Vəfa şərqili xatirə gecəsi

 

Xatırlanmaq gözəldir, həm də kədərli. İstər xatırlayan, istərsə də xatırlanan üçün. Əgər o xatırlatma nisgil dolu, qəm yüklüdürsə, adam xatirələrin əlində boğulur, kədərin qoynunda qısılıb kiriyir.

 

Elə onun da xatirə gecəsi bu notlarda idi. Salonun yuxarı başında ağ-qara fotoşəkildən üzündəki illər öncənin təbəssümü ilə ətrafa məğrur baxışlar saçan gözəl qadın ona dikilən kədər yüklü böyük sevgidən necədə xürrəm görünürdü. Buna haqqı da var. Çünki o, çox qısa, vəfasız ömürdə sənətə, səhnəyə vəfa ilə xidmət etmişdi. Belə olmasaydı, ölümündən bizləri ayıran 28 illik zaman məsafəsində təzə-tər xatirələr, xoş bahar rayihəli yaddaş işığında anılmazdı. Bu mənada kimin nə deməsindən, hansı kədərə qapılıb onun taleyinə ağrımasından asılı olmayaraq o, xoşbəxt sənətkardır. Səhnə səadəti və tamaşaçı məhəbbətində...

Sentyabrın son günü Akademik Milli Dram Teatrındakı auditoriya illərdi adı afişalardan silinən, səs-sədası qocaman teatrın divarlarına çökən, təsviri sənət ocağının foyesində gedib-gələnləri süzən sevimli aktrisa, gözəl xanım, şaqraq insan, Əməkdar artist Vəfa Fətullayevanın 70 illik yubileyinə toplaşmışdı.

Xatirələrin çözələndiyi, Vəfalı günlərin vərəqləndiyi çıxışlarda sənətdə keçən ömrün zamana tabesizliyi, əsl sənətin əbədiyaşarlığı özünün isbatını yenidən tapdı.

Əvvəlcə Vəfa xanımın həyat və yaradıcılıq məqamlarını əks etdirən qısa film nümayiş olundu.

Mərasimin aparıcısı teatrşünas, professor Məryəm Əlizadə vaxtilə dostluq etdiyi, səmimi münasibətdə olduğu aktrisanın həyat və obrazlar qalereyasına nəzər saldı. Onun xoşbəxt aktrisa, sevilən qadın, bənzərsiz insan olduğunu dedi: "Vəfa uşaq kimi saf idi, təmiz idi. Vəfa həm sevdi, həm də sevildi. O, 28 ildir bizim aramızda yoxdur. Amma unudulmayıb, xatırlanır. Onu həyatda görməyənlər belə bu xanımı, gözəl aktrisanı çox sevirlər. Deməli, o, xoşbəxt sənətkardır".

1970-ci ildən Akademik Milli Dram Teatrında çalışan və ilk dəfə uşaq ikən çıxdığı doğma səhnəyə ömrünün sonunadək sadiq qalan aktrisanın rollar qalereyası sadalandıqca bənzərsiz ifalarından fotovideokadrlar nümayiş olundu. Milli Dram Teatrının səhnəsində İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Fəridə, "Mahnı dağlarda qaldı" tamaşasında Gülgəz, M.F.Axunzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Şərəfnisə, M.İbrahimovun "Kəndçi qızı"nda Bənövşə, Anarın "Sizi deyib gəlmişəm" əsərində Zeynəb, televiziya tamaşalarında yaddaqalan obrazlar canlandıran aktrisanın özünəməxsus oyun üslubundan, obraza nüfuz imkanlarından danışıldı.

Teatr Xadimləri İttifaqının sədri, Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemət Vəfa Fətullayevanın Azərbaycan teatrının görkəmli xanım aktrisalarından biri olduğunu, qısa zaman ərzində səhnədə öz izini salmağı bacardığını vurğuladı. Onun fərqli obrazlar qalereyasını daxildən gələn zəngin ifaçılıq bacarığı ilə bir-birindən köklü surətdə fərqləndirmək istedadından söz açdı: "Vəfa xanım oynadığı rolların öhdəsindən gələn, maraqlı fikirləri olan, ehtiraslı, çılğın xanım olub. Mən və valideynlərim bu ailə ilə çox yaxın olmuşuq. Mən Hökümə xanımla yaxınlıq etməyə həmişə çəkinərdim. Bizim onunla münasibətlərimizin kökü də məhz Vəfa xanımla bağlıdır. Vəfanın böyüklüyü indi görünür. O, qrimdən, qeyri-adi bəzəkdən istifadə etməzdi. Vəfa obrazı səsi, baxışı ilə dəyişərdi".

Xatirə gecəsində daha bir səmimiyyət dolu çıxışı Xalq artisti Flora Kərimova etdi. Vəfa Fətullayeva ilə bağlı fikirlərini bölüşən sənətkar aktrisanın sənətinin qüdrətindən, xanımlığının cazibəsindən, ifaçılığının özünəməxsusluğundan bəhs etdi.

İllər öncənin xatirələri bir də aktrisanın yaxın dostu və tərəf-müqabili olmuş Xalq artisti Ramiz Məlikin tutqun, kədərli notlu nitqində dilləndi. Söz sırası xalq artistləri Əminə Yusifqızı, Sükufə Yusupovaya gəldi. Onlar da Vəfa xanımın şəxsiyyəti və sənətkarlığı barədə təəssüratlarını bölüşdülər.

Sənətkarın ailəsi adından çıxış edən bacısı nəvəsi tədbirin təşkilatçılarına, illər keçməsinə baxmayaraq, onu unutmayan tamaşaçılarına minnətdarlığını bildirdi.

 

Həmidə

 

Mədəniyyət.- 2015.- 2 oktyabr.- S. 4.