“Təcrübə
müddətində çox şey öyrəndik”
ATMU-nun xarici hotellərdə təcrübə keçmiş tələbələri təəssüratlarını bölüşdülər
Azərbaycan Turizm və Menecment
Universitetində (ATMU) təhsilin təcrübə ilə əlaqələndirilməsinə,
tələbələrin yerli turizm müəssisələrində və xarici ölkələrdə təcrübə
keçməsinə xüsusi önəm
verilir. Tələbələrin xaricdə
təcrübə keçməsi ilə bağlı ATMU
ayrı-ayrı ölkələrin müvafiq
təşkilatları, Azərbaycandakı səfirlikləri ilə
əməkdaşlıq müqavilələri imzalayıb.
Turizmlə məşğul olan qurumlar, o cümlədən
bir neçə turizm
şirkəti də bu məsələdə
ATMU-yə yaxından kömək edir.
Bu əməkdaşlıq tələbələrin keyfiyyətli və hazırlıqlı kadr kimi yetişməsində mühüm rol oynayır. 2014-2015-ci tədris ilində universitetinin 3-cü kursunu bitirən tələbələr üçün 20 həftəlik təcrübə müddəti müəyyənləşdirilib və bütün tələbələr bu təcrübəni keçiblər. Onlardan 47 nəfəri Türkiyə, Şimali Kipr, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Almaniyada, 261 nəfər isə Azərbaycanda istehsalat təcrübəsində olublar.
“Təcrübi biliklərin keyfiyyəti nəzəri biliklərdən asılıdır”
Universitetin bu yay xaricdə təcrübə keçən tələbələrindən bir neçəsi ilə görüşüb təəssüratlarını öyrəndik.
İqbal Aslanlı ATMU-nun turizm və qonaqpərvərlik fakültəsinin turizm və hotelçilik qrupunun 4-cü kursunda təhsil alır. İstehsalat təcrübəsini İstanbulda “The Marmara Taksim” hotelində keçib. Müsahibim deyir ki, təhsil müddətdə bizə öyrədilən biliklər təcrübə zamanı çox köməyimizə gəldi. Təcrübi biliklərin keyfiyyəti nəzəri biliklərdən asılıdır. O cümlədən burada xarici dilləri (ingilis, rus, ispan) öyrənməyimiz həm hotel işinin daha dərindən mənimsənilməsinə, həm də gələn qonaqlara xidmət baxımından xeyirli oldu. Hotel rəhbərliyi də artıq görürdülər ki, biz işin nəzəri cəhətlərini bilirik. Təcrübə müddətində mən də “The Marmara Taksim” hotelin kollektivinin bir üzvünə çevrilməyə və öz xidmətimlə ölkəmizin, universitetimizin adını doğrultmağa çalışırdım”.
İqbal deyir ki, onunla bərabər Türkiyədən də tələbələr təcrübə keçirdilər. Orada Azərbaycan və Türkiyənin turizm təhsilində fərqi görmək olurdu. Onlar daha çox təcrübi biliklərə üstünlük verdiklərindən xidmətdə nəzəri cəhətdən biliklərinin zəif olduğu ortaya çıxır.
Rəfiqə Nuriyeva da İqbal Aslanlı ilə eyni hoteldə istehsalat təcrübəsi keçib. Hotelin “room servis” (otaq xidməti) departamentində, hostess (qonaqların qarşılanma və yola salınması, nömrələrdə yerləşdirmə, hotel üzrə gid), kofe və çay xidmətində çalışıb: “Təcrübə zamanı çox şey öyrəndim. Dünyanın müxtəlif ölkələrindən gələn turistlərlə ünsiyyət qurmaq və müştəri məmnuniyyətini qazanmaq çox vacibdir. Belə təcrübələr biz tələbələrə öz ixtisasımızı daha dərin öyrənməyə müsbət təsir göstərir”.
“Ölkəyə gələn hər bir turistə qayğı ilə yanaşılmalıdır”
ATMU-nun turizm və qonaqpərvərlik fakültəsinin turizm və hotelçilik qrupunun 4-cü kurs tələbəsi Çinarə Həsənova Birləşmiş Ərəb Əmirliklərinin Al Khaiman şəhərində yerləşən “Waldorf Astoria Ras Al Khaiman” hoteldə təcrübə keçib. O da universitetdə aldığı təhsilin təcrübə müddətində böyük fayda verdiyini xüsusi vurğulayır: “ATMU-da təhsilə ciddi önəm verildiyini və bu sahənin ölkəmiz üçün prioritet olduğunu bildiyimdən ali təhsil üçün məhz buranı seçdim. Bu ixtisasa böyük marağım var. Keçirilən dərslər, tədris olunan xarici dillər təcrübə müddətində daha yaxşı biliklər əldə etməyimizə yardımçı oldu. Təcrübə zamanı bizə tez-tez treninqlər keçirdilər. Elə nəzəri məsələlər olurdu ki, mən onları əvvəlcədən bilirdim və cavab verirdim. Onlar soruşurdular ki, bunları haradan bilirsən. Sözsüz ki, bunların hamısını tədris prosesində öyrənmişdim”.
Nurlan İbrahimov da təcrübəsini Birləşmiş Ərəb Əmirliklərində, “Hilton Ras Al Khaiman Resort and Spa Hotel”də keçib. Beş ay davam edən təcrübə müddətində çoxlu biliklər qazandığını deyir, əvvəllər iş prosesinin çətin göründüyünü, sonra yavaş-yavaş öyrəndiyini bildirir: “Çalışdığımız hoteldə ən önəmli məqam turistlərə yüksək səviyyədə xidmət göstərilməsi, onların istəklərinin yerinə yetirilməsi ilə bağlı idi. Öyrəndiyimiz ən vacib məqam o oldu ki, ölkəyə gələn hər bir turistə qayğı ilə yanaşılmalı, onun rahatlığı təmin edilməlidir”.
Aysu Əhmədli isə təcrübə müddətini İsrailin Elat şəhərində yerləşən “Yam Suf” hotelində keçib: “Hotel işi mənim üçün çox maraqlıdır. Burada son dərəcə səbirli olmaq lazımdır. Hər müştərinin fərqli istəkləri olur. Təcrübə üçün İsraili özüm seçdim. Orada çox şey öyrəndim”. Çalışdığı hotelə dünyanın müxtəlif ölkələrində yaşayan yəhudilərin gəldiyini, onların içərisində Azərbaycan yəhudilərinin də olduğunu deyən həmsöhbətim ixtisasına uyğun böyük təcrübə qazandığını deyir: “Ümumiyyətlə, düşünürəm ki, 20 həftəlik təcrübə tələbələrə öz ixtisaslarını dərindən öyrənməyə çox kömək edir. Turizm elə bir sahədir ki, burada nəzəri biliklərdən daha çox təcrübə rol oynayır. Mən bu müddətdə demək olar ki, hotelin bütün işlərini öyrənə bildim. İndi istənilən hoteldə işləyə bilərəm”.
Fəqan Yusifli də
İsraildə, “Royal Beach
Hotel”də təcrübə keçib. Müsahibim birinci kursda Şimali Kipr Türk Cümhuriyyətində
təcrübədə olduğunu deyir: “Hotel işi
mənim üçün çox
maraqlıdır. Şimali
Kiprdə türk əhali, dil probleminin olmaması baxımdan işimiz asan idi. Amma İsraildə
tamam fərqli bir mühit və mədəniyyətlə
qarşılaşdıq. Orada dünyanın müxtəlif
yerlərindən, müxtəlif
mədəniyyətlərə məxsus turistlər daha çox idi. İsrail kiçik ölkə
olsa da, turizm yüksək səviyyədə inkişaf
edib. Təcrübə müddətində çox şey öyrəndim. Düzdür, işimiz ağır idi. Günün çox hissəsini
işdə olurduq.
Amma həm də maraqlı idi”.
Onu da qeyd edək ki, tələbələr
işlədikləri müddətdə
yüksək əməkhaqqı
da alıblar. Bu da onlar üçün
seçdikləri peşənin
ilk qazancı kimi xüsusilə dəyərlidir.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 2
oktyabr.- S. 7.