru bu nailiyyətlərin davamlı olacağına əminliyini ifadə edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini bildirərək işğal olunmuş ərazilərin tezliklə azad edilməsinin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşılmasının zəruriliyini diqqətə çatdırıb.
* * *
Sonra mükafatlandırma mərasimi olub. İSESCO-nun 2015-ci il üzrə “Savadlılıq” mükafatına Nigeriyanın nümayəndəsi layiq görülüb.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş Konfransın nümayəndələri ilə xatirə şəkli çəkdiriblər.
* * *
Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin iyulunda İSESCO-nun Baş Konfransının 12-ci sessiyasının və İcraiyyə Şurasının 36-cı iclasının Bakıda keçirilməsi ilə bağlı sərəncam imzalamışdı. İSESCO-nun Bakı toplantılarında müzakirə olunan məsələlər, qəbul ediləcək qərarlar islam ölkələri arasında əməkdaşlığın dərinləşməsinə töhfə olacaq.
Azərbaycan 1991-ci ildən İSESCO-nun
üzvüdür. Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın 2006-cı ildə İSESCO-nun xoşməramlı
səfiri adına layiq görülməsi ilə ikitərəfli
əlaqələr uğurlu inkişaf mərhələsinə
qədəm qoyub və hazırda ən məhsuldar
dövrünü yaşayır.
Mədəniyyət.- 2015.- 27
noyabr.- S. 3.