Qala hasarından gələn avaz

 

Xanlıq Şükürün sənət yolu

 

XIX əsrin ikinci yarısı Azərbaycanda muğam sənətinin inkişaf etdiyi bir dövrdür. Müxtəlif muğamları məharətlə ifa edən görkəmli sənətkarlar nəsli yetişirdi. Öz ifası, zəngulələri ilə muğamsevərlərin qəlbini fəth edən belə xanəndələrdən biri də Xanlıq Şükür idi.

 

Xanlıq Şükür 1872-ci ildə Şuşa şəhərində dünyaya göz açıb. Çox gənc ikən valideynlərini itirir, babasının himayəsində böyüyür. Güzəranın ağırlığından ibtidai təhsillə kifayətlənməli olur. Yaxşı deyiblər ki, tale bir tərəfdən bağlayanda, digər tərəfdən açır. Şükür erkən çağlardan oxumağa həvəs göstərir. Onun bu məharəti çox keçmir diqqətləri cəlb etməyə başlayır.

Onun gənclik illəri Şuşada şeirin, xanəndəlik sənətinin çox çiçəklənən bir dövrünə təsadüf edirdi. Mənbələrdə göstərilir ki, həmin vaxtlar böyük şairə Xurşudbanu Natəvan başçılıq etdiyi “Məclisi-üns” ədəbi məclisinin üzvlərini tez-tez öz bağına dəvət edər, şairlər yeni yazdıqları şeirlərini oxuyar, musiqiçi və xanəndələrin ifası məclisə rəng qatarmış. Hacı Hüsü, Məşədi İsi, Sadıqcan və başqa məşhur musiqiçilər də məclisdə iştirak edərmiş.

Təbii ki, bu zəngin mənəvi mühit şəhər ictimaiyyəti arasında maraq doğurur və xüsusilə də gənclərə öz yaradıcı təsirini göstərirdi. Xan qızı şəhərdə qarşılaşdığı hər bir istedadlı gənci bu məclisə dəvət edir və qayğı göstərirdi. Həmin gənclərin arasında Xanlıq Şükür də vardı.

Araşdırmalarda qeyd olunur ki, bir gün Natəvan bağda gəzərkən Qala hasarının üstündə əyləşən bir gənc diqqətini çəkir. O, həzin və məlahətli bir səslə astadan oxuyur. Xan qızı bu səsdən təsirlənir. Xidmətçilərə tapşırır ki, gənci tapıb onun yanına gətirsinlər. Beləliklə, Şükürü gətirirlər. Natəvan ondan bir daha oxumasını istəyir. Şükürün oxumasını çox bəyənir. Sonra onun hansı ailədən olması ilə maraqlanır. Öyrənir ki, o, kasıb bir ailənin uşağıdır. Ona yardım etmək və oxutmaq qərarına gəlir və deyir: “Oğlum, sən istedadlı bir gəncsən. Həzin və məlahətli səsin var. Əgər istəsən özünü, həm də ailənizi xoşbəxt edərsən. Məsləhət edirəm ki, yanımda qalasan. Uşaqlarımla bir yerdə tərbiyə alasan, oxuyasan. Gələcəkdə savadlı xanəndə olarsan. Nəinki Şuşada, bütün Qarabağda tanınarsan”.

Xan qızının məsləhətinə qulaq asan Şükür onun himayəsində qalır. Şükür xan sarayında təhsil aldığına Şuşa camaatı onu “Xanlıq Şükür” deyə çağırır...

Daha sonra Natəvanın məsləhəti ilə Hacı Hüsü Şükürü himayəyə götürür. Bir müəllim kimi onunla yaxından məşğul olur. Xanəndə kimi yetişməsində əlindən gələni əsirgəmir. Şükür ədəbi məclislərdə, şeirmusiqi gecələrində yaxından iştirak edir. Şairlərin oxuduğu şeirləri dinləyir, xanəndələrin vurduğu xal və guşələri maraqla öyrənir.

Görkəmli musiqişünas Firudin Şuşinski araşdırmasında yazır ki, Natəvan tez-tez Şükürün səsinə qulaq asar, oxuduğu muğamları və təsnifləri bəyənərmiş. Xüsusilə də kədərli və hüznlü çağlarında Şükürü dinləyərmiş. Onun həzin və yanıqlı səsi şairənin qəlbinə bir rahatlıq, sakitlik gətirərmiş...

Natəvan 1897-ci ildə vəfat edir. Bu itkidən Xanlıq Şükür bərk sarsılır. Elə hesab edir ki, o, bir daha Şuşada yaşaya bilməz... Bu səbəbdən Şuşadan köçür. Uzun müddət İrəvanda yaşayır. Ədəbi məclislərdə el şənliklərində yaxından iştirak edir. Sonra yenidən Şuşaya qayıdır. Əvvəlcəİmarətqəbiristanlığına gedərək Xan qızının məzarını ziyarət edir. Onun məzarı başındaSegahüstə mərsiyə oxuyur. Yaxınlıqda olan insanlar bu ecazkar səsin qəmli avazınaİmarət”ə tərəf gəlirlər. Şükür bir onda başını yuxarı qaldırır ki, ətrafına xeyli insan toplaşıb...

O, ömrünün sonunadək Xan qızını unutmur. Məclislərdə onun qəzəllərini özünəməxsus bir avazla oxuyur. Tədqiqatlarda Xanlıq Şükürün xanəndəliklə yanaşı, aktyor məharətinin olduğu da qeyd edilir. Belə ki, o, Üzeyir HacıbəylininLeyli Məcnunoperasında İbn Səlam rolunu oynayıb. F.Şuşinski yazır ki, Şükürün İbn Səlamı Hüseynqulu Sarabskinin çox xoşuna gəlib. 1913-cü ilin avqust ayında Şuşada yaradıcılıq gecəsi keçirilərkən Sarabski Məcnunu, Şükür isə İbn Səlamı böyük məharətlə canlandırıblar.

Sənətşünas Cəlil bəy Bağdadbəyov xatirələr kitabında bu unudulmaz muğam ifaçısının yaradıcılığı ilə bağlı yazır: “Xanlıq Şükürün gözəl səsi var idi. O, “Şurmuğamını məharətlə oxuyardı. Şükür həmişə xalqın içərisində olduğundan bütün əhali onu çox sevərdi”.

Xanlıq Şükür klassik xanəndələr kimi rəsmi tədbirlərdə el şənliklərində yaxından iştirak edib. Genişqəlbli, xoşxasiyyətli insan olaraq yaddaşlarda yaşayan xanəndə uzun ömür yaşamayıb. 1927-ci ildə, 55 yaşında bu dünyadan köçüb, Şuşada dəfn olunub.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 2 oktyabr.- S. 11.