Rənglərdə
yaşanan ömür
Sadıq Şərifzadənin zəngin yaradıcılıq dünyası
Azərbaycan rəssamlıq
sənətinin inkişafında Əməkdar incəsənət
xadimi Sadıq Şərifzadənin
(1912-1986) böyük xidmətləri olub. O, uğurlu
yaradıcılıq fəaliyyəti ilə adını milli təsviri sənət
məktəbinin tanınmış nümayəndələri
sırasına yazmışdır.
Sadıq Hüseyn oğlu Şərifzadə 1912-ci il dekabrın 5-də Cənubi Azərbaycanın ən gözəl şəhərlərindən olan Ərdəbildə dünyaya göz açıb. Bakıda Ə.Əzimzadə Rəssamlıq Texnikumunu bitirib, sonra 1936-cı ildə Kiyev Dövlət Rəssamlıq İnstitutuna daxil olub. Məşhur Ukrayna rəssamları Volokdni, Traximenko və Qriqoryevdən sənətin sirlərini öyrənib. 1939-cu ildə özünün xahişi ilə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna köçürülüb. 1940-cı ildə institutun 5-ci kursundan Bakıya qayıdaraq ciddi yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa başlayıb.
Sənət uğurlarına görə 1959-cu ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülən rəssamın əsərləri müxtəlif muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.
S.Şərifzadə əsasən dəzgah rəngkarlığının süjetli tablo, portret və mənzərə janrlarında bir-birindən maraqlı sənət əsərləri yaradıb. Fırça ustasının yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi məzmun və forma dolğunluğunu, realist ənənələrə sadiqliyi, milli, tarixi və ədəbi mövzulara daha çox üstünlük verilməsi və s. cəhətləri qeyd etmək olar. Onun süjetli tablolarına nümunə kimi “Üzüm yığımı” (1939-1940), “Aşıqların deyişməsi” (1950), “Sevinc” (1973), “Abşeron bağlarında” (1980), “Bahar bayramı. Novruz” (1980), “Analıq” (1980) və başqa əsərləri göstərə bilərik.
“Üzüm yığımı” əsərində kompozisiyanın mərkəzində dairəvi planda insanlar üzüm səbətlərindən üzümləri boşaltdıqları məqamda təsvir edilmişdir. Arxası tamaşaçıya sarı profildən təsvir edilmiş, əlində üzüm səbəti, qırmızı geyimli, uzunsaçlı qadının təsviri tamaşaçının diqqətini özünə cəlb edir. Rəssam bununla bir növ zəhmətkeş qadın əməyinin nümunəsini göstərməyə çalışmışdır.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, rəssam yaradıcılığında zəhmətkeş qadın, ana obrazına yüksək həssaslıqla yanaşaraq poetik biçimdə, cəlbedici və lirik lövhələr yaratmışdır. Bu baxımdan “Sevinc”, “Analıq” adlı əsərlərini qeyd etmək olar. Bu əsərlərdə rəssam ana məhəbbətini, övlad səadətini inandırıcı tərzdə, bədii-estetik baxımdan yüksək yaradıcılıqla təsvir etmişdir. Əsərlərin uğurlu kolorit həlli seyrçidə xoş duyğular oyadır.
S.Şərifzadənin süjetli tablolarının bir qismini adət-ənənələr, xalqımızın minilliklərlə formalaşdırdığı və sevə-sevə yaşatdığı milli və etnoqrafik xüsusiyyətlər təşkil edir. Məlum olduğu kimi, qədim dövrlərdən üzümdən məişətdə geniş istifadə olunmuşdur. Üzümü daşdan xüsusi yonulmuş dördkünc formalı axura (içində üzümü əzib, suyunu çıxarmaq üçün içərisi yonulub dərinləşdirilmiş tava daşı) yığar və ayaqyalın əzməklə müxtəlif üsullardan keçirərək abqora, sirkə və s. hazırlayardılar. Rəssam “Abeşeron bağlarında” əsərində həmin prosesi çox real şəkildə və yüksək bədii zövqlə təsvir etməyə çalışmış və fikrimizcə, məqsədinə nail ola bilmişdir. Əsər bədii əhəmiyyəti ilə yanaşı, etnoqrafik baxımdan da diqqəti cəlb edir.
Sənətkarın “Bahar bayramı. Novruz” əsəri xalqımızın bu gün də yüksək coşqu və xüsusi hazırlıqla qeyd etdiyi Novruz bayramı mərasiminin təsvirinə həsr olunmuşdur. Sovet dövründə müəyyən qadağalarla qeyd olunan Novruz mərasimi rəssamın fırçası ilə bir daha diqqət mərkəzində saxlanılmışdır. Kompozisiyanın mərkəzində bayram süfrəsinin qarşısında, əlində səməni tutmuş qadın təsvir edilib. Bəlkə də rəssam bahar bayramının simvolu hesab olunan səmənini bu cür qabarıq təsvir etməklə, Novruzun sülh, bolluq bayramı kimi qəbul olunduğunu isbat etmək istəmişdir.
S.Şərifzadə həmçinin maraqlı portretlər qalereyası yaratmışdır. Onu da vurğulayaq ki, təsvir olunacaq şəxsin həyat tərzi, fərdi xüsusiyyətləri, insani münasibətləri və yaradıcılıq aləmi rəssamın diqqətini cəlb etməsə, bu incəliklərlə xüsusi ilə tanış olmadan sənətkar mükəmməl əsər ortaya qoya bilməz. Rəssamın bu janrda əsərlərinə misal olaraq “Babəkin porterti” (1944), “Nəiminin portreti” (1969), “Sabir Balaxanıda” (1970), “İmadəddin Nəsiminin portreti” (1973) və başqalarını qeyd etmək olar.
S.Şərifzadə bəlkə də yeganə rəssamdır ki, yaradıcılığı boyu ayrı-ayrı dövrlərdə beş dəfə Nəsiminin portretini yaradıb. Görəsən, rəssamda bu istək haradandır? Nədir bu maraq? Təbii ki, Nəsiminin yaradıcılığı və keşməkeşli ömür yolu. Bu xüsusiyyətlər rəssamın həmişə marağına səbəb olmuşdur.
Görünür, bu rəssamın ədəbiyyata, şeir sənətinə dərin bağlılığı ilə əlaqədardır. Dahi Məhəmməd Füzulinin məğrur biçimli surəti həssas qəlbli, zərif duyğulu rəssamın fırçası ilə son dərəcə məharətlə kətanda əks olunmuşdur. Şərq qiyafəli şairin məğrur duruşlu, fikirli çöhrəsi seyrçinin qəlbində xoş hislər yaradır. Rəssam kompozisiyanın quruluşunu və obrazın bədii ifadə həllini yüksək məharətlə yerinə yetirib. Şairin əlləri bükülü vəziyyətdə, əlində əlyazma ilə təsvir edilməsi əsərin ideya qayəsinin açılmasına kömək edir. 1958-ci ildə bu əsərinə görə rəssam II dərəcəli respublika dövlət mükafatına layiq görülmüşdür.
Rəssamın diqqəti cəlb edən əsərlərindən biri də “Molla Nəsrəddinin portreti”dir. Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən biri, böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin obrazını rəssam çox realistik tərzdə və güclü bədii-estetik meyarlara uyğun şəkildə yarada bilib. Kompozisiyada stulda əyləşmiş, sağ qolunu masaya qoymuş və əlində qələm tutmuş vəziyyətdə, çöhrəsindən sanki işıq saçan böyük ədibin nəzərləri tamaşaçıya tərəf yönəlib. Yazı masası önündə əyləşmiş yazıçının düşündürücü və dərin baxışlarından onun yeni yaradacağı hansısa əsəri barədə düşündüyü hiss olunur. Əsərin kolorit həllində tutqun rəng keçidlərindən istifadə olunub.
Tanınmış fırça ustası eyni zamanda bir çox maraqlı mənzərə əsərləri yaratmışdır. Azərbaycan təbiətinin gözəllikləri, doğma diyarımızın dilbər guşələri həmişə sənət adamlarının ilham mənbəyinə çevrilmişdir. “Çayda barja. Etüd” (1935), “Dağ mənzərəsi. Şuşa. Etüd” (1939), “Şuşada küçə. Etüd” (1939), “Göygöl” (1948) və başqa əsərləri mənzərə janrının kamil örnəkləridir. Rəssamın görüb sezdiyi ani təbiət gözəlliklərini bir daha öz bədii təxəyyülündən süzməklə yaratmaq istəyi, təbii ki, yaradıcı şəxsdən xüsusi məharət tələb edir.
Rəssamın Göygölün ecazkar gözəlliyini əks etdirən əsəri istiqlal şairimiz Əhməd Cavadın aşağıdakı misraları ilə necədə səsləşir:
Dumanlı dağların yaşıl qoynunda
Bulmuş gözəllikdə kamalı Göygöl!
Yaşıl gərdənbəndi gözəl boynunda
Əks etmiş dağların camalı Göygöl!
S.Şərifzadə istedadlı teatr rəssamı kimi fəaliyyət göstərmiş və uğurla bir çox tamaşaların bədii tərtibatını hazırlamışdır. Rəssamın bədii tərtibat verdiyi tamaşalara Abdulla Şaiqin "Fitnə" (1947), Lope de Veqanın "Sevilya ulduzu" (1953), İslam Səfərlinin "Göz həkimi" (1954), Mehdi Hüseynin "Cavanşir" (1956), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (1958), Şıxəli Qurbanovun "Əcəb işə düşdük" (1961), Mirzə İbrahimovun "Kəndçi qızı" (1963) və başqa nümunələri göstərə bilərik.
O, 1952-1960-cı illərdə “Kirpi” jurnalında çalışmış və nəşrin ruhuna uyğun bir çox satirik rəsmlər yaratmışdır.
Sadıq Şərifzadə zəngin yaradıcılığı, incəsənətimizə tükənməz sevgisi ilə sənət tariximizdə əbədi yaşayacaq.
Əsəd Quliyev,
AMEA-nın
dissertantı, Rəssamlar İttifaqının üzvü,
sənətşünas
Mədəniyyət.- 2015.- 2
oktyabr.- S. 13.