Lənkəranda yeni teatr mövsümü başlayıb

 

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı özünün 125-ci mövsümünə başlayıb. Bu münasibətlə keçirilən mərasimdə teatrın direktoru Tofiq Heydərov, quruluşçu rejissor Adil Zeynalovaktrisa Şahrud Mehdiyeva çıxış edərək kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən, yeni yaradıcılıq planlarından danışıblar.

Bildirilib ki, 2015-ci ildə Lənkəran teatrının həyatında əlamətdar hadisə baş verib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə müəssisə aparıcı teatr statusu alıb, kollektivdə çalışan işçilərin əmək haqqı artırılıb.

Hazırda teatrda Əməkdar artist Təvəkkül Əliyevin quruluşunda uşaqlar üçün iki səhnə əsərinin - “Göyçək Fatma” və Şarl Perronun “Qırmızı papaq” nağıl-tamaşalarının məşqləri gedir.

Lənkəran teatrı İranın Tehran şəhər teatrı ilə əməkdaşlığa başlayıb. Tehrandan dəvət olunmuş rejissor Xeyrulla Tağıpur teatrda fars dramaturqu Bəhram Bizayininİlan Sultan” əsərini tamaşaya hazırlayır. Bu tamaşa qarşılıqlı surətdə həm İranda, həm də Lənkəranda oynanılmaqla yanaşı, gələn il Tehranda keçiriləcək Beynəlxalq Fəcr Festivalında da təqdim olunacaq.

Yaxın vaxtlarda teatrın baş rejissoru Tural Mustafayevin quruluşunda Kamal Abdullanın “Unutmağa kimsə yox” əsərinin məşqləri də başlanacaq.

Tədbirdə səmərəli səhnə fəaliyyətinə görə teatrın aparıcı aktrisası Aynur Əhmədovaya Fəxri fərman təqdim olunub.

Sonra rus dramaturqu Lev Korsunskinin “Kələkbaz” komediyası əsasında hazırlanmış yeni tamaşa sənətsevərlərə təqdim olunub. Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi bu səhnə əsərinin quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovundur. Əsas rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Sayad Əliyev, Allahverən Babayev, Miraslan Ağayev, Zemfira Əhmədova, Qızılgül Quliyeva və Təranə Əzizova ifa ediblər.

 

Ağaddin Babayev,

Lənkəran

 

Mədəniyyət.- 2015.- 2 oltyabr.- S. 5.