Azərbaycan-Rusiya Regionlararası Forumunda turizm əməkdaşlığı da müzakirə olunub

 

Sentyabrın 30-da Rusiyanın Yekaterinburq şəhərində keçirilən VI Azərbaycan-Rusiya Regionlararası Forumunda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinə nazirliyin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) idarə heyətinin sədrinin müşaviri Müzəffər Ağakərimov, "A La Carte Travel" şirkətinin direktoru Nəsib Usubov və digər şirkətlərin nümayəndələri daxildir.

Forum çərçivəsində Azərbaycan və Rusiyanın turizm sənayesi nümayəndələrinin iştirakı ilə "Turizm sahəsində yeni əməkdaşlıq imkanları" mövzusunda dəyirmi masa təşkil edilib. Dəyirmi masanın Azərbaycan tərəfindən həmsədri Rauf Paşayev Azərbaycanın turizm potensialına həsr olunmuş təqdimatla çıxış edib. Sonra tərəflər turizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Forumun plenar iclasının yekun sessiyasında R.Paşayev dəyirmi masanın nəticələri ilə bağlı qısa hesabatla çıxış edib.

 

Mədəniyyət.- 2015.- 2 oktyabr.- S. 7.