Bu “XAN QIZI” -
həm də böyük Azərbaycan qızı, poeziyamızın arifcə “ğəmzədə”si, zərifcə qəmzə-nazı...
Bu Vətən qızı - öz işləri, əməllərilə başdan-başa səxavət, şeirləri,
qəzəllərilə büsbütün
hərarət!
Bu - ünvanca
“Qalalı”, talecə məlallı, vüsalca
yaralı xanım eşqi gül
açmayınca, çevir-çevir
“Sevirəm” dedi. Cismi
külə dönməyincə, alov-alov
“Yanıram” yazdı. “Kami-dil”ə çatmayınca,
addımbaşı “Gedirəm”, son mənzilə
yetənəcən zülüm-zülüm
“Ölürəm” sızladı...
Sonuncudan savayı, bu poetik hal-əhval “xəbər”lərinin hamısına vəfalı çıxdı Xan qızı. “Ölürəm”indən nakam getdi. Əlbəttə, 1897-ci ilin 2 oktyabr günü - bioloji dünyadəyişimi istisna edilməklə. “Son ucu ölümlü dünya”da çox az bəndələrə müyəssər olan bu “istisna”nın bəhrəsi olan müstəsnalıqla əbədiyaşarlığa qovuşdu Xan qızı Xurşudbanu Natəvan!..
“Sevirəm”, “yanıram”, “gedirəm”, “zar ağlaram” kimi bədii-“sənədli” ağıları adi psixolojiliklərdən çox uzaq olan bu sənətkarın “Ölürəm”i də biolojilikdən iraqdır. Bu kimi ifadələrinin ön-sonlarındakı hiss-həyəcanların “necə-nə cür”lük dərəcələri göstərir ki, onun sevgi-məhəbbəti hər aşiq-məşuqunkuna bənzəməyib. Onun “Sevirəm”lərində, ustadlar Ustadı sələfinin ilahi misralarından birinə yansıdıban desək, Leylidən füzun məşuqluq istedadı var. Onun “Zar-ağlaram”larında - başqa bir xələfinin təbirilə ərz etsək, “Eşq əhlisən - məni yaxşı qanarsan, Gözlər yağış yağdırmasa, yanarsan!” Onun “Yanıram”ları “öylə atəşi-nar saçar” ki, onları qalın qar üstündə ayaqyalın da dayanıb oxumaq, dinləyib illəmək olar...
Bu xanım -
neçə-neçə romana, poemaya mövzu olası bir dastan-ömür yaşayıb. Tək elə şəxsi ömür yaşamayıb, həm də əqli və maddi imkanları ilə yaxın yurddaşlarının, uzaq soydaşlarının yaxşı yaşamalarına yardımçı olub. Fitri istedadı ilə milli ədəbiyyat-incəsənət-mədəniyyət sarayımızın ayrıca bir hücrəsini yazıb-yaradıb. Öz şəxsində sivilliyimizi, mesenatlığımızı elə dalğalandırıb, plüralizm, tolerantlıq, gender bərabərliyilə bağlı elə təəssüratlar yayıb ki, bunlar haqda nə və necə desək də, adekvat olmayacaq. Həcm-vəzncə nə qədər yazsaq da, taleyindən-təxəllüsünə “təvansız”, mürəkkəbindən-qələminə rahət-rəvansız bu isimi layiq olduğu sifətə salmayacaq. Bir sözlə, bu yazı böyük Xan qızı haqda balaca bir “rəiyyət sözü” çəpərindən, növbəti “yubiley yazısı” sərhədindən o yana getməyəcək...
Və elə bu məqamda cəng mayalı məşhur zərb-məsəlimizi (“Aslanın erkəyi-dişisi olmaz”) andıran gender sayalı bir qəlb-misal: Dözümün qadını-kişisi olmaz!
Bu qadının çox böyük və tamamilə təkrarsız dünyası olub. Çoxlarının “beşgünlük” hesab etdiyi, “qəlp” deyib yaşadığı bu dünyanı bu xanım bütün qəlbi ilə duyub-yaşayıb. Ətraf-əfkar dünyası isə onu qədərincə qədir-qiymətləndirməyib. Və deyəsən... elə belə yaxşıymış; poeziyamızın belə bir özəl-gözəl səhifəsinin yazılıb-yaranması üçün. Həm bizə bəxş etdiyi doyumsuz ədəbi miraslıq, həm də özünə qazandığı əbədi ölümsüzlük üçün!..
Yuxarıda yararlandığım məsəllərdən daha birisini çəkim söz ayağına: “Həm ziyarət, həm ticarət”. Özü də aşağıdakı “qarşıdurma” ab-havalı qarşılıq naminə; -
Sənət və siyasət...
Öncə, sovetlər dönəmində üstü vurulmayan, hətta şayiə hesab etdirilməyə çalışılan məlum bir həqiqət haqqında kiçik bir haşiyə. Belə ki, Xurşudbanunu ərə (bütün qəlbi, milli mahiyyəti, kütləvi məclislərin əzbəri olan şeirləri, ətraf aləmə fərdi təsiri ilə milli-mənəvi atom perspektivinə görə) çar Rusiyası verib. “Periferiya” zatlı Xan qızının kəbinini derjava təyinatlı imperiya kəsib...
1832-ci ilin yayında doğulmuş, xan sarayının çox təcrübəli tərbiyəçilərindən mükəmməl dərs almış, Quran ayələrindən, dini ehkamlar, ərəb, fars dilləri, klassik ədəbiyyat, şeir, sənət, incəsənət qayda-qanunlarından tutmuş dövrün əsas ictimai-siyasi, mədəni-mənəvi ab-havasına qədər çox şeyi mənimsəmiş bu fenomenal məxluq 1850-ci ilin payızında - on səkkiz yaşında - sıradanbir qız xeylağı kimi ərə verilir. Toy gecəsi Şuşa kimi ünlü bir mədəniyyət mərkəzində yumduğu bəsirət gözü Dağıstanın üstü unlu bir kəndində, Qafqaz canişininin şəxsi yavəri Xasay bəy Usmiyevin yanında açılır. Təhtəlşüurunda isə siyasi “elçi”lərinin acı bağırsaq kimi uzanası məqsəd-məramı. Bu zərif gəlin onların Mehdiqulu xan Cavanşir nəslinin Tiflisdəki mülk iddialarının həllinə köməkçi-vasitəçi kimi qoşduğu bu “taxt-tac bəyi”ni sonradan “izdivac bəyi” etmək məkr-məqsədlərini vərə-vird edir. Qanını qanına caladığı bu qonşu-qohum xalqla öz milləti arasında xeyli adət-ənənə, xarakter yaxınlığı olduğunu bilsə də, qaynar irfani həyat, oturuşmuş mədəniyyət, kübar ab-hava sarıdan korluq çəkir. Lakin bütün bunları da öz tərbiyə təmrinləri, şəcərə mədəniyyəti, əsilzadə səbri ilə qarşılayır.
Bir müddət sonra Xasay bəy onu özüylə Tiflisə gətirir və Xurşudbanu tək elə gənclik həyatının yox, həm də poetik qəlb dünyasının ən çiçəklənən dövrünü bu şəhərdə yaşamalı olur. Ancaq o çağlar bütün Qafqazın böyük mədəni mərkəzi sayılan Tiflis Xurşudbanunun gündəlik maddi-mənəvi tələbatlarını az-çox ödəsə də, onun şairanə arzuları, çağlar ilhamı, köhlən xəyalları ilə o qədər də səsləşmir. Buna baxmayaraq, tezliklə incilər-incəliklər yaradıcısı kimi tanınacaq bu xanımın “çiçəklənən dövrü” daha əlamətdar hadisələrlə, “bioloji yaradıcılıq” olayları - övlad baratlarıyla naxışlanır. 1855-ci ildə oğlu Mehdiqulu, 1856-da qızı Xanbikə dünyaya gəlir. Lakin bu sevinc-şadlıq notları fonunda kədər xalları da səslənirdi. Amma nə qədər məşəqqətlər, sərt həyat imtahanları ilə üzləşsə də, o, əsl Azərbaycan xanım-xatınlığını, şəxsi nümunə-nümunəviliyini əldən vermir. Öz ailə səadətinə xal düşsə də, çevrəsindəki qız-gəlinlərin həyat yollarına mayak-dayaq olmaqdan yorulmur. Dövrün səhnəsiz, qəzetsiz, qonorarsız şairləri üçün “Məclisi-üns” adlı mükəmməl bir “şifahi nəşriyyat” təşkil edir. Şuşaya su kəməri çəkdirir. Araz çayından Mil düzünə böyük tutumlu su kəməri çəkmək təşəbbüsündə bulunur. Xanəndələri təkcə qəzəl-qoşmaları ilə deyil, “sol əlin bilmədiyi” şabaşlar, bəxşişlərlə də barındırır. Öz ağlı, düşüncəsi, fəhmi, qabiliyyəti, cəsarət və əməli fəaliyyətilə “köhnə yamaq, yun daramaq” missiyalı Azərbaycan qadınlarını fəal sabahlara, perspektiv ictimai sifarişlərə ruhlandırır. Özü isə öz qəlb və qələminin “Varımdı sinədə dərdü qəmi-nihan ölürəm”ində, böyük sələflərinin “Gör bu gerçək aşiqi - sərpa soyarlar, ağrımaz”, “Tutuşdu qəm oduna şad gördüyün könlüm” kimi dözüm və zülüm aləmlərində...
Bir həyat ki -
ictimai dəyər-əyarca heyrətamiz, şəxsi ağrı-iztirabca heyhatamiz...
Deyilənlərə görə, o, poetik eşq sərdarımızın “Ya rəbb, bəlayi-eşq ilə qıl aşina məni” misrasını hər dəfə böyük ləzzətlə söylər və eyni ləzzətlə də ağlayarmış...
Bir insan kimi yaşantıları, bir şairə kimi qoşu-qoşmantıları, daşa dəyən sevgi oxları, nakamını ağlayan ana ahları, böyük hərflə nəqş ediləsi Qadın Gileyləri öz tale mücrüsündən, müasirlərinin xatirəsindən, tədqiqatlarından daha çox tarixin “səyyareyi-təyyarə”sinin “qara qutu”suna gömüldüyünə görə, bu real xanım bəzən adama real insan kimi yox, ədəbi-bədii, əfsanəvi obraz təsiri bağışlayır. Sanki onun bioqrafiyası öz bioloji yaşantıları, fəaliyyət çabaları hesabına deyil, başqa sənətkarların bədii təxəyyül-təəssürat məcmularından yaradılıb.
Zərif qadın çiyinlərinin bu qədər gərginlik materialları ilə yüklənməsi faktı - belə bir fenomenal kompleksi dərk etməyə yönələn düşüncələrin, təsəvvürlərin belə çiyinlərini əyir. Bunu onun tədqiqatçıları da (Bəylər Məmmədov, Vasif Quliyev və b.) bu və ya başqa səpgidə duyururlar. Onun verdiyi musiqi təlimi “Xanlıq Şükür” adı ilə tanınan bir xidmətçisini mətbəx kölgəliyindən küll-Qarabağın sənət günəşi işıqlığına çıxarır. O, öz analıq ələmlərini bir “qırağa” qoyaraq, qızı Xanbikəni özünəməxsus toxtaqlıq təmrinlərilə nəinki fəal həyata, həm də “balıq suda” deyiminə müvafiq “insan sevgi-məhəbbətdə” duyumuna gətirir, onu qəzəllər, rübailər yazmağa ruhlandırır. O, çəm-xəm edən taleyin kəm bəxtinə hördüyü torların saplarını öz unikal tikmələrinin naxışları ilə çözüb-cizgiləyir, dünyəvi şeirləri, qəzəllərilə yerli xanəndələri Şuşanın “gül-bülbül” sərhədlərindən çox uzaqlara “ezam” etdirir, xeyir-dua əllərini beş-on ildən sonra dahiləşəsi balaca Üzeyirin başına çəkir, Hacı Hüsülərin, Məşədi İsilərin, Cabbar əmilərin maddi-mənəvi yollarına tuturdu...
Bir qismini xatırlatdığımız bu işlər, əməllər onun sənət, fərdi-ictimai mədəniyyət çalarlı əzabları fonunda baş verirdi. Çoxusu çağdaşlarına belə mübhəm qalan sənət nüvəli əzabları fonunda. Xanımlarla bağlı üstüörtülü sözlər - tək elə “qadın xəstəliyi” termini deyil ha, müqəyyəd bir “qadın əzabları” ifadəsi də var ki, gərək onları da dilə gətirmədən duyasan...
Şair olmasaydı, çox yəqin ki, onun da bu qəbil əzabları ümumqadınlığın həya “arxiv”lərinə gömülüb, görünməz-bilinməz olacaqdı. Məsələn, xeyli ixtisarlığında belə çox əzablı mübtədalardan xəbər verən bu şeirdəki kimi:
Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm,
Fəda olum sənə, gəl, eylə imtahan, ölürəm!
Fəraqdan tükənib tabü taqətim, billah,
Vüsalə yetməz əlim, zarü Natəvan, ölürəm!
Amma dildə belə deməyinə baxmayın, -
O ölmədi!..
Qəm dolu ömrü, ələmli qələmilə bitkin bir “dərd-kədər fərağı” yaratmış bu xanım müxtəlif sənət adamlarının, folklor müəllifi xalqın daimi marağına düşdü. Zəngin ədəbiyyat təsərrüfatımızda ağrı-acı mövzusunu da mükəmməl sənət səviyyəsində təqdim etdi. Sağlığında qəzəllərilə xanəndə-sazəndələri yer-yurdlarından dəbərdib bütün Qafqaza, İran-Turana poetik xəbər-ətər yaydıran bu şair, sonralar, böyük irsi ilə tədqiqatçıları, rəssamları, heykəltəraşları, bəstəkarları da öz pünhan sevdaları, “qəmi-nihan”ları üstə kökləmiş, bir sıra yaradıcıların mövzusuna, əsərlərin leytmotivinə çevrilmişdir. Xalq rəssamı Cəlal Qaryağdı Bakıda (“Azərbaycan” kinoteatrı qarşısında) monumental heykəlini yaratmış, Xalq yazıçısı İlyas Əfəndiyev “Xurşidbanu Natəvan” pyesini, Xalq artisti Vasif Adıgözəlov “Natəvan” operasını, “Qərənfil” mahnı-romansını yazmış, tədqiqatçılar adına neçə-neçə kitablar bağlamışlar.
Ömrünün sonlarında qələmə aldığı “Qərənfil” şairin öz-özünə şairanə xitabı, bu yazının isə xətmi kimi səslənir bu an bəndənizin qəlbində:
Səni gülşən ara aşüftə gördüm,
Yəqin
bildim tutub sevda, qərənfil!..
O, həyatda - bir az orda,
bir az burda,
daha çox da Şuşa həyət-bacasında 65 il
yaşadı. 1897-ci ilin oktyabrında dünyasını dəyişib
Ağdamın “İmarət”
qəbiristanlığında dəfn olundu. Sonra başladı əbədi ömür yaşamağa ki, hələlik bunun 118 ili gedir...
Tahir Abbaslı
Mədəniyyət.- 2015.- 2
oktyabr.- S. 12.