Ölkəmiz mədəniyyətlərarası
dialoqu möhkəmləndirən tədbirlərə ev
sahibliyi edir
Azərbaycanın birinci xanımı İSESCO-nun baş direktoru və xoşməramlı səfirləri ilə görüşüb
Noyabrın 26-da
Azərbaycanın birinci xanımı, İSESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyeva təşkilatın baş direktoru
Əbdüləziz Osman əl-Tüveycri və xoşməramlı
səfirləri ilə görüşüb.
Qonaqları salamlayan Mehriban Əliyeva İSESCO-nun Baş Konfransının 12-ci sessiyasının Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib, bu tədbirin ölkəmiz və ümumilikdə islam dünyası üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. İSESCO-nun baş direktorunu Azərbaycanın yüksək mükafatı - “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edən Mehriban Əliyeva bu təşkilatla ölkəmiz arasında sıx əlaqələrin olduğunu deyib. Bildirib ki, Azərbaycanda bütün dinlərin, mədəniyyətlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayırlar. Ölkəmizdə mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqun möhkəmləndirilməsinə xidmət edən mühüm tədbirlərin keçirildiyini deyən Mehriban Əliyeva tolerantlığın Azərbaycan cəmiyyətinin həyatında güclü ənənəyə çevrildiyini bildirib.
Azərbaycanın birinci xanımı rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti və ənənələrini tanıtmaq üçün dünyada bir çox tədbirlər keçirdiyini və həmin tədbirlərdə Azərbaycanda hökm sürən tolerantlıq mühiti barədə ətraflı məlumat verildiyini söyləyib. Mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqun möhkəmləndirilməsində İSESCO-nun xoşməramlı səfirlərinin fəallıqlarını daha da artırmalarının əhəmiyyətini vurğulayıb. Mehriban Əliyeva İSESCO ilə əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
İSESCO-nun baş direktoru təşkilatla Azərbaycan arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edərək münasibətlərin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib.
Görüşdə əməkdaşlığın
perspektivləri ilə bağlı fikir mübadiləsi
aparılıb.
Mədəniyyət.- 2015.- 27
noyabr.- S. 2.