“Mən Qarabağın Məcnunuyam...”

 

Xalq artisti Mənsum İbrahimov: “Bu səsi, bu nəfəsi o torpaqdan almışam. Ora mənim üçün müqəddəsdir, ülvidir...”

 

İfası kimi söhbəti də şirindi, səmimidi, ruh aynasıdır. Adamın ən dərin düşüncələrinə belə xitab etmək iqtidarındadır. O, dərin oxumaqlarında, ustad Məcnunluğunda, ecazkar muğam ifaçılığında, peşəkar müəllimliyində və ən ümdəsi böyük xəlqi-vətən sevgisində də təkrarsızdır...

Oktyabrın 1-də 55 yaşını qeyd edən, gənc yaşlarından muğam sənətimizin sənətkarına, opera dünyamızın bənzərsiz Məcnununa çevrilən Xalq artisti Mənsum İbrahimovla söhbətləşdik.

“Şöhrət” ordenli xanəndə ömür yoluna səyahəti də elə musiqi sevgisində, Qarabağ nisgilində, Ağdam həsrətində və bütün bunlara ayaq verən sadə şəxsiyyətindəki səmimiyyətində etdi.

 

- Vallah, illər necə gəlib keçir bilmirəm. O qədər başım yaradıcılığa qarışır ki, bircə ətrafımın, dost-tanışların münasibətləri, təbriklərindən sonra yadıma düşür ki, bəs ad günüm gəlib çatıb. Tam səmimi sözümdür, hər doğum tariximdə, yola saldığım hər ilin astanasında Allahıma minnətdarlıq edirəm ki, bu ili də mənə qismət elədi və mən sənətim üçün bu işləri gördüm. Gələn-gedən hər illə həm də qürurlanıram. Çünki gördüyüm işin faydalı, gərəkli olduğunu dərk edirəm. Bax ona görə də o gedən illərə qətiyyən heyfsilənmirəm. Əstəğfürullah, demirəm, mən böyük işlər görmüşəm. Mən belə hislərdən uzaq adamam. Amma xalqıma, dövlətimə və təbii ki, öz ömür əmanətimə bildiyim, sevdiyim, xalqın sevgisini qazancım edən işlə məşğulam.

- Sənət adamlarının zamanla ünsiyyəti bir ayrı ovqatda olur. Burada gecikib-tələsmədən çox əbədiyyət sevdası da baş qaldırır. Sizin üçün sənət və bayat zamanlaması nə anlamlara köklənir?

- Zaman bizim yaralı yerimizdir (gülür). Amma bu, həqiqətən, belədir. Opera yaradıcılığı, konsertlər, pedaqoji iş hamısı birlikdə zamana sığmağa məhkumdur. Həm də işi sadəcə iş xatirinə görmək xarakterimə yaddır, hər nəsnədə canım, ruhum olmasa mən olmaram. Ona görə də zamanla tez-tez “mübahisələr” edirəm və sonda ən yaxşını ortaya qoymağa çalışıram. Bu barədə məndə prinsipiallıq var.

Bu gün sevinirəm ki, tələbələrim Milli Konservatoriyada artıq mənim müəllim yoldaşlarımdır. Erkən yaşda fəxri ad alanından opera solistinə, sevilən ifaçıyadək xeyli sayda tələbəm var və bu, mənim üçün böyük sərvət, zamanla qovğamda qazancdır.

- Zamanla dialoqda illərdi sevərək ifa etdiyiniz Məcnun obrazına münasibətiniz dəyişməyib ki?

- Məcnun zamana sığmayan aşiqdir. Çünki o, iki dahinin əsəridir və xalqımız uzun əsrlər onun eşqinə valeh olacaq, hər yetişən ifaçılar nəsli o obrazda özünü təsəvvür edərək səhnəyə, sənətə, muğama aşiq olacaq. Mənim bu obrazda ifama gəlincə, yəqin ki, yavaş-yavaş çəkiləcəyəm, istəyirəm ki, daha çox gənclər oynayıb özlərini göstərsinlər.

- Bunu Məcnundan yorulmaq saymaq olarmı?

- Yox, əsla. Heç vaxt ondan yorulmaram. Çünki o obraz mənim həyata baxışımı dəyişib, məhz Məcnun məni geniş tamaşaçı auditoriyasına sevdirib.

- Zaman-zaman bu obraza müxtəlif simalar gəldi və hər ifaçı o obraza öz yolunu yarada bildi. Bəs sizin Məcnunun fəlsəfəsi nədir?

- Bizim operada bu iki obraz - Leyli və Məcnun hər zaman gündəmdə olub. Çünki hər bir sənətkar istər ki, heç olmasa bir dəfə bu obrazları ifa etsin. Səhnədə Məcnun olmaq çətindir. Çünki burada ifaçılıqla, səslə yanaşı obrazın daxilinə varmaq da vacibdir. Sənin görkəmin də, hərəkətlərin də, obrazı yaşamağın da kompleks şəkildə Məcnun olmalıdır. Tamaşaçı səni səhnədə Məcnun kimi xatırlayıb qəbul etməlidir və bu zaman Mənsum İbrahimovun xanəndəliyi tamamən unudulmalıdır. Bu olmasa, ya sən zəif oynayırsan, ya da tamaşaçı hazırlıqsızdır. Ona görə də tarix boyu tamaşaçı barmaqla sayılacaq Məcnunları qəbul edib sevə bilib.

- Burada əsas məqam da Məcnunun Leylisi ilə səhnə dialoqunun uğurundadır. Sizin üçün hansı Leyli ilə səhnə dialoqu maraqlıdır, uğurludur, rahatdır?

- Səkkiz xanım ifaçıyla tərəf-müqabil olmuşam və onların hər biri sevimli sənətkarlardır. Məcnun kimi 131 dəfə səhnəyə çıxmışam və onun 80 faizini Xalq artisti Nəzakət xanım Teymurova ilə oxumuşam. Bütün böyük tədbir və qastrollarda, festivallarda onunla tərəf-müqabil olmuşam. Onun səsinin qeyri-adiliyi, bir az çalarlarının Rübabə xanıma oxşaması, özünün obrazı yaşaması tamaşaçını daha çox cəlb etdiyindən bu tandem yaranıb.

- Yaşınızın bu məqamında yüksək fəxri ad, böyük xalq sevgisi... Mənsum müəllimin arzuları nədir?

- Bu gün dövlətimizin muğama xüsusi qayğı və diqqəti var. Bu mənada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşan layihələri xüsusi qeyd etmək lazımdır. Muğamımızın dünyada tanınmasında, təbliğində, ən yüksək salonlarda səsləndirilməsində Mehriban xanımın səyləri danılmazdır.

Əlbəttə, mən dövlətimizdən, Prezidentimizdən, Mədəniyyət və Turizm Nazirliyimizdən çox razıyam. Onlar sənətkara, işləyən, zəhmət çəkən sənət adamlarına daim dəstək verirlər, onları dəyərləndirirlər.

İnanın ki, zaman keçdikcə mənə verilən təltifləri ya efirlərdən, ya da dostların zənglərindən xəbər tutmuşam, özümü işimə həsr edərək fəxri ad üçün çalışmamışam. Təbii ki, bu fəxri adlar sənət adamları üçün stimuldur. Mənə verilən adlar da sənətimə, zəhmətimə böyük qiymət kimi məni sevindirib, qürurlandırıb, həm də məsuliyyətimi artırıb. Mən o fəxri adla yaşamamışam, onu bir müddət sonra unudaraq işimə daha dərindən bağlanıb, daha məsuliyyətlə çalışmışam. 50 yaşında “Şöhrət” ordeni alan nadir ifaçılardanam və müstəsna hal kimi verilən bu adı doğrultmaq üçün daim çalışıram. Amma sualınıza cavab olaraq deyim ki, mən fəxri ad üçün çalışsaydım, deməli, artıq dayanmalı idim. Əksinə, bu gün mənim ürəyimdə elə böyük arzular, o qədər yeni layihələr var ki, onları zamanla reallaşdırmağa çalışıram. Çünki bizim ardımızdan gənclik ordusu gəlir və o nəsillərin yetişib püxtələşməsi üçün istər sənətçi, istərsə də pedaqoq kimi onlara öz dəstəyimizi göstərməyə məcburuq.

- Gənclərdən söz düşmüşkən, bugünkü muğam və ona gənclik axını barədə nə deyərdiniz? Nəzərə alsaq ki, sizin muğama gəldiyiniz dövrdə bu sənətə münasibət başqa idi...

- Bizim dövrümüzdə muğama fədakarlar, sözün tam mənasında, fanatlar gəlirdi. Məsələn, mən uzun müddət opera teatrında, o vaxtın pulu ilə desək, 80 rubla çalışırdım və heç toy məclislərinə də getmirdim. Amma sənətə olan məhəbbət məni orada saxlayırdı. O zaman meydan belə geniş deyildi, senzura güclü idi, bir dövlət kanalı və gənclərə qısqanclıqla yanaşan fərdlər var idi. Amma bu gün istənilən şərait var və onlara özlərini nümayiş üçün hər cür imkan yaradılıb. Qalır çalışmaq və sənətə sevgini nümayiş etdirmək.

- Muğam sənətinə gələn gənclərin sayı zamanla dəyişir. Bu nə ilə əlaqədardır?

- Zaman hər şeyi yoluna qoyacaq və o axının gətirdikləri də ələnəcək və təsadüflər kənarda qalacaq. Bu mənada axından qorxmaq lazım deyil. Ən azı onlar muğamı yaxşı biləcək, savadlı dinləyici olacaq.

- Uzun illərdir pedaqoji fəaliyyətlə məşğulsunuz. Yeni nəsil oxuyub öyrənməyə meyllidirmi?

- Bizim sənətimiz şifahi professional sənət olduğundan tələbə daha çox müəlliminin ifası ilə öyrənir. Ona görə də onun ilk baxışda müəllimini yamsılaması təbiidir. Zaman keçdikcə əgər o öz yolunu tapmırsa, bu onun qüsurudur və yarı yolda qalması labüddür. Odur ki, hər ifaçı öz səsinə, nəfəsinə uyğun ifa yolu, çaları tapmalıdır. Bunun üçün, maşallah, hər cür şərait də var, texniki imkanlar da. Qalır zəhmətsevərlik və öz üzərində çalışmaq. Bu gün bax o yolu keçən kifayət qədər gənclərimiz var və onların fəaliyyəti ürəkaçandır.

- Muğamın beşiyi Qarabağ işğaldadır və vaxtilə o ocaqdan pöhrələnən səslərin də say sırası azalır...

- Qarabağ muğam üçün səs mərkəzi, bazası olub. Bunu kəmiyyət etibarilə götürdükdə də aydın görürük. Bu gün başqa bölgələrimizdən də gözəl səslər gəlir və gələcək də. Amma Qarabağın səsi həmişə seçilib və bu faktdır. Tamamilə doğrudur, işğaldan sonra o səslər xeyli azalıb. Qarabağdan kənarda yaşamağa məcbur olan insanların uşaqları, təbii ki, o səslə oxumayacaq. Ara-sıra genində olanlardan o səslər gəlir, amma bu çox azdır. Ona görə də biz bu ağrını muğamımızda hiss edirik zaman-zaman.

- Təəssüf. Muğam və Qarabağ nisgili, Ağdam həsrəti sizə nələr deyir və bu düşüncələrə hansı muğam üstündə köklənirsiniz?

- Əlbəttə, bu ağrıdır və ürəyimin ən dərin yerində qaysaqlamayan yaraya çevrilib. Mən bu səsi, bu nəfəsi o torpaqdan almışam və var olduğum müddətdə də o bənzərsiz torpağa sevgim məni tərk etməyəcək. Ağdam yanğımı cəbhə bölgələrinə, səngərlərə səfərlərlə, düşmənlə üz-üzə xidmət edən, yaşayıb-yaradan insanlarla təmasda soyutmağa çalışıram. Özüm üçün hələ də ayırd edə bilmədiyim bir hikmət də var: hansı əhval və səhhətdə olmağımdan asılı olmayaraq, Qarabağa gedəndə qanad alıb uçmağım gəlir. Bəlkə də psixoloji haldır, amma mən Yevlax körpüsünü keçən kimi möcüzəli bir şəkildə səsim açılır, ruhum havalanır, ürəyim daha sürətlə döyünür. Çünki mən Qarabağın Məcnunuyam, ora mənim üçün müqəddəsdir, ülvidir. Və hər bu hala düşəndə “Qarabağ şikəstəsi” dolaşır dil-dodağımda. Çünki bu mənim vətənimin harayıdır, səs-sədasıdır.

- 55 yaşınızı Ağdamda qeyd edəcəyinizi deyirsiniz. Deməli, ruh artıq ordadır?

- Bəli, mən öz doğum günümü köçkünlərlə, əsgərlərlə birgə qeyd edəndə ruhuma gözə görünməyən bir əl sanki sığal çəkir, ürəyim rahatlıq tapır. Həm mənim, həm də düşmən gülləsi altında yaşayan, qəhrəmancasına mübarizə aparan insanların buna, bu birbaşa ünsiyyətə ehtiyacı var.

 

Söhbətləşdi: Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2015.- 2 oktyabr.- S. 6.