“Gözlənilməyən
sevgi”dən əbədi sevgiyə qədər
3 oktyabr Xalq yazıçısı İlyas Əfəndiyevin anım günüdür
İlyas Əfəndiyev ədəbiyyatımıza “Gözlənilməyən sevgi” hekayəsi ilə gəlsə də, qısa vaxt ərzində həyati hekayələri, povestləri, romanları, pyesləri ilə sovet ideologiyasında boğulan ədəbi mühitə azadlıq gətirdi. Əlinə qələm aldığı gündən ömrünün son gününə kimi qəlbinin səsinə qulaq asdı, ürəyindən keçənləri yazdı, əbədiyyət qazandı. O, bir ömür bu sözləri təkrar etdi: “Müəllif öz adına və oxucuya hörmət etməlidir”.
“Kənddən məktublar”ı ilə şəhəri heyrətləndirən yazıçı
...1914-cü ildə Füzulidə tanınmış tacir ailəsində anadan olan İlyas Məhəmməd oğlu Əfəndiyevin ata-babası bütün Qarabağda kasıba, yoxsula əl tutan, xeyirxah insanlardan biri kimi ad qazanmışdı. Ailənin bir qolu tacir nəsli, digər qolu ruhani təhsili almış axund və üləmalardan ibarət idi. Ona görə də bu ailə sovet hakimiyyəti dövründə - 30-cu illərdə ciddi təqiblərə məruz qalır, onların ata-baba mülkü əllərindən alınır, ailənin bəzi üzvləri “xalq düşməni” kimi güllələnir, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunur. Yazıçının atası Məhəmməd Əfəndiyevin evi, böyük mülkü, bağı zəbt edilir, “səs hüququ”ndan məhrum olur.
İllər keçəcək, gələcəyin böyük yazıçısı o hadisələri belə xatırlayacaqdı: “Bizim ailəmiz çox ağır vəziyyətdə idi. Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qaldı. Yeddi uşağın böyüyü mən idim. Bizim doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən zəbt edilmiş evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər”.
Qarabağın aran rayonlarında yaşayan ailələr kimi Məhəmməd kişi də yay aylarında ailəsi ilə bərabər yaylağa - Şuşaya köçər, İlyasın uşaqlıq illərinin bir hissəsi burada keçərdi. İllər ötəcək, İlyasın uşaqlıq xatirələri zaman-zaman boy verəcək, Şuşa və Qarabağ mövzusu onun yaradıcılığında mühüm yerlərdən birini tutacaqdı.
Ancaq ailənin xoş günləri, İlyasın uşaqlıq illərinin sevincli anları uzun sürmür, atası Məhəmməd kişi 1934-cü ildə 50 yaşında vəfat edir. Atasının vəfatından sonra İlyasın bir gənc kimi formalaşmasında, kitaba, ədəbiyyata marağının artmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri olur. Ədib anası haqqında xatirələrində yazır: “Anam keçmiş müsəlman qızları kimi, evdə mollakunə adamlardan dərs almışdı. Ərəb və rus əlifbalarında yazıb-oxuyurdu. Mütaliəni çox sevirdi... Ümumiyyətlə, anamız çox incə zövqə malik bir qadın idi...”
Yolların sonundakı işıq
İlyas Əfəndiyev 1930-cu ildə pedaqoji təmayüllü orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyat fənnindən dərs deyir. Gələcəyin görkəmli dramaturqu Füzulidə fəaliyyət göstərən kiçik kollektivin tamaşalarında “teatr” adlı sehrli bir aləmlə tanış olur. Sonralar o, qeyd edir ki, «mən də ora tez-tez gedir və böyük maraqla aktyorların oyunlarına tamaşa edirdim».
Ailə vəziyyəti ilə əlaqədar olaraq, təhsilinə bir neçə il fasilə versə də, ali təhsil almaq arzusu onu tərk etmir. 1934-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsinə daxil olsa da, elə həmin il “qolçomaq” oğlu olduğu üçün institutdan uzaqlaşdırılır.
Ancaq hökmü verən zamandır. İlyas Əfəndiyevin alın yazısını kimsə dəyişə bilməzdi. 1938-ci ildə o, APİ-nin coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirib rayona qayıdaraq müəllimliyini davam etdirir.
... 30-cu illərin sonlarında ədəbiyyata gəlir və bir-birinin ardınca hekayələr yazmağa başlayır: “Rayonda ora-bura qaçaraq gündə səkkiz-doqquz saat işləməklə bərabər hələ gecə kurslarında da dərs deyirdim. Çox yorulmağıma baxmayaraq, Qarabağın qarlı, uzun qış gecələrində heç kəsə bir söz demədən hekayələr yazdım. Sonralar «Kənddən məktublar» adı ilə çap olunan həmin hekayələri götürüb 1938-ci ilin yayında pulsuz-pənəsiz gəldim Bakıya...”
Bakı ədəbi mühiti onun yaradıcılığında mühüm rol oynayır. İlyas Əfəndiyev ilk mətbu əsərilə əlaqədar yazır: “1939-cu ildə “Revolyusiya və kultura” jurnalında “Gözlənilməyən sevgi” adlı ilk hekayəm çıxdı. Bundan az sonra “Kənddən məktublar” kitabım nəşr olundu”. Yazıçı əmək fəaliyyətini əvvəlcə “Kommunist” (1939-1940), sonra isə “Ədəbiyyat qəzeti”ndə nəsr şöbəsinin müdiri kimi davam etdirir.
“İlyas Əfəndiyev teatrı”
Böyük Vətən müharibəsinin başlanması bütün sənət adamları kimi İlyas Əfəndiyevin də yaradıcılığını yeni səmtə çevirir. Ədib dramaturgiyaya gəldiyi illəri belə xatırlayır: “...Tanınmış yazıçı Mehdi Hüseyn mənə yaxınlaşıb... “istəyirsən birlikdə bir pyes yazaq” - dedi. Məşhur yazıçının təklifi gənc yazıçı üçün çox xoş idi və mən razılıq verdim. Beləliklə də biz birlikdə “İntizar” pyesini yazdıq. Pyesi Adil İsgəndərov özü tamaşaya qoydu, musiqisini Səid Rüstəmov yazdı. Beləliklə, mən nəsr yazmaqla bərabər dramaturgiyaya daxil oldum».
Bundan sonra yazıçı milli teatrımız üçün “İşıqlı yollar” (1946) və “Bahar suları” (1947) pyeslərini qələmə alır. 40-cı illərin axırlarında o, artıq özünü bir nasir və dramaturq kimi təsdiq edir. Yaradıcılıq yollarında inamla addımlayan gənc yazıçı 1941-1945-ci illərdə Azərbaycan Radio Komitəsində ədəbi verilişlər şöbəsinin müdiri, 1945-ci ildən Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi, daha sonra isə “Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışarkən ədəbi ictimaiyyətlə bilavasitə təmasda işləyir, həyatı dərindən öyrənir, dünyagörüşünü daima artırır. 1945-ci ildə müəllifin “Aydınlıq gecələr” adlı ikinci kitabı nəşr olunur.
1949-cu ildə respublikanın ədəbi-mədəni ictimaiyyəti və bütün sənətsevərləri Azərbaycan peşəkar teatrının 75 illiyini təntənə ilə qeyd edərkən, səhnə sənətinin inkişafındakı xidmətləri nəzərə alınaraq İlyas Əfəndiyev “Şərəf nişanı” ordeni ilə təltif edilir.
1954-cü ildə tamaşaya qoyulmuş “Atayevlər ailəsi” dramaturqun yaradıcılığında uğurlu bir addım kimi yadda qalır. Pyes görkəmli rejissor Tofiq Kazımovun quruluşunda səhnələşdirilir. Bir-birini kəşf etmiş iki sənətkar sonralar Azərbaycan teatrı tarixinin parlaq səhifələrini yazacaq, yaradıcılıq əlaqələri uzun illər davam edəcəkdi...
Yazmaq alın yazısıdır
İlyas Əfəndiyev 1958-ci ildə ilk dəfə irihəcmli “Söyüdlü arx” romanını oxuculara təqdim edir və əsər yazıçıya böyük uğur qazandırır.
Kamil sənət nümunələri yaradan usta ədibin yaradıcılığında 60-80-ci illər ən məhsuldar dövr hesab olunur. Bu illərdə onun yaradıcılığında janr rəngarəngliyi özünü göstərir, bir-birinin ardınca iri nəsr əsərləri, ciddi ictimai-siyasi problemləri əks etdirən, gözəl mənəvi keyfiyyətlər aşılayan, eyni zamanda müasir Azərbaycan nəsrinin yüksək bədii-estetik səviyyəli nümunələri kimi şöhrət qazanmış “Körpüsalanlar” (1960), “Dağlar arxasında üç dost” (1963), “Sarıköynəklə Valehin nağılı” (1976-78), “Geriyə baxma, qoca” (1980), “Üçatılan” (1981) kimi povest və romanlarını dərc etdirir.
Həmçinin maraqlı dram əsərlərini qələmə alır, publisist və ədəbiyyatşünas kimi məhsuldar yaradıcılıq yolu keçir. Bu illərin məhsulu olan “Sən həmişə mənimləsən” (1964) pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji dramın əsasını qoyur. Bu yolu uğurla davam etdirən müəllif “Mənim günahım” (1967), “Unuda bilmirəm” (1968), “Məhv olmuş gündəliklər” (1969), “Qəribə oğlan” (1973), “Bağlardan gələn səs” (1976) və s. pyeslərini yazır. Bununla da Azərbaycan dramaturgiyası xəzinəsi zənginləşir, “İlyas Əfəndiyev teatrı” öz adını bir daha təsdiqləyir.
“İlyas Əfəndiyev teatrı”nın uğurlarından söhbət açarkən təkcə onu göstərmək kifayətdir ki, ilk tamaşası 1968-ci ildə olan “Unuda bilmirəm” pyesi 1981-ci ilə qədər Azərbaycan teatrlarında 350 dəfə oynanılmışdır.
Əlinə qələm aldığı ilk gündən müasir cəmiyyəti narahat edən aktual mövzulara üz tutan ədib 1971-ci ildə «Mahnı dağlarda qaldı» tarixi pyesini yazır. Yeni yaradıcılıq uğuru kimi qarşılanmış pyesə görə müəllifə 1972-ci ildə respublikanın Dövlət mükafatı verilir. Ədəbiyyat xadimi kimi geniş şöhrət qazanan İlyas Əfəndiyev 1979-cu ildə Xalq yazıçısı fəxri adına layiq görülür.
80-90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb-yaradır, “Şeyx Xiyabani” (1986), “Bizim qəribə taleyimiz” (1988), “Sevgililərin cəhənnəmdə vüsalı” (1989), “Tənha iydə ağacı” (1991), “Dəlilər və ağıllılar” (1992), “Hökmdar və qızı” (1994) və s. pyesləri tamaşaya qoyulur, yeni kitabları nəşr edilir.
Azərbaycan ədəbi ictimaiyyəti 1994-cü ildə Xalq yazıçısının anadan olmasının 80 illiyini təntənəli şəkildə qeyd etdi. Prezident Heydər Əliyevin sərəncamı ilə yazıçı ədəbiyyatın inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edildi. Zəngin yaradıcılıq yolu keçmiş, həyatın acılı-şirinli günlərini yaşamış İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də dünyasını dəyişdi, Fəxri xiyabanda dəfn olundu.
O vaxtdan 19 qış, 19 bahar keçib, hələ neçə onilliklər, qərinələr, əsrlər də keçəcək, nəsillər bir-birini əvəz edəcək, ancaq İlyas Əfəndiyev əfsanəsi heç vaxt bitməyəcək...
Təranə Vahid
Mədəniyyət.- 2015.- 2
oktyabr.- S. 10.