Gəzər-güzari
rus şairi
Ryazanlı,
bakılı, xorasanlı, peterburqlu... Sergey Yesenin
Ötən əsrin əvvəllərində yazıb-yaratmış, adı dövrünün poeziya nəhənglərilə (Blok, Mayakovski) bir sırada çəkilən, ən lirik və sözün obrazlı anlamında ən “tipik” rus şairlərindən hesab olunan bu şair 1924-1925-ci illərdə Bakıda, Mərdəkanda yaşamış və elə yaradıcılığının ən məhsuldar dövrü də, demək olar, bu ünvanlara təsadüf edir.
Şair 20 iyun 1924-cü il tarixli məşhur “romanvari” tərcümeyi-halını da Bakıda ikən yazıb. Talecə rus ədəbiyyatının “qəribələri”ndən sayılan Yesenin haqda bütün müasirlərindən daha real və… idillik nüanslar oyadan və “mənim həyatımın burdan beləsi şeirlərimdədir” fikri ilə bitən həmin tərcümeyi-haldan -
Fraqmentlər:
“Mən 1895-ci il sentyabrın 21-də (yeni tarixlə oktyabrın 3-də) Ryazan quberniyası Kuzmino vilayətinin Konstantinovo kəndində anadan olmuşam. Atam - kəndli Aleksandr Nikitiç Yesenin, anam isə Tatyana Fyodorovnadır.
Uşaqlığım kəndin Matovo adlanan hissəsində, ana tərəfdən nənə-babamın yanında keçib. İlk xatirələrim üç-dörd yaşım olan vaxtlara aiddir. Meşə, böyük arxlı yol xatirimdədir; nənəm bizdən təxminən 40 verst aralıda yerləşən Radovetski monastırına gedir. Mən onun gah ətəyindən, gah əlindəki əsadan yapışıb, yorğunluqdan ayaqlarımı zorla sürüyürəm. Nənəm isə hey deyir: “Gedək, quzum, Allah xoşbəxtlik verər, gedək...”
Bizim evdə tez-tez kəndləri dolaşan
korlar yığışar, gözəl cənnət
barəsində, Lazar, Mikola
və naməlum şəhərdən gəlmiş nurlu qonaq-adaxlı haqda dini şeirlər söylərdilər. Dayəm
mənə nağıllar danışar, babam
mənimçün köhnə, cansıxıcı, qəmgin
mahnılar oxuyardı.
Mənim küçə həyatım isə evdəkinə bənzəmirdi. Dəcəl yaşıdlarımla camaatın bostanına girərdik. Evə qayıdanda isə cəzalandırılardım.
Ailəmizdə bir ürəkkeçməli və məni həddən çox istəyən bir dayım da vardı ki, onlar birləşib məni 12 yaşımda ikən yerli kənd məktəbindən çıxarıb müəllimlər məktəbinə verdilər; istəyirdilər ki, mən kənd müəllimi olum. Xoşbəxtlikdən, onların ümidləri, daxil ola bilmədiyim instituta qədər uzandı.
Oxumağı beş yaşımda öyrətmişdilər, şeir yazmağa isə doqquz yaşımdan başladım.
Şairlərdən daha çox Lermontov və Koltsovu bəyənirdim. Sonralar Puşkinə meyl saldım. 1913-cü ildə azad dinləyici kimi Şanyavski Universitetinə daxil oldum, il yarımdan sonra, maddi vəziyyətlə əlaqədar, kəndə qayıtmalı oldum. “Radunitsa” adlı şeirlər kitabını yazdım. Şeirlərdən bir neçəsini Peterburq jurnallarına göndərdim, cavab almadıqda özüm oraya getdim. Qorodetskini axtarıb tapdım və o məni olduqca səmimi qarşıladı. Tezliklə mənim haqqımda danışmağa və dərhal çap etməyə başladılar. Bunlar 1915-ci ilin baharında baş verdi. 1917-ci ildə Z.N.Rayx ilə evləndim. 1918-ci ildə onunla ayrıldım və 1918-21-ci illərdə - bir çox ruslar kimi, mənim də sərgərdan həyatım başladı. Krımda, Bessarabiyada, illərlə Türküstanda, Qafqazda, İranda, Orenburq çöllərində, Murmansk sahillərində, Arxangelskdə, Solovkidə... oldum. 1921-ci ildə A.Dunkan ilə evləndim və İspaniyadan başqa, bütün Avropanı gəzdikdən sonra Amerikaya getdim.
Mən hər şeydən əvvəl, təbii olanı sevirəm. Sənətkarlıq mənim üçün naxışların təmtəraqlılığı deyil. Hesab edirəm ki, şair hansısa müəyyən bir məktəbin arxasınca getməyə də bilər; bu, onun əl-qolunu bağlayar. Yalnız azad sənətkar azad söz deyə bilər.
Budur mənim “tərcümeyi-hal”ıma aid olan qısa, sxematik məlumatlar. Burada hər şey deyilməyib. Düşünürəm ki, özümə yekun vurmaq hələ tezdir. Mənim həyatım və yaradıcılığım hələ qabaqdadır”.
Bu “tərcümeyi-hal”a ayaq verərkən “qalanı mənim yaradıcılığımdadır” qeydi də vardı və indi həmin mənbə-məxəzə keçmək gərək.
Görək o şeirlər nə deyir...
Yuxarıda işlətdiyim “qəribə rus şairi” ifadəsinin “müdafiəsi” üçün gərək aşağıda bu faktları sintezləşdirək; sağlığında 30-a yaxın kitabı nəşr olunmuş bu şairin həyatında təxminən elə o qədər qadın olmuşdur. Onlardan lap axırıncısı olan Sofyanın soyadı (Tolstaya) zaman-zaman çox oxucusunun fikrini çaşdırıb (hələ ağcaqayın ağacını “özgə arvadı tək qucaqlamaq” istəyini demirik)...
Öz qafa qabına sığmazlardan olub Yesenin. Onun ünvanına “...daim ora-bura vurnuxan, gah başında başdan-başa lirika, gah əynində ala-bəzək siyasi köynək - öz səsinə və sifətinə heyranlıqla qələbəliyə doğru yürüyüb-oxuyan bir melanxolik” kimi ifadələr də işlədilib. Bəzi qənaətlərə görə, o, mərhum şairlərlə daha çox “ünsiyyət” qururmuş, nəinki ətrafındakı canlı insanlarla. Hətta onun “Sağlıqla qal, şəhərli dost” kimi xitablarında belə, hər hansı bir İvanın yox, hansısa növbəti Marusyanın dayandığını deyənlər var...
Bəs, araşdırıcı və tənqidçilərin bu qədər “töhmət”indən sonra bu adama sağlığında qədərsiz məhəbbət, yoxluğunda bənzərsiz oxucu rəğbəti hardan? Bəzi Sergeysevər-Yeseninşünasların yarı yazılı-yarı şifahi rəylərinə istinadən deyə bilərəm ki, sağlığında “üzündə şeytan tükü” olması, yoxluğunda - şeirlərinin idiomatik (bəzən, hətta, sözün aşiqanə çalarında - “idiot”ik!) yükü səbəbindən...
Məsələn (rus sevgilərini vəsf etdiyi şeirləri çoxdur deyə, bizə dairlərindən);
Asta-asta
gəlir bir pəri səsi,
Elə bil Həsənin ney səsidir
o.
Nə bir tər əndamın
gizlədilməsi,
Nə də həyəcana düşməsidir o -
Dinləyin, Həsənin ney səsidir o...
Yaxud, məsələyə, yuxarıda
- “tərcümeyi-hal”ında ixtisar etdiyim “Xaricdən qayıtdıqdan
sonra mən öz ölkəmə və baş verən hadisələrə
artıq başqa gözlə baxırdım”
sözlərindən yanaşaq:
Parlaq işığıyla yeni
ziyayla
İndi
nur saçsa da taleyim mənə,
O qızıl şalbanlı
alçaq daxmanın
Şairi
olaraq qalıram yenə...
Məni
bu yenilik sıxsa da, nə qəm,
Duyduğum nəğməni hazıram
deyəm;
Sevimli Vətəndə - sevib ürəkdən
Qoyun rahat-rahat ölüb gedim mən...
Ölümünün hələ də intihar, ya qətl olduğu
bilinməyən bu şairi “Ölüb gedim mən” bəyanına gətirən
səbəblər vardı
ki, bunlardan biri də öz
kəndini sovetlərin
sənayeləşdirərək “kənd-kəsək” ruhundan
uzaqlaşdırmaları idi:
Ey, Sən, - mənim Rusiyam!
Atalarının qanlı yollarıyla
Çox uzun sürə yürüdün.
Sənin
fələk-fəlakətdən
Və ürək acısından
çəkdiklərinə
Ağcaqayınlar belə;
“Artıq yetər!” deməkdə...
Şair
bu mövzunu “Təpədən komsomol aşağıya enir” misrası ilə başladığı şeirində
belə davam etdirir:
Və endikcə ağzında bir şərqi oxuyur -
Partiyasının şərqisini.
Amma... hansı şeytan dürtdü məni,
Bu misraları kim
söylətdi mənə,
Yoxsa mən xalqlamı birləşdim?..
Bu siyasi “logikalar” imkan verməyib ki, Vətəninin xeyli ögey baxdığı bu gənc Sergey çoxlu-çoxlu
bu sayaq lirikalar yazsın:
Pəncərəmin önündə
Ağcaqayın görünür.
Gümüşdəndir elə bil,-
Bəyaz qara bürünüb.
Salxım
budaqlarında
Qar donubdur şaxtadan.
Sallanan saçaqları
Sanki bəyaz baltadan...
Və bu “həryerli” şairin -
Bakı
dövrü
Müəyyən fasilələrlə Bakıda
keçirdiyi 4-5 aylıq
müddəti Yesenin yaradıcılığının
ən məhsuldar mövsümü adlandırmaq
olar. Yeseninşünaslar isə bunu onun “qızıl dövrü” kimi səciyyələndirir, Puşkin
yaradıcılığının “Boldino payızı” ilə müqayisə edirlər. 1924-1925-ci illər
Bakı dövründə
Yeseninin mətbuatda 48
şeiri, 3 poeması dərc edilmiş, dövrün “sevgi-məhəbbət
poeziyası”nda xüsusi
yeri olan və Yeseninin sevgi himni sayıla
biləcək “İran
nəğmələri” silsiləsindən
bir sıra şeirləri burada yazılmışdır. Həmin
“İran nəğmələri”
ilə bağlı söz-söhbətlər (şairin
Bakını İran şəhəri hesab etməsi və s.) geniş söhbət olduğundan, bu gözəl şairin 120 illik yubileyilə bağlı yazımızı
“salyut!” nidası ilə sonlayaq.
Tahir Abbaslı
Mədəniyyət.- 2015.- 7 oktyabr.- S. 15.