Milli poeziyada vətəndaşlıq ruhunun tərənnümçüsü

 

Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub

 

Sentyabrın 30-da paytaxtın Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Xalq şairi, dramaturq Bəxtiyar Vahabzadənin 90 illiyinə həsr edilmiş tədbir keçirilib.

 

Tədbirdə əvvəlcə şair haqqında sənədli film nümayiş olunub. Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Xalq şairinin yubileyinin keçirilməsi haqqında ölkə Prezidentinin 2015-ci il 14 yanvar tarixli sərəncamını ədəbiyyatımıza verilən yüksək qiymət kimi xarakterizə edib.

Bəxtiyar Vahabzadənin təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının şairi olduğunu söyləyən N.Şəmsizadə fəlsəfi-intellektual poeziyanın nümunələrini yaratmış qüdrətli şairin 60-cı illərdə sovet rejimini inkar edərək, milli mücadilə yolunda fədakarlıq göstərdiyini bildirib.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun şöbə müdiri Şahin Fazil, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Esmira Fuad, şair Vahid Əziz və başqaları şairin yaradıcılığının bu gün də yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynadığını söyləyiblər.

Digər çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatının xüsusi mövqeyə malik görkəmli simalarından olduğunu deyiblər. Şair, filosof, akademik, ictimai xadim olan Bəxtiyar Vahabzadə poeziyasının insanı daim mənəvi ucalığa səslədiyi vurğulanıb. Bildirilib ki, onun poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb. Tarixi-mədəni dəyərlərə ehtiramana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən biri olub.

Sonda rayondakı 42 nömrəli orta məktəbin şagirdlərinin ifasında B.Vahabzadənin şeirləri və şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib.

 

Mədəniyyət.- 2015.- 2 oktyabr.- S. 11.